Müəllimlərin
bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi ilə bağlı
tanınmış
ekspert və mütəxəssislərin fikirləri
Şahlar
Əsgərov: "Bölgələrdə də müəllimlərin
sınaq
qiymətləndirilməsi aparılmalıdır"
Bölgələrdəki məktəblərdə
çalışan müəllimlərin də bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi aparılmalıdır.
Bunu Publika.az-a açıqlamasında təhsil
sahəsi üzrə ekspert Şahlar Əsgərov deyib.
Onun sözlərinə görə, gələn
aydan Bakı məktəblərində çalışan
müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsinin aparılması təqdirəlayiq
bir addımdır.
"Bu addımın atılması ilə
müəllimlərin fərdi bilik və
bacarıqlarını öyrənmək mümkün olacaq. Yəni
savadlı müəllimlər sırasından daha
savadlıları seçilə biləcək", - deyə
Ş.Əsgərov əlavə edib.
Qeyd edək ki, təxmini hesablamalara görə
Azərbaycanda 320 min müəllim var.
www.publika.az,
13.05.2014
Sınaq
qiymətləndirmə müəllimlərin
keyfiyyət
göstəricisini müəyyən edəcək
Bakı şəhərində müəllimlər
üçün sınaq qiymətləndirmə keçirməklə
müəllimlərin keyfiyyət göstəricisini müəyyən
etmək mümkün olacaq.
Müəllimlərin sınaq qiymətləndirilməsinin
aparılmasını çox əhəmiyyətli sayan Milli Məclisin
keçmiş komitə sədri, təhsil eksperti Şahlar Əsgərov
Trend-ə bildirib ki, Bakı şəhərində çoxlu
sayda, on minlərlə müəllim var. Həmin müəllimlərin
hamısının hüquq və vəzifəsi eynidir:
"Amma biz bunları sınaqdan keçirsək, onların
müəllimlik keyfiyyət dərəcəsini müəyyən
edə bilərik. Öyrənə bilərik ki, bu
yaxşı müəllimdir, bu isə yaxşı müəllim
deyil. Bu müəllim fənni yaxşı bilir, amma dünyagörüşündə
qüsur var. Ancaq bu müəllimin
dünyagörüşü çox yaxşı olsa da, fənni
yaxşı bilmir. Bunlar hamısı sınaq qiymətləndirmədə
üzə çıxacaq və nəticədə minlərlə
müəllimin keyfiyyət göstəricisi əlimizdə
olacaq".
Ş.Əsgərov qeyd edib ki, müəllimin
keyfiyyət göstəricisi bilindiyi halda, Təhsil Nazirliyi və
yerli təhsil şöbələri üçün
yaxşı müəllimləri idarəetməyə cəlb
etmək imkanı yaranar.
Müəllimlərin bilik və
bacarığının öyrənilməsini çox
mühüm sayan ekspert deyib ki, sınaq qiymətləndirmə
nəticəsində Təhsil Nazirliyi müəllimlər
ordusu arasından güvənə bildiyi müəllimləri
də seçə biləcək.
Bakı şəhərindəki 23 nömrəli
orta məktəbin direktoru Yuliya Kərimova isə Trend-ə
bildirib ki, sınaq qiymətləndirmənin nəticələri
onun üçün də maraqlıdır: "Mənim
üçün də hər il tədris yükü
payladığım müəllimlərin biliyinin, professional
bacarığının hansı səviyyədə
olduğunu bilmək maraqlıdır. Bu sınaq qiymətləndirmə
mənə müəyyən məlumatı verəcək. Mən
biləcəyəm ki, müəllimlərim hansı səviyyədədir,
onların peşəkarlığı necədir".
Y.Kərimova deyib ki, sınaq qiymətləndirmənin
nəticələri müəllimlər üçün dərs
bölgüsünün aparılmasına təsir etməyəcək.
Bu proses təhsil sistemində müəllimlərin peşəkarlıq
səviyyəsinin qiymətləndirilməsinə yönələcək
və onların fəaliyyətindəki uğurları,
çatışmazlıqları müəyyən edəcək.
Bunun əsasında müəllimlərin peşəkar fəaliyyətinə
müəyyən kömək göstəriləcək:
"Bu, nə müəllimlər üçün dərs
yükünün aparılmasına, nə də işlədiyi
məktəbdə hansısa status almasına təsir göstərə
biləcək qiymətləndirmə deyil".
O qeyd edib ki, rəhbərlik etdiyi məktəbin
müəllimləri bu yeniliyi maraqla qarşılayıblar.
Onun sözlərinə görə, müəllimlərin
sınaq qiymətləndirilməsinin keçirilməsi müəyyən
rezonansa da səbəb olub: "Mən deyərdim ki, bu
yaxşı bir rezonansdır. Bu, müəllimlər
üçün də maraqlıdır. Uzun müddət və
qısa müddət məktəbdə işləyən
müəllim özünü sınamaq istəyir".
Qeyd edək ki, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil
müəssisələrində çalışan müəllimlərin
sınaq qiymətləndirilməsini həyata keçirəcək.
