Peşəkar bərbərlər necə hazırlanmalıdır?

  

Bu iş 18 nömrəli Bakı Peşə Liseyində müasir yanaşmalar baxımından qurulub

 

Təhsilin bütün sahələrində olduğu kimi, ilk peşə-ixtisas təhsilində də keyfiyyətin yüksəldilməsinə hədəflənmiş islahatlar həyata keçirilir. İlk peşə-ixtisas təhsili müəssisələrində istənilən peşənin tədrisi bugünkü təhsilalanlar üçün gələcəkdə bəlkə də bütün istək və arzularına çatmağa açılan qapıdır. Peşə seçimində "bərbər" ixtisasının xüsusi yeri var. Bərbərlik qədimdən yaranmış və bu günümüzədək mükəmməl bir inkişaf yolu keçmişdir. Bu peşə inkişaf edib mükəmməlləşdikcə onun tədrisinə qoyulan tələblər də artmaqdadır.

"Müasir Azərbaycan Peşəkarları" layihəsi çərçivəsində liseydə "Bərbər"  ixtisası üzrə "Eldar Studio" şirkəti ilə bağlanmış  birgə müqaviləyə əsasən müasir tədris bazası yaradılmışdır. Tədris emalatxanası ilə birgə nəzəri təlim otağı da qurulmuşdur.

Yüksəkixtisaslı peşəkar bərbərlərin hazırlanması təhsilverənlərdən zəruri bilik, bacarıq və yüksək peşəkarlıq tələb edir. Artıq ənənəvi təlim üsul və metodları özünü doğrultmur, daha yeni tədris texnologiyaları tələb olunur. Ona görə də təhsilverənlər müasir təlim metodlarına yiyələnmək üçün Təhsil Nazirliyinin və beynəlxalq təşkilatların birgə təşkil etdiyi seminar və treninqlərdə iştirak edirlər. Bu seminar və layihələrdə özünü doğrultmuş, kompetensiyalara əsaslanan modul proqramı bərbər peşəsi  təliminin metodikasında dəyişikliklər yaradır. Modul proqramı üçün fəal təlim metodunun tətbiq edilməsi, təlimi aparmaq üçün şəraitin yaradılması, eyni zamanda hər hansı əmək fəaliyyətini həyata keçirə bilmək üçün lazımi səviyyədə bilik, bacarıq, səriştə, yanaşma və davranışa malik olmaq vacibdir.

Peşəkar bərbər nəyi bilir (bilik), nəyi bacarır (bacarıq),  nəyi etmək istəyir (yanaşma) və bunu necə edir (davranış) məfhumlarının birləşməsinin nəticəsi deməkdir. Bütün bunlara yiyələnmək üçünsə mənəvi təlimə əsaslanan yeni təlim metodlarının tətbiqi və mənimsədilməsi vacibdir. Bunun üçün, ilk növbədə, yaxşı şərait, əyani vəsaitlər və yeni dərsliklərlə təchiz olunmuş dərs otaqları, tədris istehsalat emalatxanası, müasir texnika, yeni alət və avadanlıqlar lazımdır.

Tələb olunan bilik hər bir modul üzrə müəyyən edilməli, ayrıca nəzəri fənn kimi yalnız mühazirə şəklində deyil, praktik məşğələlərlə öyrənilməlidir. Təhsilalanlar modulu öyrəndikdən sonra hansı bilik və bacarıqlara nail olacaqlarını, nailiyyətlərinin necə qiymətləndiriləcəyini əvvəlcədən bilməlidirlər. Təhsilalanlar "funksional xəritə", "təlim modulu" (nəzəri və praktiki), qiymətləndirilmə forması ilə tanış edilməli,  məşğələ çərçivəsində mənimsəniləcək əməliyyatlar onlara nümayiş etdirilməli, sonra isə nəzəri biliyin mənimsənilməsinə nail olunmalıdır. İxtisas üzrə nəzəri və praktik təlim bir təhsilverən tərəfindən aparılarsa daha məqsədəuyğun hesab edilər.

