"Dövlət bayrağımız - milli qürurumuz"

mövzusunda elmi-praktik konfrans

 

Noyabrın 6-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Dövlət bayrağımız-milli qürurumuz" mövzusunda elmi-praktik konfrans keçirilib. İnstitutun professor-müəllim heyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin, İrəvan Dövlət Azərbaycan Dram Teatr kollektivinininstitutun Gənclər Təşkilatının nümayəndələrinin iştirak etdiyi tədbiri açan BPKİYİ-nin rektoru,  professor Asəf Zamanov  zala toplaşanları bayram münasibətilə təbrik edib. 

Sonra A.Zamanov "Dövlət bayrağımız, dövlətçiliyimiz"   mövzusunda məruzə edərək bildirib ki, qürur mənbəyimiz olan  bayrağımızın xalqımızın taleyi kimi keşməkeşli, lakin şanlı tarixi vardır. 28 may 1918-ci il tarixdə Tiflis şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi elan olunduqdan sonra Gəncədə fəaliyyət göstərmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti iyunun 24-də dövlət atributları haqqında qərarlar qəbul etdi ki, onlardan birincisi Dövlət bayrağı ilə bağlı idi. Lakin Dövlət bayrağının üzərindəki təsvirlər hökumət Bakıya köçdükdən sonra da müzakirə mövzusu olaraq qalırdı. 

Nəhayət, 9 noyabr 1918-ci ildə üç üfuqi göy, qırmızı və yaşıl rəngli zolaqlardan ibarət, mərkəzində aypara və şəkkizguşəli ulduz olan milli bayrağımız təsdiq edildi. Türkçülüyü, müasirləşməni və islam sivilizasiyasına mənsub olduğumuzu təsdiqləyən  bayraq 28 aprel 1920-ci il çar Rusiyasının Azərbaycana qarşı işğalçılıq yürüşlərinə qədər məmləkətimizin başı üzərində dalğalandı. Sonrakı 70 ildə SSRİ-nin tərkibində olarkən respublikamızda yeni sosial quruluşu özündə əks etdirən və bir neçə dəfə dəyişikliklərə məruz qalan Dövlət bayrağı qəbul edilmişdir.

Qeyd edilib ki, 1990-cı ildə isə SSRİ-nin süqutu ərəfəsində uzun illərdən sonra üçrəngli milli bayrağımız noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qərarı ilə dövlət bayrağı kimi rəsmən elan edildionun  Azərbaycanın Dövlət Bayrağı kimi  qəbul edilməsi ilə bağlı  Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Bu işdə ulu öndər Heydər Əliyevin xidmətlərini yüksək  qiymətləndirən professor Asəf Zamanov  vurğuladı ki, tarixi varisliyi qoruyub saxlayanümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də bu mühüm dövlət atributu ilə bağlı taleyüklü qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə noyabrın 9-u rəsmən Dövlət Bayrağı Günü elan edilmişdir.

2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı meydanının açılış mərasimi oldu. Rektor çıxışında  12 noyabr   Konstitusiya günü münasibətilə bağlı da öz fikirlərini bildirib, əsas qanunumuzun tarixinə  qısa  ekskursiya edib.

Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev,  Vergilər nazirinin müşaviri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Elman Məmmədov, Gürcüstan Respublikası mədəniyyət və abidələr nazirinin müşaviri, Gürcüstanın əməkdar artisti Qoça Kapanadze, Bakı şəhər 11 nömrəli poliklinikanın baş həkimi Məlahət İbrahimova, BPKİYİ-nin elmi işlər üzrə prorektoru Mönsüm Alışov və digərləri çıxış edərək Dövlət bayrağı və Konstitusiya kimi mühüm atributların hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd etdilər.

Tədbirin sonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Dövlət Bayrağı Gününə həsr olunmuş "Azərbaycan bayrağı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.3.