Xalq şairi məktəblilərin qonağı oldu

  

Bakıdakı 51 nömrəli tam orta məktəbdə xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi. Tədbiri məktəbin direktoru Lətafət Səmədova açaraq qonaqları salamladı. O, şairin məktəblilərlə görüşünün xüsusi əhəmiyyət daşıdığını, onların poeziyaya, ədəbiyyata dərindən həvəs göstərdiklərini və belə tədbirlərin bütün iştirakçıların yaddaşında silinməz iz qoyacağını vurğuladı.

Sonra N.Həsənzadənin həyat və yaradıcılığını əks etdirən slayd təqdim edildi. Slaydda şairin ümummilli lider Heydər Əliyevlə, ədəbiyyat və incəsənət xadimləri ilə müxtəlif illərdə çəkilmiş şəkilləri nümayiş olundu.

Məktəbin 3 "a" sinif şagirdləri Xəlil və İlahə bir daha şairi salamladılar, onun şeirlərini sevə-sevə oxuyub əzbərlədiklərini söylədilər. Sonra həmin sinfin şagirdlərindən Tahir, Mətin, Xəyalə, Əsgər, Mütalib, Sinan, Züleyxa, Mirnəsib, Əsəd, Səma, Aygün, Hökümə, Rəsul, Ayxan, Nihat və başqaları Nəriman Həsənzadənin "Azərbaycan", "Heykəl", "Mən", "Zirvə", "Yaşamaq öyrədir təbiət bizə" və digər şeirlərini toplaşanların diqqətinə çatdırdılar. Şəfanın ifa etdiyi "Gül bir az" mahnısı tədbirə xoş ovqat qatdı.

III sinif şagirdi Ləman Həşimovanın gözəl rəqsi, hələ məktəbə qonaq kimi gələn balaca Nərgizin söylədiyi "Nəzrin gör kim olacaq" şeiri, şagirdlərdən Sevinc və Nurayın ifa etdikləri bədii nümunələr, İlhamın sazda çaldığı aşıq musiqisi, Nigar və Tamerlanın oxuduğu "Sən bağışladın" və "Sənsən həyatım" mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Tədbirin sonunda direktor L.Səmədova məktəblilərlə görüşə görə xalq şairinə təşəkkür etdi. Bildirildi ki, şairin şeirlərini oxuduqca insanda anaya, Vətənə, torpağa, bizi əhatə edən insanlara ən xoş, ülvi hisslər oyanır. Sonda məktəbin "Fəxri müəllimi" adının verilməsini təsdiq edən diplom və xatirə hədiyyələri Nəriman Həsənzadəyə təqdim edildi.

Nəriman Həsənzadə məktəblilərlə görüşün onda unudulmaz anlar yaşatdığını bildirdi, şeirlərindən nümunələr səsləndirdi.

Tədbirin yüksək səviyyədə təşkilində məktəbin müəllimlərindən Səkinə İbadova, Almaz Novruzova, Səadət Məmmədova və başqalarının xüsusi əməyi olduğu qeyd edildi.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə, Səbail Rayon İcra Hakimiyyətinin ictimai-siyasihumanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlmaniz Ələkbərov, "Yada düşdü" jurnalının təsisçisi Nəzakət Məmmədova və başqa qonaqlar iştirak edirdilər.

 

Qabil YUSİFOĞLU

  

Azərbaycan müəllimi.- 2014.- 23 may.- S.10.