"Bərbər" ixtisası üzrə tədris "Eldar Studio"nun dəstəyi ilə Pivot-point metodu da daxil olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)" əsasında  modul tipli proqramların tətbiqi ilə aparılır. İxtisas üzrə dərs proqramı (modullar) aşağıdakı vəzifələri əhatə edir:

* Əməyin təhlükəsizliyi və sağlamlığın qorunması təlimatlarına əməl etmək;

* Sanitariya və gigiyena qaydalarına əməl etmək;

* Alət, avadanlıq və materiallarla tanışlıq;

*  Alətlərlə işləmək üsullarını mənimsəmək;

* Müştəriyə xidmət zamanı hazırlıq və yekun işləri;

* Qadın, uşaq, kişi saç kəsimlərini yerinə yetirmək;

* İsti və soyuq üsulla saçın formaya salınması;

* Saçın rənglənməsi (müxtəlif formalarda);

* Saç düzümləri, müxtəlif hörüklər;

* Saçın kimyəvi burulması və düzləndirilməsi;

* Saçın qaynaq edilməsi.

Modul bloku üzrə vəzifələr 5 modul bazasına bölünür. Modul A-da bərbər işinin təşkili; salonda istehsalat sanitariyası və iş yerinin, eləcə də istifadə olunacaq vasitələrin gigiyena tələbləri, əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi tələbləri qoyulmuşdur. Modul B-də alət və avadanlıqlarla tanışlıq, onlarla işləmə qaydalarını əhatə edən mövzular verilmişdir. Modul C-də saç düzümü və müxtəlif hörüklər, Modul D-də müştəriyə xidmət, saçın tipi, strukturu, saçın hissələrə ayrılması, saç kəsiminin forma və metodları,  uşaq, qadın, kişi saç kəsimləri, saç kəsimində istifadə olunan əməliyyatlar, saçın qaynaq edilərək uzadılması mövzuları yerləşdirilib. Modul E-də saçın soyuq və isti üsulla düzümə salınması, saçın müxtəlif növ boyalarla rənglənməsi, refle, ambre, kolorirovani edilməsi, kimyəvi burulma və kimyəvi düzləndirilməsi, saçın qaynağı  mövzuları verilmişdir.

Bütün bu mövzuların tədrisi üçün funksional xəritə hazırlanır və qarşıya qoyulmuş məqsədə, nəticəyə çatana qədər addımlarla aparılır.

Hər şeydən əvvəl aşağıdakı ilkin şərtlərə (tələblər, bacarıqlar) əməl olunmalıdır:

1. İş yerində təhlükəsizlik qaydalarına əməl olunması;

2. Sanitariya və gigiyena tələblərinə əməl olunması;

3. Müəyyən jestlərlə ünsiyyət qurmaq;

4. Etika və elementar əxlaq normalarına əməl olunması;

5. Səliqəli geyim, yaxşı görkəm və gülərüzlülük;

6. Yaxşı nitq, danışıq qabiliyyəti;

7. Alətlərlə və elektrik avadanlıqları ilə işləmək bacarığı;

8. Boyalarla, kimyəvi məhlullarla işləməyi, onlardan necə istifadə etmək bacarığı;

9. Başın yuyulmasında istifadə olunan üsul və vasitələri bilmək;

10. İşləyərkən saçlarla düzgün davranmağı bacarmaq;

11. İşi düzgün qiymətləndirməyi və müştəri ilə qiyməti razılaşdırmağı bacarmaq.

İşin sonunda ilkin şərtlərə əməl olunub- olunmaması barədə test verilir.

Xüsusi-ixtisasdan nəzəri dərsdə biliyin mənimsənilməsini yoxlamaq üçün isə əyanilikdən istifadə edərək müzakirə keçirilir.