Sınaq qiymətləndirmə 3 istiqamətdə - fənn,
metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında
aparılacaq.
www.trend.az,
13.05.2014
Əjdər
Ağayev: "Nazirin əmri müəllimlərin
təkmilləşməsi
üçün başlanğıc olacaq"
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirməsi
barədə əmr verib. Bu əmr bir çox dairələrdə
maraqla qarşılanıb. Təhsil Şurasının sədri
Əjdər Ağayev Modern.az-a açıqlamasında təhsil
sahəsində çalışan müəllimlərin bilik
və səriştəsi barədə danışıb. Onun
sözlərinə görə, müəllimlər biliklərini
hərtərəfli inkişaf etdirməlidirlər:
"Maarifçilik fəaliyyətində müəllimin bir vəzifəsi
tədris işi, yəni dərs keçmək, təlim-tərbiyə
işi ilə məşğul olmaqdırsa, digər vəzifəsi
də özünü aparmaqdır. Buna özünütəsdiq
deyirlər. Əvvəllər müəllimlər psixoloji,
sosioloji, ideoloji kitablar oxuyar və həmin kitablardan öyrəndiklərini
tətbiq də edərdilər. Son zamanlar müəllimlər
bu qədər özlərini oxumaqdan təcrid ediblər. Nəticədə
bəzi müəllimlər təkmilləşməyiblər.
Sadəcə, gündəlik mövzu nədirsə, onu tədris
edir. Bəzi müəllimlər yeni təlim
texnologiyalarını şablondan götürür, bəziləri
onu da götürmür. Ona görə də təhsilin təsiri
yaxşı olmur, uşağın təhsilə marağı
azalır. Bütün bunları aşılamaq
üçün Bakı şəhər Təhsil İdarəsi
Təhsil Nazirliyinin razılığı ilə müəllimlərlə
tədqiqi xarakterdə monitorinq keçirməklə
onların nə oxuduğunu dəyərləndirdi. Müəllimlərlə
bağlı bu proses ardıcıl getsə, hərəkata
çevriləcək. Nəticədə müəllimlər
öz üzərində işləyəcək".
Əjdər
Ağayev nazir Mikayıl Cabbarovun əmrinə də münasibət
bildirib: "Təkmilləşdirmə prosesini məqbul hesab
edirəm. Təkmilləşdirmə məcbur edir ki, müəllim
öz üzərində işləsin, öyrənsin,
müasir texnoloji məsələlərdən xəbərdar
olsun. Müəllimlər unutmasınlar ki, indi əvvəlki
şərait deyil. Yenilikləri bilmək lazımdır.
Bütün müəllimlər təkmilləşsələr,
bu təlimin keyfiyyətinə də təsir göstərər.
Mənə elə gəlir ki, bu təhsil sahəsində
çox yaxşı başlanğıcdır".
www.modern.az,
13.05.2014
Nəbatəli
Qulamoğlu: "Güman edirəm ki,
bu, müsbət nəticələr verəcək"
"Bu gün Azərbaycan təhsilinin iki başlıca
problemi var. Birincisi, kadr məsələsidir. İkinci problem
isə müəllimlərin əməkhaqqı ilə
bağlıdır. Bu iki problem bir-biri ilə sıx əlaqədədir.
Güman edirəm ki, bu iki problemi həll etmədən Azərbaycan
təhsilini inkişaf etdirmək olmaz".
Bunu Modern.az-a təhsil eksperti Nəbatəli Qulamoğlu
deyib: "Çəkilən zəhmətin mahiyyətindən,
fəlsəfəsindən göründüyü kimi, müəllimlərin
sınaq imtahahına çəkilməsi məhz diaqnostika
xarakteri daşıyır, müəllimlərin ümumi bilik
qabiliyyətlərini yoxlamaq məqsədi daşıyır. Əmrdə
qeyd edildiyi kimi, bu, həm də müəllimlərin gələcək
attestasiyasına hazırlıq məqsədi
daşıyır. Düzgün qərardır. Ümumiyyətlə,
Azərbaycan təhsilində kadr məsələsini önə
çəkmək lazımdır. Müəllimlərin
müasir təhsillə hansı səviyyədə
silahlanması, ümumi dünyagörüşü, bunlar
hamısı yoxlanmalıdır. Ola bilər ki, bu proses mərhələli
şəkildə aparılsın. Hər halda, ilkin yoxlama
sınaq xarakteri daşıdığı üçün
sürətlə aparıla bilər. Güman edirəm ki, bu,
müsbət nəticələr verəcək. Bu günə
qədər müəllim özünü arxayın
aparırdı və sinfə girib-çıxmaqla işini
bitmiş hesab edirdi. Bundan sonra o hiss edəcək ki, həm cəmiyyət,
həm də məktəb qarşısında məsul şəxsdir.
Başa düşəcək ki, onun işi təkcə siniflə
bitmir, o, ictimai fiqur kimi də tanınmalıdır, ölkənin
ictimai həyatında ciddi rol oynamış şəxs
olmalıdır. Bütün bunlar müəllimin
özünün təhsilinə fikir verməsinə səbəb
olacaq".
Ekspert müasir müəllimlərin təhsilə olan
marağından da danışıb: "Azərbaycan müəllimlərinin
müasir təhsilə meyli çox azdır. Sınaq
imtahanları bu məsələləri qabardacaq. Müəllim
hiss edəcək ki, onun təhsili köhnədir, yalnız əzbər
biliklər verir, müəllimin sinifdə özünü hərbçi
kimi apardığı kimi təhsildir. Müəllim görəcək
ki, müasir təhsil başqa cürdür, burda dioloji təhsil
vacibdir. Şagirdlər müəyyən mənada tam
kommunikativ əlaqələr qurmalıdır. Müəllim,
ümumiyyətlə birtərəfli lektor kimi fəaliyyət
göstərməməlidir. Şagirdi istiqamətləndirməlidir,
şagird özü öz təhsilini
formalaşdırmalıdır. Sınaq imtahanları buna
kömək edəcək. Elə müəllimlər var ki,
potensialı yoxdur. O təhsil sistemini tərk etməlidir.
Yaxşı potensialı olan müəllimlər də var,
üzə çıxa bilmir. Belə qiymətləndirmələr
prosesə lazımi istiqamət verəcək".
