Oturaq həyat tərzi və profilaktika yolları

 

İldən-ilə təhsil proqramları və üsulları mürəkkəbləşir, mükəmməlləşir və uşaqların sərbəst yaradıcılıq imkanları artır. Lakin məktəblilərin təlim-tərbiyə prosesi zamanı elə problemlərlə rastlaşırıq ki, onları müəllim, həkim və valideynlərin birgə səyi nəticəsində həll etmək mümkündür. Belə problemlərdən biri və ən vacibi fiziki fəallıqdır. Hərəkət bütün canlılara məxsus olan həyat əlamətidir. Orqanizmin hərəkətə olan bioloji tələbatı - "kinezofiliya" adlanır. Hərəki fəallıq uşaq və yeniyetmələrin sağlam həyat tərzinin əsas komponenti hesab edilir.

Sağlamlıq və sutkalıq hərəki fəallıq qarşılıqlı olaraq əlaqəlidir. Hərəkətin və fiziki tərbiyənin sağlamlaşdırıcı rolu aşağıdakılardan ibarətdir:

- Patogen mikroorqanizmlərin və ətraf mühitin əlverişsiz amillərinin təsirinə orqanizmin qeyri-spesifik davamlılığını artırır, nəticədə xəstələnmələrin azalmasına səbəb olur,

- Böyümə və inkişaf proseslərini stimulə edir, orqanizmin mühim sistemlərini inkişaf etdirir, funksiyaları təkmilləşdirir,

- İstilik tənzimi reaksiyalarının güclənməsi nəticəsində soyuqdəymə xəstəliklərinə qarşı orqanizmin davamlılığını artırır,

- Hərəki analizatorların vaxtında formalaşması, əsas fiziki keyfiyyətlərin (güc, itilik, cəldlik, dözümlülük, müvazinət, koordinasiya) inkişafı nəticəsində orqanizmin normal qabiliyyəti təmin edilir,

- Baş-beyin qabığı tonusunun artması və müsbət emosiyaların yaranması ilə ruhi sağlamlığın mühafizəsi və möhkəmləndirilməsinə səbəb olur.

Hərəkət azlığı "hipokineziya" və ya "hipodinamiya" adlanır. Hərəki azlığın hansı səviyyədə olması və nə qədər davam etməsindən asılı olaraq orqanizmdə baş verən dəyişikliklər müxtəlif olur. Gündəlik həyatda hərəki fəallığın kifayət qədər olmaması ilk əvvəl orqanizmin adaptasiyasına və yeni fəaliyyət səviyyəsinə uyğun olaraq yenidən qurulmasına səbəb olur. Belə fizioloji yenidənqurulma orqanizmin vəziyyətində zahirən əks olunmur. Lakin orqanizmin rezerv imkanlarını səfərbər etmək lazım olan ekstremal vəziyyətlərdə hipokineziyanın nəticələri özünü büruzə verir.

Hərəki fəallıq məhdudiyyətinin davam etməsi patologiya (xəstəlik) qabağı vəziyyətlərin inkişafına gətirib çıxarır. Bu vəziyyətin səciyyəvi əlamətlərinə aiddir:

- Orqanizmin ümumi qeyri-spesifik rezistentliyinin azalması (tez-tez xəstələnmə),

- Fiziki zamanı tez yorulma,

- Vegetativ funksiyaların aşağı funksional imkanları və hərəki keyfiyyətlərin inkişafının geri qalması,

- Fiziki inkişafda dəyişikliklər - adətən, artıq piy hesabına kütlə artıqlığı (fiziki inkişafın pozulması, artıq çəki), qamət pozulmaları, skoliozlar, kifozlars.

Hələ Ərəstun (Aristotel) öz zamanında söyləmişdi: - "Uzunmüddətli fiziki hərəkətsizlik qədər insanın məhvinə səbəb olan başqa bir şey yoxdur". Texnologiyaların yüksək səviyyədə inkişaf etdiyi, texnoloji komfort şəraiti yaranan   müasir dövrümüzdə isə azhərəkətli həyat tərzi problemi, xüsusilə də, hərəki fəaliyyətə böyük ehtiyacı olan uşaq və yeniyetmələr üçün aktual məsələlərdən hesab edilir.