İstehsalat təlimi dərsində isə əvvəlcə əməliyyatlar ardıcıl addımlarla nümayiş etdirilir, sonra bacarıqların mənimsənilməsi üçün tapşırıqlar verilir. Təlimin uğuru ondadır ki, tələbə öz bacarıqlarını həm nümayiş edir, həm də başqasını öyrədir.

Modul metodunun tətbiqi ilə təlim, nəticəyə çatana qədər addımlarla aparıldığı kimi, "Müasir Azərbaycan Peşəkarları" layihəsi də dəqiq addımlarla ardıcıllıqla məqsədə yaxınlaşır. Qeyd etdiyimiz kimi bu layihə üzrə bərbər ixtisasından dərslər nümunəvi tədris planı əsasında və Pivot-point metodikası ilə tədris edilir. Ona görə də hər modulun sonunda imtahanlar aparılır. Xüsusi texnologiya fənnindən nəzəri imtahan birbaşa praktiki fəaliyyətə inteqrasiya olunmuş formada keçirilir. Belə ki, şagirdlər nəzəri olaraq bildiklərini danışa-danışa eyni zamanda bacarıqlarını da nümayiş etdirirlər. İmtahanlar mətbuatda, sosial şəbəkələrdə və liseyin İnternet saytına yerləşdirilir. Təhsilalanlar məişət xidməti salonlarında  istehsalat təcrübəsinə göndərilir. İstehsalat təcrübəsində daha güclü bilik və bacarığa malik olanlar həmin müəssisələrdə müqavilə əsasında işlə təmin olunurlar.

Aprel ayında tələbələrimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihə çərçivəsində təşkil  etdiyi xeyriyyə aksiyasında iştirak edərək  Bakı səhəri Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli internat məktəbində təhsil alan 100 nəfər şagirdə bərbər xidməti göstərmişlər. Onlar valideyn himayəsindən  məhrum olmuş uşaqların saçlarını kəsib, müxtəlif saç düzümləri və hörüklər etmişlər. Bu aksiyada məqsəd təhsialanlarda peşəkarlığı inkişaf etdirməklə bərabər xeyirxahlıq hisslərinin aşılanmasına da nail olmaqdır.  

Liseydə "Müasir Azərbaycan Peşəkarları" layihəsi bir neçə ixtisas üzrə uğurla həyata keçirilir və demək olar ki, əsl peşəkarlar hazırlanır. Aidiyyəti üzrə digər tədris müəssisələrində "ustad dərsləri" təşkil edilmişdir. Onu da qeyd edək ki, bu təlim sistemində yaş məhdudiyyəti yoxdur. Liseydə birillik  dövlət qrupundan başqa ödənişli əsaslarla 3, 5 aylıq qısamüddətli bərbər kursları fəaliyyət göstərir. Bərbər kursunda  təhsilalanların hər birinə lisey tərəfindən alətlər dəsti və şinyonlu maneken (balvanka) təqdim olunur. 1-ci tədris qrupu üzrə qısamüddətli kursda 15 nəfər şagird təhsilini bitirmiş, dövlət imtahanı verərək həm nazirliyin, həm də "Eldar Studio"nun sertifikatlarını almışlar, 2-ci qısamüddətli kurslarda tədris prosesi davam edir. Yaxın zamanlarda liseydə ustalar və ixtisasını artırmaq istəyənlər üçün ixtisasartırma (peşəkar yüksəliş) kursları təşkil olunacaq. Bu kursların tədrisi üçün liseydə lazım olan şərait yaradılmış, plan və proqramlar hazırlanmış, hər modulun ayrıca texnoloji xəritəsi işlənmiş və metodiki şurada müzakirəyə çıxarılmışdır.

Ümidvaram ki, "Müasir Azərbaycan Peşəkarları" layihəsi ilə başlayan və getdikcə inkişaf edən, yeni metodların tətbiq edilməsi prosesi bəyəniləcək, iş üsulumuz başqa tədris müəssisələrinin də marağına səbəb olacaq və peşə təhsilində yeni nailiyyətlərə yol açacaq.