Qeyd edək ki, iyun ayında Bakı şəhərinin
bütün dövlət ümumtəhsil müəssisələrində
çalışan müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirməsi
aparılacaq.
www.modern.az,
21.05.2014
Azər
Mehdiyev: "Maaşların artırılması
heç
nəyi dəyişməyəcək"
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
iyun ayında paytaxtın ümumtəhsil məktəblərində
çalışan müəllimlərin sınaq qiymətləndirilməsini
aparacaq.
AzVision.az bununla bağlı ekspert Azər Mehdiyevin fikirlərini
öyrənib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda
təhsil sahəsində ciddi islahatlara ehtiyac var. O qeyd edib ki,
bu həm də təhsil sisteminin özünün
qurulması, təhsilalanlarla münasibətlərin daha səmərəliləşdirilməsi,
həm də təhsil işçilərinin öz bilik və
bacarıqlarının artırılması, onların əməkhaqlarının
yüksəldilməsi və ölkədə müasir
dövrün tələblərinə cavab verən təhsil
sisteminin qurulmasına ehtiyac var.
A.Mehdiyev bildirib ki, təhsil sisteminin qurulmasında
müzakirə edilən məsələlərdən biri də
təhsilin əsas tərəflərindən biri olan təhsilverənlərin
bilik və bacarıqlarının artırılması,
onların təhsilin keyfiyyətinin yüksəldilməsi məsələsidir:
"Biz təhsil sahəsində əməkhaqlarının
aşağı olması, onların əməkhaqqının
yüksəldilməsini tələb edirik. Lakin, bu da bir
reallıqdır ki, öz-özlüyündə indiki şəraitdə
təhsil işçilərinin əməkhaqqının
Avropa standartlarına uyğun olması həm büdcə
imkanları baxımından məhdud olmaqla yanaşı, həm
də keyfiyyət verməyəcək, heç nəyi dəyişməyəcək.
Ona görə ki, bu gün təhsil işçilərinin
özlərinin arasında tələblərə cavab verməyən,
pedaqoji qabiliyyət baxımından bilik, bacarığı
xeyli dərəcədə aşağı olan insanlar var ki,
onların dəyişdirilməsinə, öz üzərlərində
işləməsinə ehtiyac var".
Ekspert sınaq qiymətləndirmə ilə
yanaşı, şagird və tələbələrin öz
müəllimlərini qiymətləndirilməsi sistemindən
danışıb. Bildirib ki, bu sistem vasitəsilə müəllimlərin
hansı bacarığa sahib olması üzə
çıxacaq:
"Son zamanlarda həm orta məktəblərdə, həm
də ali məktəblərdə şagirdlərin müəllimləri
seçmək imkanlarından danışılır. Bildirilir
ki, tələbələr və şagirdlər öz müəllimlərini
seçə bilsinlər. Lakin burada belə bir məqam ortaya
çıxır ki, yeni gələn tələbələr və
şagirdlər müəllimlər haqqında məlumatsız
olur. Ona görə də əvvəlki illərin məzunlarının
fikirləri həmin şagirdlərə
çatdırılmalıdır".
Azər Mehdiyev bildirib ki, bu sistem müəllimlərin
sınaq qiymətləndirmədən keçməsi
zamanı çox önəmli rol oynayacaq:
"Bu bir tərəfdən, tələbələrin
müəllimləri seçməsinə asanlıq gətirir,
həm də müəllimlərin bacarığına dair məlumatlarla
bağlı rəhbərliyin əlində sənəd olur.
Bu, həm də Azərbaycanda təhsil işçilərinin
sınaq qiymətləndirmədən keçməsi
zamanı çox önəmli kriteriyalardan biridir. Birdən-birə
bütöv təhsil sistemini dəyişə bilməsək
də, addım-addım bir istiqamətdə dəyişiklik
aparılmalıdır. Sınaq qiymətləndirmənin
mühüm göstəricilərindən biri də şagirdlərin
müəllimlərə olan münasibəti olacaq".
Ekspert bildirib ki, hazırda müəllimlər bu
sınaq qiymətləndirməyə hazır olması ilə
bağlı ona çoxlu suallar verilir:
"Bu əslində qəribə görsənir.
Ümumiyyətlə, onlar nə zaman hazır olacaqlar?
İndidən başlamaq lazımdır ki, müəllimlər
öz üzərində məsuliyyət hiss eləsinlər.
Və təbii ki, sınaq qiymətləndirmə zamanı tələb
olunan meyarların seçilməsi məsələsi önəmlidir,
bu dəqiqliklə işlənməlidir. Lakin müasir
dövrdə müəllimlər üçün kompüter
bacarıqlarının yoxlanılması çox vacib məsələdir.
Çünki onun ən adi informasiyanı internetdən
axtarıb tapa bilməsi, informasiyaların ötürülməsi
zamanı müasir texnologiyalardan yararlana bilmə dərəcəsi
yoxlanılır və bu dərin proqram bilikləri tələb
edən məsələ deyil. Adi biliklər səviyyəsində
bir neçə vacib məqam kimi qiymətləndirilir. Burada
qorxulu bir şey görmürəm. Yəni kompüterdə
informasiyanın axtarılması, ötürülməsi,
toplanması və s. bunların hər bir müəllimin
öyrənməsi vacib şərtdir. Müəllim sınaq
qiymətləndirilməsi haqqında məlumat alan kimi məsuliyyəti
artacaq. Kurslara gedəcək və ya öz üzərində
işləyəcək, eləcə də evdə
övladları vasitəsilə bunu öyrənəcək",
- deyə ekspert əlavə edib.
www.azvision.az,
20.05.2014
Məlahət
Mürşidli: "Bu qiymətləndirmə
müəllimi
öz üzərində işləməyə vadar edəcək"
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
iyun ayında paytaxtın ümumtəhsil məktəblərində
çalışan müəllimlərin sınaq qiymətləndirilməsini
aparacaq.
