Valideynlər
övladları arasında
ayrı-seçkilik
qoymamalıdırlar
Psixoloq məsləhəti
Valideynlər övladlarının sayından asılı olmayaraq təmənnasız və əbədi
sevgi ilə onları sevirlər. Hətta onlar belə bir bənzətmə
verirlər: "Beş barmağım var, hansını kəsərəmsə, incidər".
Tarixən valideyn-övlad sevgisinə dair müxtəlif fikirlər var.
Valideynlər çox zaman
ilk uşağın, bəziləri isə
ailənin sonbeşiyinin daha
sevimli olduğunu qeyd edirlər. Normal valideyn sevgisinə malik olan ata və ana övladlarını seçmədən və
hər hansı bir fərqlilik qoymadan sevməli və onlara
bu sevgini göstərməyi
bacarmalıdır. Müxtəlif valideyn
tipləri var: sevgisini
göstərə bilən və göstərməyən, valideynlik hissiyyatı yüksək olan və ya olmayan və s. Bəzən
valideyn övlad sahibi olmaq anında özünü həmin situasiyaya
tam hazır hiss etmir. Onun valideynlik
hissiyyatı bu zaman
yaxşı inkişaf etmir.
Belə hal əsasən ilk
övladın dünyaya gəldiyi zaman olur. Həmin ata-ana bəzən də ikinci
övladı dünyaya gəldikdə tamam fərqli hisslər keçirirlər. Bəzi valideynlər çox təəssüf
ki, uşaqları arasında fərq qoymağa başlayırlar.
Ətrafdakıların tənqidlərinə cavab
olaraq bu yanlış
hərəkətlərini "bu uşaq çox qurudur... digəri isə adama
yovuşur... öpür,
qucaqlayır" kimi sözlərlə izah edirlər. Uşaqlar
arasında ayrı-seçkilik qoyulmasının səbəblərini
psixoloji baxımdan bu cür şərh edə bilərik:
* Valideynlik
hissiyatının natamam olması.
* Uşaqlar
arasında cinsi ayrı-seçkiliyin
qoyulması.
* Uşaqların neqativ xatirəli qohumlara bənzədilməsi.
* Uşaqlardan
hər hansı birinin valideynlərindən
birinə daha çox
bənzəməsi.
* Uşaqda
utancaqlıq, adaptasiya problemlərinin
müşahidə olunması.
* Uşaqda
ünsiyyət çətinliklərinin olması.
* Ailədə digər
övladın diqqətçəkmə mexanizminin
güclü olması.
* Uşaqlardan
birinin həddindən artıq
davranış problemli olması.
* Uşaqlardan birinin
daha sakit olması.
* Uşaqlara dünyasını
dəyişən nənə-baba
adlarının qoyulması.
* Uşaqlar arasında
doğmalıq olmadıqda.
Ailədə
yeni övlad dünyaya gələn kimi valideynlərin diqqəti ona yönəlir, alınan hədiyyələr daha çox onun üçün olur, gələn qonaqlar həmin körpəyə
diqqət göstərirlər. Bu zaman diqqətdən kənarda qalan böyük uşağın
psixoloji durumunu düşünən valideyn və ya qohumlar az
olur. Məhz bu andan etibarən
dünənədək gününün
böyük hissəsini
ona ayıran valideynlərinin niyə diqqətin, qayğının
digər uşağa yönəldiyinin səbəbini
anlamayan uşaq "valideynlərim məni sevmirlər, qardaşımı
və ya bacımı məndən
daha çox sevirlər" düşüncəsi
ilə psixoloji travma yaşayırlar. Valideynlər
isə bunun fərqinə çox gec varırlar. Həmin uşağın əvvəlcə
qardaşının və
ya bacısının
oyuncaqlarını vurmasını,
onun üzünə əl atmasını, paltarlarını tullamasını
uşaq şıltaqlığı
kimi qəbul edən valideynlər övladları arasında
qısqanclığın yaşanıldığından
çox gec xəbər tuturlar. Zaman keçdikcə uşaqlar
arasındakı qısqanclıq
oyun situasiyasında özünü daha qabarıq göstərməyə
başlayır. Valideynlərinin diqqətindən uzaqda qaldığını hesab
edən uşaq oyun zamanı bütün oyuncaqlara sahiblənir, heç kimlə paylaşmır, təklikdə oynamağa meyl göstərir, tez-tez digər uşağı qıcıqlandırmaqdan
zövq alır.