Aşağıda modul elementi üzərində modul siqmentlərinin tətbiqi ilə əlaqədar nümunəni təqdim edirik:

Modul elementi - "Qıvrım  saçın kimyəvi üsulla uzun müddətli düzləndirilməsi";

* Qıvrım saçın uzunmüddətli düzləndirmək;

* kimyəvi məhlullardan düzgün istifadə edərək sağlam və gözəl saçlara nail olmaq.

Əməliyyatın texnoloji ardıcıllığı aşağıdakı kimidir:

1. Müştərinin qarşılanması,

2.Müştərinin istəyinin soruşulması,

3. Qiymətin təklif olunması və razılaşdırılması,

4. Alət və ləvazimatların  seçilib hazırlanması,

5. Düzləndirici məhlulun seçilməsi və müştərinin məhlula qarşı allergiyasının yoxlanması,

6. Saçın hissələrə ayrılması,

7. Seçilmiş məhlulun saça çəkilməsi və daranması,

8. Məhlulun saçdan yuyulması,

9. Fiksajın saça çəkilməsi və daranması,

10. Fiksajın yuyulması,

11. Saçın qurudularaq formaya salınması.

Mövzunun texnoloji xəritəsi hazırlanır.

Təlim elementində bölünmüş addımların özünü də xırda addımlara bölüb təlimin daha sadə və anlaşıqlı olmasına nail ola bilərik.

Hər addımın sonunda alınan nəticə üçün sual - test verilir ki, bu da tam mənimsənilməyə kömək edir.

 

Addım 1. Müştərinin qarşılanması.

* Əgər müştəri bu salona ilk dəfə gəlirsə onda ona salonda görülən işlər barədə məlumat verilir.

* Salonda görülən işləri əks etdirən fotoşəkillər, kataloqlar təqdim edilir, video və disk görüntüləri nümayiş etdirilir.

* Müştəriyə saç kəsimi, saç düzümü, yaxud onu maraqlandıran başqa  əməliyyatlar haqda suallar verilir.

* Müştəri ilə ünsiyyətdən onun işi, xasiyyəti və stili haqda müəyyən fikir söyləmək mümkündür.

 

Addım 2. Müştərinin istəyinin soruşulması.

* Müştəri saçını düzləndirmək istədiyini bildirir.

* Usta qıvrım saçda düzləndirmənin bir neçə növü haqda məlumat verir: (fen və şotka ilə düzləndirmə, ütü fenlə düzləndirmə və kimyəvi üsulla uzunmüddətli düzləndirmə).

* Usta fen və şotka ilə düzləndirmənin yerinə yetirilməsi və saçda qalma müddətini izah edir.

* Müştəriyə ütü fenlə düzləndirmənin necə yerinə yetirilməsi və saçda qalma müddəti haqda danışır.

* Usta müştəriyə qıvrım saçda kimyəvi düzləndirmənin necə yerinə yetirilməsi, uzunmüddətli olması və kimyəvi məhlullar haqqında məlumat verir.

* Müştəri uzunmüddətli kimyəvi düzləndirməni seçdiyini dəqiqləşdirir.

 

Addım 3. Qiymətin  təklif olunması.

Ustanın təqdimatlarından sonra müştəri kimyəvi düzləndirmə istədiyini deyir.

Kimyəvi düzləndirmə əməliyyatı dəqiqləşdirildikdən sonra usta tərəfindən müştəriyə işin qiyməti təklif olunur. Qiymət, saçın uzunluğundan, qalınlığından və istifadə ediləcək məhlulun qiymətindən asılı olaraq deyilir.

 

Addım 4. Alətlər və materiallar  seçilir.

Lazım olan ləvazimatlar əl altına düzülür.

 

Addım 5. Düzləndirici məhlul seçilir.

* Saçı düzləndirmək üçün müxtəlif düzləndirici məhlullardan istifadə olunur; - keratin, qlatt, vellostrat, lokon və s.

* Lokon məhlulunu usta özü hazırlayıb lazımi vəziyyətə gətirir. Belə ki, lokonun tərkibinə un, nişasta, bitki yağı qatılaraq smetan qatılıqda məhlul hazırlanır.