AzVision.az bununla bağlı təhsil üzrə ekspert
Məlahət Mürşidlinin fikirlərini öyrənib.
Sınaq qiymətləndirmə ilə tanış
olduğunu bildirən ekspert nazirliyin bu layihəsini müsbət
addım adlandırıb:
"2007-ci ildən bəri müəllimlər tez-tez
kurslarda, seminarlarda iştirak edirlər. Bu gün isə
sınaq qiymətləndirməni müəllimlərin peşəkarlıq
səviyyəsini, onların öyrəndiklərini yerlərdə
necə həyata keçirdiklərinin monitorinqi kimi qiymətləndirirəm.
Müəllim dünən aldığı biliklə kifayətlənməməlidir,
onlar hər gün, hər saat öz üzərində
çalışmalıdır. Çünki yeniliklər
olduqca çoxdur, informasiya bolluğu əsridir. Şagirdlərimiz
bu sahədə bizdən öndədir, buna görə də
düşünürəm ki, bu sınaq qiymətləndirmənin
çox müsbət təsiri olacaq. Bu qiymətləndirmə
müəllimi öz üzərində işləməyə
vadar edəcək".
Təhsil ekspertinin sözlərinə görə, bu
qiymətləndirmə nəticəsində müəllimlərimizin
hansı sahədə çatışmayan cəhətlərinin
olduğu üzə çıxacaq:
"Bu cəhətlər də Təhsil Nazirliyindən,
məktəb rəhbərliyindən, yoxsa müəllimdənmi
asılıdır, bunlar məlum olacaq. Buna uyğun olaraq da
yeni dərs ilindən müəllimlərin peşə səviyyəsinin
təkmilləşdirilməsi üçün müxtəlif
yollardan istifadə ediləcək və müəllimlərin
öz üzərində işləməsinə şərait
yaradılacaq".
M.Mürşidli sınaq qiymətləndirmənin necə
həyata keçirilməsindən danışıb. Onun
sözlərinə görə, buraya vətəndaş cəmiyyəti
qurumlarının üzvlərini dəvət etmək olar:
"Elə dəqiq işlənməlidir ki, orada
qeyri-obyektiv, neqativ hallara yol verilməsin. Biz indidən məlumatlar
alırıq ki, bəzi məktəblər təşvişə
düşüb ki, hansısa addımlar atmaq lazımdır.
Belə neqativ hallara yol verməmək üçün mexanizm
dəqiq işlənməlidir".
Bu prosesin yaxın vaxtlarda bölgələrdə də
həyata keçiriləcəyini bildirən təhsil eksperti
qeyd edib ki, ilk olaraq Bakıdan başlanılıb:
"İndi Bakıdan başlamışıq, mərhələ-mərhələ
bütün rayonlardakı müəllimlər arasında bunu
keçirmək lazımdır".
Müəllimlərimiz bu qiymətləndirilməyə
hazırdırmı sualına isə Məlahət
Mürşidli belə cavab verib:
"Düşünürəm ki, bununla bağlı
problem yoxdur. İmtahanların keçirilməsi iyun ayında
başlayacaq və buna hələ ki bir ay var. 2007-ci ildən
başlayaraq davamlı olaraq seminarlar keçirilir. Müəllim
birdəfəlik anlamalıdır ki, seminarı gözləməməlidir,
həmişə öz üzərində işləməlidir,
özü də mükəmməlləşməyə can
atmalıdır. Başa düşməlidir ki, 70-ci illərin,
keçən əsrin müəllimi olmamalıdır. 21-ci əsrin
tələbləri tamam başqadır. Qiymətləndirmə
3 istiqamət üzrə aparılacaq ki, müəllimin öz
fənnini bilməsi vacibdir. İkincisi innovativ metodlardır
ki, bunu biz seminarlarda öyrətmişik. Digər cəhət
kommunikasiyadır. Universitetdə öyrəndikləri bilik və
onu tətbiq etmək bacarığı davamlı surətdə
həyata keçən prosesdir. Onlar nədən çəkinsinlər,
nədən narahat olsunlar? Bu, sınaq qiymətləndirməsidir".
Məlahət Mürşidli eyni zamanda Təhsil
Nazirliyinə sınaq qiymətləndirmə ilə
bağlı təklif irəli sürüb:
"Təklif edirəm ki, suallar bankı
hazırlansın. Bu da narahatlığı aradan qaldırar,
müəllimləri stressdən xilas edər. Həm də
müəllim vərəqləyər, bir ay müddətində
suallarla tanış olar. Belə addım atılsa, bu,
ümumi işimizə fayda verər", - deyə ekspert əlavə
edib
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi iyun ayında paytaxtın ümumtəhsil məktəblərində
çalışan müəllimlərin sınaq qiymətləndirilməsini
aparacaq.
Sınaq qiymətləndirilməsi 3 istiqamətdə -
fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında
aparılacaq. Sınaq qiymətləndirilməsinin fənn
istiqaməti - müəllimə öz bilik və
bacarığını obyektiv dəyərləndirmək,
peşəsi üçün əhəmiyyətli olan zəif
və güclü cəhətlərini müəyyən etmək
imkanı verəcək
Qiymətləndirilmə Bakı şəhərinin 12
rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil
olunacaq və 2 saat davam edəcək.
Sınaq qiymətləndirilməsi ilə müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi və
karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin
artırılmasına xidmət edən yeni sistemin
yaradılmasına başlanılması nəzərdə
tutulur.
www.azvision.az,
13.05.2014
Nadir
İsrafilov: "Bütün müəllimlər
eyni əməkhaqqı
ala bilməz"
Təhsil eksperti Nadir İsrafilov Bakı şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən iyun
ayında paytaxtın ümumtəhsil məktəblərində
çalışan müəllimlərin sınaq qiymətləndirilməsi
prosesinə münasibət bildirib.
