Gəncə Dövlət Universitetində

SABAH qruplarının təqdimatı olub

  

Mayın 16-da Təhsil Nazirliyinin əməkdaşlarının və media nümayəndələrinin Gəncə şəhərinə səfəri təşkil olundu. Səfərin məqsədi Gəncə şəhərinin təhsil ictimaiyyəti ilə görüşlər keçirmək, Təhsil Nazirliyinin həyata keçirdiyi yeni layihələri barədə ətraflı məlumatlar verməkdən ibarət idi. Səfər çərçivəsində Gəncə Dövlət Universitetində Təhsil Nazirliyi əməkdaşları və media nümayəndələrinin bölgədə fəaliyyət göstərən 3 ali təhsil müəssisəsində professor, müəllim və fəal tələbə heyəti ilə görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verdi, son illər təhsil sahəsində həyata keçirilən islahatlardan danışdı.

Ali təhsil ocağında SABAH qruplarının təqdimatı keçirildi. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev  SABAH qrupları haqqında danışdı. Qeyd edildi ki, bu qrupların yaradılması təklifi müəllimlərin sonuncu qurultayında təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilib. Adıçəkilən qruplarla bağlı qısa müddətdə xeyli işlər görüldüyünü nəzərə çatdıran Y.Piriyev bildirdi ki, Azərbaycan iqtisadiyyatı bu gün inkişaf edir, ona görə də ölkəmizə güclü kadr potensialı lazımdır.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov SABAH qruplarının slaydlar vasitəsilə təqdimatını etdi. Bildirildi ki, 8 baza-universitetdə yaranacaq bu qruplarda tələbələr 53 ixtisas qrupunda təmsil olunacaq. Bu ixtisaslara ölkə üçün prioritet ixtisaslar - sənaye, təhsil və digərləri daxildir. İlk olaraq növbəti tədris ilində 1000-dən çox tələbə II kursdan SABAH qruplarında təhsil ala biləcək. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq. SABAH qrupunun tələbələri üçün həm tədris fərqli olacaq, həm də əlavə imkanlar yaradılacaq. Bundan başqa, təqdimatda SABAH qruplarının əhəmiyyəti, məqsədi, üstünlükləri açıqlandı.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov tədbirdə çıxış edərək  SABAH qruplarının yaranma fəlsəfəsi barədə məlumat verdi. Qeyd edildi ki, SABAH qrupları ölkənin bütün ali təhsil müəssisələrini əhatə edəcək. Gəncədə təhsil alan tələbələr də bu prosesdən kənarda qalmayacaq.

Sonda tələbələrin və müəllim-professor heyətinin çoxsaylı sualları cavablandırıldı.

Səfər çərçivəsində növbəti görüş Gəncə şəhər 25 nömrəli orta məktəbdə baş tutdu. Burada şagirdlər üçün Gəncə Dövlət Universitetində və Azərbaycan Texnologiya Universitetində tədris olunan ixtisaslarla bağlı təqdimat keçirildi. Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşan "İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır" layihəsi çərçivəsində təşkil olunan təqdimat yuxarı sinif şagirdləri tərəfindən maraqla qarşılandı.

Bundan başqa, KİV nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən məzun yarmarkasında da oldular. Burada işəgötürənlərlə tələbələr arasında təcrübə mübadiləsi izləndi.

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 23 may.- S.4.