* Keratin, qlatt, vellostrat məhlulları hazır halda satılır. Qutunun içində 2 tubik yerləşir; -düzləndirici və fiksaj.

* Ola bilər ki, seçilən məhlula qarşı müştərinin allergiyası olsun. Ona görə də məhluldan bir az müştərinin qulağının ardına çəkilir və 10-15 dəqiqə gözlənilir.

* Heç bir qızartı və ya səpki olmasa əməliyyata başlanır, yox əgər allergiyası olarsa əməliyyat dayandırılır. 

* Əgər hər şey qaydasındadırsa müştərinin üzərinə örtük salınır.

 

Addım 6. Saç hissələrə ayrılır.

* Əməliyyata saçın hissələrə ayrılması ilə başlanır. Saç ilk olaraq qulaqdan - qulağa 2 hissəyə ayrılır.

* Başın ön hissəsindəki saçlar daraqla ayrılaraq sıxac vasitəsilə bağlanır ki, arxa saçlara qarışıb işə mane olmasın.

* Başın  arxa hissəsində boyunardı  nahiyəsində saç üfiqi xətlərlə ayrılır.

* Saç üfiqi xətlə ayrıldıqdan sonra saçın uzunluğundan asılı olaraq karton  seçilir.

 

Addım 7. Saça məhlul çəkilir.

* Birinci hissə ayrılmış saçlar karton üzərinə qoyulur və məhlul çəkilir.

* Məhlul çəkilmiş saçlar xırda dişli daraqla daranır və kartonun üzərinə yapışdırılır.

* Bu qayda ilə bütün saçlar hissə-hissə ayrılır və məhlul çəkilərək daranır.

* Məhlul saça tam çəkilib qurtardıqdan sonra saçlar 30 dəqiqə daranır. Bu daranma saçda olan qıvrımların tam açılması üçündür.

 

 Addım 8. Məhlul saçdan yuyulur.

* Saç daranıb qurtardıqdan sonra məhlul saçdan yuyulmalıdır.

* Heç bir yuyucu vasitədən istifadə etmədən saç ilıq su ilə yuyulur. Çalışmaq lazımdır ki, saçda məhlul qalmasın.

* Yuyulmuş saçlar dəsmala bükülür.

* Saçlar yarı nəm halda qurudulur. Tam qurutmaq olmaz.

 

Addım 9. Saça fiksaj çəkilir.

* Fiksaj düzləndirmə əməliyyatını möhkəmlətmək məqsədi ilə edilir.

* Fiksaj nəm saçlara çəkilir.

* Fiksaj məhlulun çəkildiyi ardıcıllıqla arxa boyunardından başlayaraq aparılır.

* Fiksaj çəkilib qurtardıqdan sonra saçlar xırda dişli daraqla 15 dəqiqə daranır.

 

Addım 10. Fiksajın saçdan yuyulması.

* Vaxt bitdikdən sonra fiksaj saçdan yuyulur.

* Saç əvvəl şampunla yuyulur.

* Balzamla yaxalanır.

* Yuyulmuş saçdan məhlulun qoxusu gəlir. Ona görə də saçı xüsusi spreylə və ya sirkəli, limonlu su ilə yaxalamaq lazımdır.

* Bir litr suya 1qaşıq sirkə, yaxud limon suyu tökərək suyu neytrallaşdırmaq olar.

* Sirkəli su pis qoxunu götürməklə yanaşı saça parıltı verir.

* Texnoloji prosesin sonunda saçlar fen vasitəsilə qurudulur.

* Müştəri görülmüş işdən razı halda xüdahafisləşərək salonu tərk edir. 

 

Mərziyə İSMAYILOVA,

18 nömrəli Bakı Peşə Liseyinin nəzəri fənn

müəllimi və istehsalat təlimi ustası

 

Azərbaycan müəllimi.- 2014.- 30 may.- S.9.