Ekspert "Qafqazinfo"ya açıqlamasında deyib
ki, müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi onların attestasiya məsələsinin
ilkin mərhələsidir: "SSRİ dönəmində hər
beş ildən bir müəllimlərin attestasiyası
keçirilirdi. Müstəqillik əldə edəndən
sonra bu məsələ bir növ unuduldu. Nəhayət,
1999-cu ildə bu məsələyə diqqət
ayrıldı. Ancaq nəticəsi olmadı.
Müəllimlərin stimullaşdırılması,
onların əməkhaqlarına diferensial
yanaşılması məsələsi var. Çünki
bütün müəllimlər eyni əməkhaqqı ala
bilməz. Müəllimlər attestasiyadan keçəcək.
Ondan sonra onlara dərəcələr veriləcək və
buna görə də maaşlar müəyyənləşdiriləcək".
N. İsrafilov bildirib ki, Təhsil Nazirliyinin yeni
komandası bu məsələyə ciddi yanaşır:
"Hazırda müəllimlərin sayı 170 mindən
çoxdur. Attestasiya məsələsi də nisbətən
unudulduğu üçün, bu böyük kampaniyanı bir
dəfəlik etmək mümkün deyil. Ona görə də
hələlik Bakı şəhərində Təhsil İdarəsinə
tapşırılıb ki, sınaqlar keçirilsin və
sınaq əsasında təcrübə olunsun, müəyyən
təkliflər verilsin".
www.qafqazinfo.az, 19.05.2014
Etibar Əliyev:
"Bu, müəllimlərin xeyrinədir"
Təhsil eksperti Etibar Əliyev Bakı şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən iyun
ayında paytaxtın ümumtəhsil məktəblərində
çalışan müəllimlərin sınaq qiymətləndirilməsi
prosesinə münasibət bildirib.
E.Əliyev "Qafqazinfo"ya açıqlamasında
bildirib ki, bu proses uğurla həyata keçirilsə, müəllimlərin
attestasiyasının həyata keçirilməsinə
yardımçı ola bilər:
"Bütün dünyada müəllimlərin fənni
necə tədris etməsi, sinifdəki davranışı,
bilik və bacarığı həmçinin valideynlərlə
apardığı iş izlənilir. Bu da birbaşa təhsilin
keyfiyyətinin yaxşılaşdırılmasına xidmət
edir. Sınaq qiymətləndirməsinin metodika hissəsi
kurikulumun tətbiqi, müasir təhsil texnologiyaları ilə
işləmək bacarığı, şagirdlərin qiymətləndirilməsi
kimi məsələləri əhatə edir. Hazırda bizim
bir sıra müəllimlərin bu texnologiyalarla işləmək
bacarığı yoxdur.
Kommunikativ bölüm isə müəllimlərin
şagirdlərlə necə ünsiyyət qurmasını
özündə ehtiva edir. Bütün dünyada bu proses
şagirdlərin nailiyyətlər əldə etməsinə,
daha uğurlu təhsil almasına gətirib
çıxarır. Sınaq qiymətləndirməsi
bütövlükdə yaxşı haldır. Bu, orta məktəb
müəllimlərinin xeyrinədir".
www.qafqazinfo.az,
13.05.2014
Emin Əmrullayev:
Azərbaycanda gələn
ildən
bəzi müəllimlər üçün həvəsləndirici
tədbirlərin
tətbiqinə başlanacaq
Təhsil
Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi
sektorunun müdiri Emin Əmrullayevin "Trend"ə
müsahibəsi
-
Bakıda çalışan orta məktəb müəllimlərinin
fəaliyyətinin sınaq qiymətləndirilməsi zərurəti
nədən yarandı?
- Təhsil sistemində keyfiyyətin
qaldırılması, ayrı-ayrı müəllimlərin
peşəkar inkişafına dəstək olmaq
üçün bu tip qiymətləndirmələrin
aparılması normal praktikadır. Dünyanın bir çox
ölkələrində belə qiymətləndirmələr
milli və ya regional səviyyədə həyata
keçirilir. Bakıda da belə bir sınaq qiymətləndirmənin
keçirilməsinin əsas məqsədi müəllimlərlə
bağlı mövcud vəziyyəti, müəllimlər
arasındakı mövcud fərqləri dəyərləndirmək,
müəllimlərin əmək fəaliyyətinin
motivasiyasını qaldırmaqdır.
Düşünürük ki, bu sınaq qiymətləndirmənin
nəticəsi olaraq, biz Bakı şəhərində
rayonlar, müxtəlif fənlər, müxtəlif yaş
qrupları və s. faktorlara görə ayrı-ayrı keyfiyyət
göstəricilərinə daha yaxından bələd
olacağıq. Bu, gələcəkdə nazirlik tərəfindən
müxtəlif qərarların verilməsində, müəllimlərin
daha yaxşı hazırlanması istiqamətində müəyyən
tədbirlərin həyata keçirilməsində, həmçinin
ixtisasartırma, müəllimlərin yenidənhazırlığı
işinin təşkili baxımından zəruri olan layihədir.
-
Sınaq qiymətləndirmədə iştirak edəcək
müəllimlər bu prosesə necə hazırlaşa biləcəklər?
- Artıq imtahanın strukturu bəllidir.
İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə
müəyyən kommunikativ qabiliyyətlərin
ölçülməsi ilə bağlıdır.
