Mükafata ən layiqli
namizədlərdən biri
Mən professor Vaqif Sabir oğlu Quliyevlə
2000-ci ildə aspirantlardan birinin
dissertasiyasının müzakirəsində təsadüfən
tanış olmuşam. Həmin
aspirantın elmi işi
yaxınlaşma nəzəriyyəsində ümumiləşmiş
Heqenbauyer sürüşməsindən
istifadə edərək bu nəzəriyyədə
mühüm rol oynayan ümumiləşmiş hamarlıq modulunun qurulması və onun
vasitəsi ilə yaxınlaşma nəzəriyyəsinin düz və tərs teoremlərinin isbat edilməsinə
aid idi. Müzakirədən
sonra Vaqif müəllim
mənə yaxınlaşaraq dedi ki, Heqenbauyer sürüşməsinin Bessel sürüşməsi ilə
oxşarlığı var və təklif
etdi ki, həmin
sürüşmənin vasitəsi ilə maksimal
funksiyası qurum.
Açığını desək, mən belə təklifi
gözləmirdim. Onun bu
təklifi məni bir yandan
təəccübləndirdi, o biri yandan
maraqlandırdı, çünki bu məsələyə heç
kim tərəfindən
baxılmamışdır. Buna görə
də çox həvəslə məsələnin
həllini axtarmağa başladım. Təxminən
iki ilə yaxın
çalışdım, hər dəfə də
aldığım nəticələr Vaqif
müəllimi qane etmirdi.
Növbəti görüşdə professora
bu məsələdən uzaqlaşmaq
istədiyimi dedim. Bildirdim
ki, heç nə
alınmır. Amma Vaqif
müəllim təkidlə dedi ki, "mən
bilirəm, sən bu məsələnin həllini
tapacaqsan". Bu
sözdən sonra bir
qədər sakitləşərək, fikirləşdim və
bu qənaətə gəldim ki, onların metodu burada işləmir. Deməli, mən öz yolumu tapmalıyam. Bəli,
burada Vaqif müəllimin
yüksək alim və pedaqoji
hissiyyatı şübhəsiz, öz rolunu oynadı. Onun
"inadlı inamı" mənə yeni
təkan verdi və mən qoyulan
məsələnin həllini tapdım...
Vaqif Sabir oğlu Quliyev 1957-ci ildə Salyan
şəhərində anadan olub, 1978-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsini fərqlənmə diplomu
ilə bitirib, 1983-cü ildə namizədlik,
1994-cü ildə isə Moskva şəhərində
V.A.Steklov adına Riyaziyyat
İnstitutunun
ixtisaslaşdırılmış müdafiə
şurasında doktorluq
dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat
elmləri doktoru alimlik
dərəcəsini, 1997-ci ildə isə professor
elmi adını alıb. O, iki monoqrafiya (1996, 1999) və
160-dan çox elmi əsərin
müəllifidir ki, bu
elmi əsərlərin 100-dən çoxu impakt-faktorlu ən
nüfuzlu xarici jurnallarda çap edilib.
V.Quliyev 1995-1997-ci illərdə AMEA Riyaziyyat
və Mexanika İnstitutunda
fəaliyyət göstərən
ixtisaslaşdırılmış müdafiə
şurasının üzvü olub, 1997-ci ildən 2002-ci ilədək və
2011-ci ildən indiyə kimi Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının riyaziyyat və mexanika üzrə ekspert
şurasının üzvüdür. O, Azərbaycan
Respublikası Riyaziyyat Cəmiyyətinin
idarə heyətinin üzvü, bu cəmiyyətin əsərlərinin 2-ci cildinin və 2006-2008-ci illərdə "Khazar Journal of Mathematics"
jurnalının məsul katibi olmuşdur. Professor V.Quliyev "Eurasian
Mathematical Journals" beynəlxalq jurnalının və
"Proceedings of İnstitute of Mathematics
and Mechanics of NAS of Azerbaijan" respublika jurnalının redaksiya heyətinin üzvüdür.
2000-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında
səmərəli elmi-pedaqoji
fəaliyyətinə görə
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. V.Quliyevin rəhbərliyi ilə
10 aspirant və dissertant
namizədlik, 4 nəfər
isə fəlsəfə
doktoru dissertasiyası
müdafiə edib.
V.Quliyevin
daxilolma teoremləri nəzəriyyəsindəki tədqiqatları
və parabolik inteqral operatorların xassələri haqqındakı
nəticələri göstərdi
ki, müəyyən riyazi məsələlərdə
meydana çıxan sinqulyar inteqral və potensial tipli inteqral operatorlar bu tipli klassik inteqral
operatorların malik olduğu xassələrlə
yanaşı, həm də keyfiyyətcə yeni xassələrə malikdirlər. Bu fakt mütəxəssislər
tərəfindən adıçəkilən
inteqral operatorlar üçün çəkili
bərabərsizliklər nəzəriyyəsində
yeni effekt kimi qiymətləndirilib.
Bu tədqiqatların köməyi ilə çəkili Sobolev fəzalarında prinsipcə
daha ümumi şərtlər daxilində
daxilolma teoremləri alınıb. Xüsusi
halda, H.Tribelin (Almaniya)
"çəkili Sobolev fəzalarında eksponensial tipli çəki funksiyaları
üçün daxilolma
teoremlərini almaq olarmı" sualına müsbət cavab verilib. V.Quliyev bu nəticələrlə
1991-ci ildə professor H.Tibelin
rəhbərlik etdiyi elmi seminarda bir neçə dəfə çıxış
edib və onun məruzələri yüksək qiymətləndirilib.