Uşaq və yeniyetmələrin oturaq həyat tərzinə keçməyinin bir sıra səbəbləri vardır. Bu səbəblərdən biri dövrün tələbi olan məktəb tədrisinin intensifikasiyasıdır. Elmtexnika inkişaf etdikcə məktəblilərin gələcək həyatları üçün daha çox informasiyanın, biliyin alınması zərurəti yaranır. Bu, məktəblilərin tədrisə ayırdığı vaxtın artmasına gətirib çıxarır. Kiçik siniflərdə 5-6, yuxarı siniflərdə 7-8 dərs uşaq və yeniyetmələrin 4-7 saatını məktəbdə oturaq vəziyyətdə keçirməsinə səbəb olur. Daha sonra ev tapşırıqlarının yerinə yetirilməsi gün ərzində onları 2-4 saat ərzində masa arxasında oturmağa məcbur edir. Yuxarı siniflərdə, ali məktəblərə hazırlıq dövründə isə bu vaxt artaraq hətta 7-8 saat, bəzən də daha çox təşkil edir. Digər tərəfdən, həyatımıza sıx daxil olmuş müxtəlif kompüter texnikaları, videooyunlar, sosial şəbəkələr, televiziya verilişləri öz təsirini göstərir. Əvvəllər hər asudə, hətta boş olmayan vaxtlarında belə həyətə can atan uşaq və yeniyetmələri, hazırda  asudə vaxtlarının böyük hissəsini kompütertelevizor arxasında keçirən nəsil əvəz etmişdir. Beləliklə, müasir uşaq və yeniyetmələrin ayıq qalma vaxtının 80-90 faizi oturaq vəziyyətdə keçir. Oturaq həyat tərzi keçirən uşaqlarda tez yorulma baş verir, qabiliyyəti enir, tez-tez baş ağrıları olur. Bundan əlavə, vaxtının çox hissəsini kompüter və TV arxasında keçirən məktəblilərdə görmə problemləri ilə yanaşı, emosional gərginlik yaranır ki, bu da yuxunun pozulması, qabiliyyətinin aşağı enməsinə səbəb olur.

Oturaq həyat tərzi nəticəsində qan dövranı yavaşıyır, orqantoxumalara qan vasitəsi ilə daşınan oksigenqida maddələri azalır. Nəzərə alsaq ki, bu yaşlar orqanizmin böyümə və inkişafı, formalaşması dövrüdür, orqan və sistemlərin qidalanmasının belə pisləşməsi onların normal inkişafının pozulmasına gətirib çıxarır və patologiyaların yaranmasına səbəb olur. Belə uşaqlarda tədricən onurğa əyilmələri, yaxından görmə, həzm  sistemi problemləri, müxtəlif xəstəliklər inkişaf edir, bir sıra xəstəliklərin isə rüşeymi qoyulur. Məlumdur ki, inkişaf dövründə skelet və əzələlər düzgün formalaşmırsa, nəinki dayaq və hərəkət funksiyaları, həmçinin vegetativ funksiyalar - qan dövranı, tənəffüs, həzm, ifrazat və nəsil artırma funksiyaları da pozulur. Hərəki fəallığın azalması əsas mübadilə səviyyəsinin, arterial qan təzyiqinin enməsinə, əzələ kütləsinin, qan plazmasının həcminin və eritrositlərin sayının azalmasına səbəb olur.