Düşünürəm ki, müəllimlərdən hər
hansı hazırlıq tələb olunmur. Çünki bu
suallar müəllimlərin gündəlik iş prinsipləri
ilə bağlı olacaq. İxtisasla bağlı suallar daha
çox kurikulumu əhatə edəcək. Suallar siniflər
üzrə strukturlaşdırılacaq. Yəni müəllimin
hansı sinifdə hansı keyfiyyətdə dərs demək
imkanları da müəyyənləşdiriləcək.
Çünki bəzi müəllimlər aşağı
siniflərdə daha rahatlıqla yüksək səriştəlilik
göstərirlər. Yuxarı siniflərdə dərs dedikdə
isə müəyyən mənada çətinlik çəkirlər.
Sualların metodika ilə bağlı hissəsi isə
müəllimlərin tədris zamanı tətbiq etdiyi
müxtəlif metodlar, yeni fənn kurikulumları, yeni
yanaşmalar, hər hansı fəal təlim, interaktiv təlim
metodlarının tətbiqi məsələlərini əhatə
edəcək. Müəllimlər bu suallarla tədrisi
müasir standartlar əsasında nə dərəcədə
qura bilmək qabiliyyətlərinin olduğunu göstərəcəklər.
Sualların kommunikativ hissəsi müəllimlərin
hazırkı emosional durumu, onların ünsiyyət qurma
qabiliyyəti, sinfi idarəetmə, liderlik qabiliyyətlərini
və s. ölçmək üçün aparılan bir
sorğu olacaq.
Çox önəmli məsələlərdən biri
budur ki, sınaq qiymətləndirmə attestasiya və
imtahanla qarışdırılır. Ancaq bunlar fərqli məsələlərdir.
-
Sınaq qiymətləndirmə zamanı zəif nəticə
göstərən müəllimlərin fəaliyyətindəki
zəif məqamlar hansı formada aradan qaldırılacaq?
- Təbii ki, hər bir qiymətləndirmə nəticəsində
müəyyən boşluqlar aşkarlana bilər. Adətən,
belə boşluqların, çatışmazlıqların
aradan qaldırılması üçün hansısa fəaliyyət
planı hazırlanır. Təbii ki, bu barədə nəticələr
məlum olduqdan sonra daha ətraflı danışmaq olar. Amma
ümumilikdə bir məsələ aydındır ki,
sınaq qiymətləndirmə müəllimlərin
ayrı-ayrı sahələr, mövzular, fənlər üzrə
peşəkarlıq səviyyəsini ölçməyə
imkan verəcək. Önəmli olan məsələ məktəblərdə
keyfiyyətli tədrisin təşkilidir. Biz hamımız bunu
qəbul etməliyik ki, məktəbdə müəllim zəif
olarsa, tədrisin keyfiyyəti və təşkili vəziyyəti
də aşağı olar. Bu zəif məqamlar müəyyən
edildikdən sonra nazirlik tərəfindən müəyyən
tədbirlər həyata keçiriləcək. Müəllimlərin
fəaliyyətindəki boşluqları aradan qaldırmaq
üçün təlimlər, yenidənhazırlıq,
ixtisasartırma kursları təlimləri təşkil ediləcək
və müəllimlər bu təlimlərə cəlb
olunacaq.
- Qiymətləndirmənin
nəticələri nə qədər müddətə bilinəcək?
- Qiymətləndirmə Bakıda müxtəlif zonalar,
müxtəlif fənlər üzrə iyun ayı boyunca
keçiriləcək. Qiymətləndirmə keçirildikdən
təxminən 1 həftə-10 gün sonra nəticələr
bilinəcək.
-
Sınaq qiymətləndirmədə yüksək nəticə
göstərən müəllimlərin fəaliyyəti
hansı formada optimallaşdırılacaq?
- Nazirlik tərəfindən çox yüksək
peşəkarlıq səviyyəsinə malik müəllimlər
üçün müəyyən həvəsləndirmə
tədbirlərinin görülməsi, bu müəllimlərin
daha çox dərs saatı ilə təmin edilməsi, dərs
bölgüsünün aparılması zamanı göstərilən
nəticələrin nəzərə alınması nəzərdə
tutulur. Ancaq xüsusi qeyd edilməlidir ki, sınaq qiymətləndirmə
müəllimləri cəzalandırmaq üçün
keçirilmir. Bu, daha çox müəllimlərin mövcud
peşəkarlıq səviyyəsini ölçmək,
nazirliyin gözləntiləri ilə müəllimlərin
mövcud vəziyyəti arasında olan fərqi müəyyən
etmək, müəllimlərin fərqli peşəkar istiqamətini
daha da sürətləndirməkdir.
- Qiymətləndirmədə
yüksək nəticə göstərən müəllimlər
üçün həvəsləndirici tədbirlərin tətbiqinə
gələn tədris ilindən başlanılacaq?
- Bəli. Təbii ki, bu nəzərə alınacaq.
Stimullaşdırıcı tədbirlər peşəkarlıq
səviyyəsi yüksək olan müəllimlərin nazirlik
tərəfindən müxtəlif layihələrə cəlb
olunması, müəyyən qiymətləndirmə layihələrinin,
dərsliklərin hazırlanması, ayrı-ayrı
mövzularla bağlı müəyyən metodiki məsələlərin
həllində iştirakı, ümumiyyətlə, təhsil
islahatlarının həyata keçirilməsində bu müəllimlərin
ideyalarının, yanaşmalarının tətbiqi
formatında ola bilər. Həmin müəllimləri
nümunə kimi digər müəllimlərə göstərməklə
keyfiyyət standartlarını da müəyyən etmək həvəsləndirmə
metodlarından biri ola bilər.
-
Sınaq qiymətləndirmələrin keçirilməsi
dövriliyi necə olacaq?