Belə uşaqlar valideynlərinin
ondan uzaq olduğu anlarda daha böyük davranış problemləri
ortaya çıxarırlar.
Sadaladığımız
əlamətlər göründüyü
qədər də yüngül problemlər deyildir. Məhz valideyn diqqətsizliyi nəticəsində uşaqlar
arasında yaranmış
qısqanclığın aradan
qaldırılması üçün
bir çox hallarda psixoloqlar ailə ilə birlikdə illərlə iş aparmalı olurlar. Uşaqları arasında qısqanclığın
yaranmaması üçün
valideynlərin aşağıda
qeyd olunanlara diqqət yetirmələri
daha məqsədəuyğun
olar:
1. İlk övladınıza
onu sevən yeni bir qardaş
və ya bacının gələcəyi
haqqında nağıllar
danışın.
2. Səhərlər uşağınızın yatağına
kiçik açıqca
qoyun və ona: "yeni körpəmiz göndərib"
- deyin.
3. Övladınızı yeni dünyaya gələcək körpənin
adından salamlayın.
4. Doğulacaq körpənin
əşyalarını övladınızın
seçməyinə imkan
yaradın.
5. Doğulmamışdan öncə və ondan sonra "Bu sənin qardaşındır və
ya bacındır"
deməyi unutmayın.
6. Yeni doğulmuş
körpəyə qulluğu
onunla birlikdə edin. Övladınızı
tərifləyərək "Afərin, bunu sən etdin" - deyin.
Ailədə
bəzi hallarda övladlarının psixi
inkişafında, fiziki
göstəricilərində, görünüşündə və.s məsələlərdə
fərqlər müşahidə
olunduğu halda valideynlər uşaqlarının
ala biləcəyi psixoloji
travmadan xəbərdar
olmadan onları müqayisə etməyə
başlayırlar. Çox
zaman birinin yanında digərinə
"Sən dünyanın
ən ağıllı
qızısan", "Sən
çox gözəlsən"
kimi ifadələr
səsləndirirlər. Əslində
valideyn xəbərsizdir
ki, situativ işlətdiyi bu kəlmələr digər
övladında aşağıdakı
problemləri yarada bilər:
1. Özünəinam hissinin azalması.
2. İnamsızlıq.
3. Valideynlərə qarşı
küskünlük.
4. Qardaş-bacı qısqanclığı.
5. Komplekslər.
6. Natamamlıq hissləri.
7. Aqressiya və
daxili gərginlik.
8. Neqativizm (Uşaq "mən
onsuz da yaxşı uşaq deyiləm" - deyə düşünür).
Qeyd etdiyim kimi, övladların fərqləndirilməməsi
və onların yaxınlaşdırılması əsas məqsədlərimizdən
olmalıdır. Valideynlər
əgər bu məsələyə etinasız
yanaşıblarsa və
nəticədə uşaqları
arasında ayrı-seçkilik
yaranıbsa, bu zaman aşağıdakı
nüanslara diqqət yetirməlidirlər:
* Övladlarınızdan birini digərinin yanında tərifləyib
və ya tənqid etməyin.
* Uşaqlarınızla eyni səs tonunda
danışın.
* İstifadə etdiyiniz
əzizləyici sözləri uşaqlar
arasında çox fərqləndirməyin.
* Övladlarınızla birlikdə oyun oynayın.
* Hədiyyə aldıqda
onu fərqləndirməyin.
* Hədiyyələrin "bizim" olduğunu vurğulayın.
* Uşaqlarınızın bir-birinə hədiyyələr
verməsinə şərait
yaradın.
* Övladlarınıza bir-birlərinə xoş arzular yazmalarını öyrədin.
Bir
psixoloq kimi sonda valideynlərə tövsiyəm budur ki, övladlarınız arasında ayrı-seçkilik
qoymayın. Bu zaman
övladlarınız sizi
daha çox sevəcəklər!
Aidə
NƏBİYEVA,
Müasir
Psixologiya Mərkəzinin
baş psixoloqu
Azərbaycan
müəllimi.- 2014.- 16 may.- S.10.