O, 1992-ci və 2001-ci illərdə Almaniya Federativ Respublikasının
Fridrixroda və Teystungen şəhərlərində,
1996-cı ildə Kaluqa
şəhərində (Rusiya),
1995, 1998, 2003 və 2005-ci illərdə
Moskva şəhərində
(Rusiya) keçirilən
beynəlxalq elmi konfranslarda məruzə edib, elmi bölmələrin
rəhbəri olub.
1997-ci ildə Delaver Universitetində (ABŞ), 1999-cu ildə Fukuoka Universitetində
(Yaponiya), 2001-ci ildə
Berlin Açıq Universitetində
(Almaniya Federativ Respublikası), 2003-cü ildə
York Universitetində (Kanada),
2007-ci ildə Otto Universitetində
(Türkiyə) 2009-cu ildə
London İmperial Kollecində
(İngiltərə) keçirilən
"Analiz, tətbiq və kompüterləşdirmə"
adlı I-VII SAAC Beynəlxalq
Konqresində iştirak
və məruzələrlə
çıxış edib.
1993-cü ildə elmi
işlərinin yüksək
səviyyəsinə görə V.Quliyev Amerika Riyaziyyat Cəmiyyətinin "Soros Foundatıon"
mükafatına layiq görülüb.
V.Quliyev 2001-ci ildə
Kardif Universitetinin professoru V.İ.Burenkov ilə birgə hazırladığı "Weighted spaces of differentiable funktions,weighted
inequalities for integral operators and applications" adlı
iki illik NATO SCIENCE PROGRAMME, COLLABORATIVE
LİNKAGE GRANT-ını qazanıb.
O, bu qrant çərçivəsində 2002-2003-cü
illərdə Kardif Universitetində dörd dəfə elmi məzuniyyətdə olub və burada yaradılan şərait hesabına bu layihəni müvəffəqiyyətlə
işləyib.
2004-cü ildə V.Quliyev (NATO-D) Konuk Bilim Adami Destekleme
Programı qrantı çərçivəsində Harran Universitetində 1 ay tədqiqat
işləri aparıb.
2003-cü ildə həmçinin
Azərbaycan-Amerika ikitərəfli
Qrant Proqramı çərçivəsində (Award from
Azerbaijan - U.S.Bilateral Grants Program Competition
U.S.Civilian Research & Development Foundation) V.Quliyev Alabama Universitetinin
professoru Zhijian Wu ilə birgə hazırladığı "Holomorphic
and harmonic function spaces, their boundary values and operator theory" adlı layihə müsabiqəsində qalib
gəlib. O, bu qrant çərçivəsində
2004-2006-cı illərdə Alabama Universitetində iki dəfə elmi məzuniyyətdə olub və burada bu layihə müvəffəqiyyətlə işlənib.
2006-cı ildə V.Quliyevin
rəhbərliyi altında
tədqiqat qrupunun İNTAS Open Call 2005-2006 for Research
Projects Proposal Programme çərçivəsində yerinə yetirdiyi layihə Avropanın 10 komandası ilə birlikdə müsabiqənin qrantını
qazanıb.
2007-2008-ci illərdə
onun tədqiqat qrupu bu layihə
çərçivəsində tədqiqat işlərini müvəffəqiyyətlə aparıb.
İstedadlı
alim 2007-2008-ci illərdə
də bir sıra qrant layihələri müsabiqəsinin
qalibi olub və həmin layihələr uğurla icra edilib.
Vaqif müəllim təbiətcə çox
mülayim olsa da, elmdə inadcıl və tələbkar insandır,
bunu bütün tələbələri təsdiq
edə bilər. Mən fəxr edirəm ki, Vaqif müəllimin
tələbəsi adını
daşıyıram və
çalışacağam bu
ada həmişə layiq olum. Vaqif müəllimin çox təmiz qəlbi var və onunla
ünsiyyətdə olan
insanlar daxilən paklaşır.
Vaqif
müəllim tələbkarlığı
ilə yanaşı, öz tələbələrinə
əsl dostluq münasibəti və qayğı göstərir.
Yuxarıda
qeyd etdiklərim bundan xəbər verir ki, V.Quliyev
beynəlxalq səviyyəli
alimdir və bizim vətənimiz Azərbaycan Respublikasını
dünya miqyasında ləyaqətlə təmsil
edə bilir.
Dövlət Mükafatları Komissiyası
bu yaxınlarda elm, texnika, memarlıq, mədəniyyət və
ədəbiyyat üzrə
2014-cü ilin Dövlət
mükafatına təqdim
olunmuş işlərin
siyahısını açıqlayıb.
Siyahıda professor Vaqif Quliyevin
"Yeni funksional fəzalarda harmonik analizin operatorları" elmi nəşrlər silsiləsi də var. Təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat
və Mexanika İnstitutu tərəfindən
olunub. Bizim fikrimizcə, professor Vaqif Əliyev Dövlət mükafatını
almağa ən layiqli namizədlərdəndir.
Mən
professor V.Quliyevə uzun
ömür, yeni axtarışlar və nailiyyətlər arzu edirəm.
Elman
İBRAHİMOV,
fizika-riyaziyyat elmləri
namizədi
Azərbaycan
müəllimi.- 2014.- 16 may.- S.12.