- Bu qiymətləndirmələr hər il olmasa da,
mütəmadi olaraq keçirilməlidir və keçirilməsi
də nəzərdə tutulur. Çünki bu, həm də
nazirliyin öz işini qiymətləndirməsi və həyata
keçirilən tədbirlərin səmərəliliyini
ölçmək baxımından çox önəmlidir.
-
Sınaq qiymətləndirmənin ilk ixtisas, orta ixtisas və
ali təhsil müəssisələrində
çalışan müəllimlər üçün
keçiriləcəyi gözlənilirmi?
- Hazırda bu qiymətləndirmə ümumtəhsil
müəssisələri üçün keçirilir. Orta məktəblərdə
bu qiymətləndirməni keçirmək nisbətən
asandır, amma ali təhsil müəssisələrində fənlərin
sayı 500-dən daha çox olduğundan onu praktiki olaraq
keçirmək daha çətindir. Buna görə də
hazırda bu məsələ nəzərdə tutulmur.
- Sosial məzuniyyətdə
olan və əmək qabiliyyətini itirən müəllimlər
sınaq qiymətləndirmədə iştirak etməyəcəklər.
Həmin müəllimlərin sonradan bu prosesdə
iştirakı təmin ediləcəkmi?
- Bu müəllimlərin qiymətləndirmədə
iştirakı sosial, tibbi nöqteyi-nəzərdən
mümkün deyil. Buna görə də bu amil nəzərə
alınır. Həmin müəllimlər üçün bu
istisna hallar aradan qalxdıqdan sonra onların da gələcəkdə
qiymətləndirmələrdə iştirakı nəzərdə
tutulur.
www.trend.az,
15.05.2014
Yuliya Kərimova:
"Sınaq qiymətləndirmə bir növ tədqiqatdır"
Bakı
şəhəri Tahir Həsənov adına 23 nömrəli məktəbin
direktoru
Yuliya Kərimovanın "Kaspi"yə müsahibəsi
Müəllimlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi və karyera inkişafı, onların
bilik, bacarıq və səriştəsinin
artırılmasına xidmət edən yeni sistemin
yaradılması - sınaq qiymətləndirilmənin həyata
keçirilməsi istiqamətində Təhsil Nazirliyi ilə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
artıq ilk addım atıb. Hələlik paytaxt məktəbləri
arasında keçirilməsi nəzərdə tutulan sınaq
qiymətləndirmə müəllimlər arasında müxtəlif
suallar yaradıb.
Bakı şəhəri Tahir Həsənov adına 23
nömrəli məktəbin direktoru Yuliya Kərimova
"Kaspi"yə müsahibəsində sınaq qiymətləndirmənin
əhəmiyyətindən danışıb.
- Gələn
aydan müəllimlərin sınaq qiymətləndirilməsinə
başlanılacaq. Sizcə, bu sistem müəllimlərin
peşəkarlığına hansı təsir göstərəcək?
- Sınaq qiymətləndirmənin
birbaşa məqsədi müəllimin hazırkı vəziyyətini
öyrənməkdir. Yəni onlar nəyi bilir, nəyi
bacarırlar. Sınaq qiymətləndirmə müəllimlərin
peşəkarlığını daha da təkmilləşdirmək,
onların ehtiyaclarını öyrənmək məqsədilə
keçirilir. Amerikada da "Ehtiyacların öyrənilməsi"
istiqamətində tədqiqatlar aparılır və həyata
keçirilir. Belə ki, məlumat toplanılır və daha
sonra qərara gəlinir ki, maliyyə nəyə yönəldilsin
və ya daha ehtiyaclı sahələr hansılardır. Bu
perspektivdən yanaşsaq, sınaq qiymətləndirmənin təsiri
çox və pozitiv olmalıdır. Biz sistem olaraq müəllimlərin
bilik səviyyəsini ortaya çıxaracağıq. Həmçinin
"biz nə etməliyik ki, onlar peşəkarlar kimi
inkişaf etsinlər" istiqamətində tədbirlər həyata
keçiriləcək.
-
Sınaq qiymətləndirməni uğursuz keçən
müəllimlər üçün hansı tədbirlər
həyata keçiriləcək?
- Bu sınaq qiymətləndirmə
olduğu üçün, əslində heç bir tədbirin
görülməsi nəzərdə tutulmur. Uzunmüddətli
tədbirə gəldikdə, onlar üçün təlimlər
keçiriləcək, ixtisasartırma kurslarından keçəcəklər.
Biz növbəti sınaqda onlardan daha yaxşı nəticə
gözləməli olacağıq. Müəllim də
başa düşməlidir ki, onun peşəkar kimi
ehtiyacları bu sahədədir və o, öz üzərində
işləməlidir ki, daha da yaxşı işçi olsun.
Bunun tədris yükünə heç bir təsiri
olmamalıdır. Bu sınaqdır, hələ heç
attestasiya da deyil. Sınaq qiymətləndirmə bir növ tədqiqatdır.
-
Ümumiyyətlə, sizcə hazırkı müəllimlər
bugünkü tədris metodlarının tələblərinə
nə qədər cavab verirlər?
- Mənə elə gəlir ki, təcrübəli
müəllimlərdə elə də problem
olmamalıdır. Ola bilsin ki, metodikaya, psixometriyaya aid blokda
hansısa problemlər üzə çıxa biləcək.