Bəs bunun qarşısını necə almaq olar? Əlbəttə, ilk növbədə, uşaqların gün rejiminin düzgün qurulması mühüm əhəmiyyət daşıyır. Gün rejiminin mühüm əhəmiyyətli sağlamlıq amili olan komponenti açıq havada gəzintilərdir. Məktəblilərin gün rejimində fəal istirahətə kifayət qədər vaxt ayrılmalı və bu vaxta riayət edilməlidir. Bu komponent fəaliyyət prosesində orqanizmin enmiş funksional vəziyyətinin və qabiliyyətinin bərpası üçün ən səmərəli istirahət növüdür. Gəzintilərin səmərəliliyi qanın oksigenlə zənginləşməsi, oksigenləşdirmə proseslərinin və toxuma tənəffüsünün yaxşılaşdırılması, üzvtoxumalarda yerləşmiş reseptorlardan gələn impuls sellərinin baş-beyin qabığına və qabıqaltı törəmələrə olan tonuslaşdırıcı təsiri ilə əlaqədardır. Açıq havada hərəkətli oyunlar, orqanizmin möhkəmləndirilməsi, ultrabənövşəyi şüa çatışmazlığı və hipodinamiyanın profilaktikasında da təsirli vasitədir. Məktəblilər ev tapşırıqlarından əvvəl və sonra, gecə yuxusundan əvvəl açıq havada olmalıdırlar. Məktəbli 1,5-2 saat açıq havada olduqdan sonra onun qabiliyyəti yüksəlir. Kiçikyaşlı məktəblilərdə açıq havada ümumi olma müddəti 3-3,5 saat, orta yaşlı məktəblilərdə 2,5-3 saat, yuxarı siniflərdə isə 2-2,5 saat təşkil etməlidir. Müasir şəraitdə məktəblilərin həddən artıq yüklənməsi gün rejiminin məhz bu komponentinin pozulmasına səbəb olur: açıq havada olma müddəti qısalır, uşaqların hərəki fəallığı azalır.

Valideynlər kişik yaşlardan uşaqlarda səhər idmanı etmək vərdişi formalaşdırmalıdırlar. Yaxşı olar ki, səhər idmanı açıq havada (bağda, parkda) qaçış və müxtəlif idman hərəkətləri formasında olsun. Uşaqların sağlamlığından asılı olaraq onların əlavə idman növləri ilə məşğul olması da məqsədəuyğundur.

Məktəblilərin ev tapşırıqlarını yerinə yetirdikləri zaman hər 45 dəqiqədən bir 5-10 dəqiqə ərzində idman hərəkətləri etməsi də orqanizmdə olan statik gərginliyin və oturaq vəziyyət nəticəsində yaranan qan durğunluğunun aradan qaldırılmasına kömək edir.

Məktəblərdə oturaq həyat tərzi problemlərinin profilaktikası məqsədilə müxtəlif tədbirlər görmək olar. Bu tədbirlərə dərslər başlamazdan əvvəl 10-15 dəqiqə müddətində səhər idmanının təşkil edilməsi, dərslər zamanı, xüsusilə də kiçikyaşlı məktəblilər üçün dərsin 20-ci dəqiqəsində 2-4 dəqiqəlik idman pauzalarının təşkilini aid etmək olar. Məktəblərin həyətində tənəffüs zamanı məktəblilərin fəal oyunları üçün xüsusi zonalar ayrılmalı və 2-3-cü dərsdən sonra tənəffüsdə müəllimlərin nəzarəti altında şagirdlərin hərəkətli oyunları təşkil edilməlidir. Məktəblilərin tədris zamanı hərəki fəallığını artırmaq üçün hazırda bir sıra ölkələrdə (ABŞ, Almaniya, Rusiyas.) dərs məşğələlərinin bir hissəsini ayaq üstə keçirməyə imkan verən kontorkalardan istifadə edilir. Tədrisin belə təşkili zamanı məktəblilərdə fəallıq artır, qabiliyyəti yüksəlir, yorulma gec baş verir.

Sonda XVIII əsrdə yaşamış fransalı həkim Tissonun sözlərini yada salmaq istəyirəm: "Hərəkət, təsirinə görə demək olar ki, bütün dərmanları əvəz edə bilər, lakin, dünyanın bütün dərmanları hərəkətin təsirini əvəz edə bilməz".

 

Şəhla BALAYEVA,

Azərbaycan Tibb Universitetinin uşaq

yeniyetmələr gigiyenası kafedrasının dosenti

 

Azərbaycan müəllimi.- 2014.- 30 may.- S.7.