Onlar da yenidir, yəni müəllimlərimiz buna tam hazır
deyil. Bəzən bir az təşvişə düşürlər
ki, psixometriya nədir - fəndirmi, sahədirmi və ya
hansısa qabiliyyətdirmi? Biz hazırda materialları toplayır,
müəllimlərlə bölüşüb müzakirə
edirik. Nə qədər ki, insan nəyisə bilmir, onun
üçün nəsə sual altında qalır və o məsələ
təşviş yarada bilir. Ancaq onu həmkarları ilə
müzakirə edəndə, müəyyən hazırlıq
görəndə artıq normal bir hala çevrilir. Müəllim
bir peşəkar kimi öz inkişaf məqsədlərini
müəyyən etməyi bacarmalıdır. Region üzrə
tədqiqatlar göstərir ki, bu, təkcə bizim ölkənin
müəllimlərinin problemi deyil, ümumi problemdir: müəllim
özünün peşəkar inkişaf məqsədini
müəyyən edə bilmir. Müəllimdən "Sənin
daha yaxşı olmaq üçün hansı ehtiyacların
var?" - deyə soruşanda bəzən bu suala cavab verə
bilmir. İndi informasiya və texnologiyaların tətbiqi ilə
bağlı müəllimlərdə "Bilirəm ki, mən
bu proqramdan istifadə edə bilmirəm, bunun üçün
çalışmalıyam, kurikulum öyrənməliyəm"-
tendensiyası da yaranır. Sınaq qiymətləndirmə bu
tendensiyanı daha da qüvvətləndirəcək. O insan
ki, özünün peşəkarlığını və məqsədlərini
müəyyən edə bilir, demək, o, doğrudan da peşəkardır.
Sınaq qiymətləndirmənin qısa müddətli
effektlərindən biri də o olacaq ki, müəllim daha
yaxşı olması üçün "mən nəyi
bacarıram və nə etməliyəm" sualına cavab verə
biləcək.
-
Sınaq qiymətləndirmənin attestasiyaya hazırlıq
kimi dəyərləndirilməsi fikri nə qədər həqiqətdir?
- Mexanizm baxımından və texniki tərəfdən
yanaşsaq, ola bilər. Artıq bir dəfə bu prosesdən
keçən müəllim, ikinci dəfə attestasiyadan
keçəndə müəyyən qədər özünə
güvənmiş olacaq. Bu, məsələnin psixoloji tərəfidir.
Müəllim diaqnostik qiymətləndirmədən sonra nəyi
daha yaxşı öyrənməli olduğunu biləcək.
O, öz üzərində işləyəcək və
attestasiya üçün müəyyən
hazırlığı əldə etmiş olacaq.
www.kaspi.az,
20.05.2014
Vidadi
Bağırov: "Sınaq qiymətləndirilməsi
təhsilin
inkişafına səbəb olacaq"
"Azərbaycanda müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirilməsi
çox vacibdir". Bunu Lent.az-a açıqlamasında təhsil
eksperti, əməkdar müəllim Vidadi Bağırov
bildirib. Onun sözlərinə görə, müəllimin
bilik və bacarığı onun şagirdi ilə
ölçülür: "Müəllim nə qədər
bilikli, təcrübəli olacaqsa, onun dərs dediyi şagirdlər
də yaxşı olacaq".
Təhsil eksperti vurğulayıb ki, sınaq qiymətləndirilməsi
Azərbaycan təhsili üçün faydalı olacaq.
"Bununla müəllimlərin ehtiyacları öyrəniləcək.
Həmçinin, həmin ehtiyacların aradan
qaldırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən
tədbirlər görüləcək", - deyə
V.Bağırov əlavə edib.
V.Bağırov onu da qeyd edib ki, müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirilməsi
təhsil işçilərinin attestasiyasına
hazırlıq kimi də dəyərləndirilməlidir.
"Sınaq qiymətləndirilməsi ilə real vəziyyət
qiymətləndiriləcək. Ümumilikdə bu, təhsilin
inkişafına səbəb olacaq".
Qeyd edək ki, sınaq qiymətləndirmədə
Bakı məktəblərində daimi müəllim vəzifəsini
tutan müəllimlər və analıq məzuniyyəti yerinə
müddətli müqavilə ilə işləyən müəllimlər
(digər ümumtəhsil müəssisəsində müəllim
işləyən əvəzçilər istisna olmaqla)
iştirak edəcək. Qiymətləndirmədə məktəb
direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar,
uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə
olan və müvəqqəti əmək qabiliyyətini itirən
müəllimlər iştirak etməyəcək.
www.lent.az,
15.05.2014
"Müəllimlərin
gələcək attestasiyası asanlaşacaq"
Təhsil naziri Mikayıl
Cabbarov müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi barədə əmr
imzalayıb. Əmrə əsasən gələn aydan
başlayaraq, Bakı məktəblərində
çalışan müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi aparılacaq.
"Müəllimlərin sınaq qiymətləndirilməsi
təhsil sistemində müsbət irəliləyişə səbəb
olacaq". Bunu Simsar.az-a Sumqayıt Şəhər Təhsil
Şöbəsinin keçmiş müdiri, təhsil eksperti
Vidadi Bağırov müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsini şərh edərkən
deyib. Onun sözlərinə görə, bu gün cəmiyyətimizdə
texnoloji yeniliklər baş versə də, şagirdlərin təlim-tərbiyə
prosesində müəllimlər stimulverici qüvvə olaraq
qalır.
Vidadi Bağırov əlavə edib ki, sınaq qiymətləndirilməsinin
aparılması ilə müəllimlərin ehtiyacları
öyrənilməli, gələcəkdə onların peşəkarlığının
daha da inkişaf etdirilməsi üçün yeni işlər
aparılmalıdır: "Bununla müəllimlərin gələcək
attestasiyası, ixtisasartırma kurslarının təşkili,
dərsliklərin təkmilləşdirilməsində müsbət
dəyişikliklər əldə edilə bilər".
www.simsar.az,
21.05.2014
Azərbaycan
müəllimi.- 2014.- 23 may.- S.6-7.