Naxçıvan Dövlət Universitetində

yeni kitabın təqdimatı olub

 

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərlinin "Naxçıvan Muxtar Respublikası konstitusiyalarda" kitabının təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimini Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq kitab haqqında təəssüratlarını bildirib. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə layiqli töhfə kimi "Naxçıvan Muxtar Respublikası konstitusiyalarda" kitabı yüksək elmi səviyyəsi və məzmunu cəhətdən dəyərlidir. Rektor vurğulayıb ki, çoxsaylı tarixi mənbələrə və əsaslı faktlara söykənən, "Elm və təhsil" nəşriyyatının mətbəəsində işıq üzü görən yeni tədqiqat əsəri akademik İsmayıl Hacıyevin elmi məsləhətçiliyi, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin redaktorluğu ilə yüksək poliqrafik səviyyədə, böyük tirajla çap olunub.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin "Naxçıvan Muxtar Respublikasının hüquqi-siyasi statusu haqqında dəyərli əsər" adlı məruzəsi dinlənilib. Natiq yeni nəşr barədə ətraflı məruzəsində bildirib ki, Naxçıvan Muxtar Respublikasının hüquqi-siyasi əsaslarının Azərbaycan Konstitusiyasında və muxtar qurumun özünün müxtəlif vaxtlarda qəbul olunmuş əsas qanunlarında - konstitusiyalarında hansı şəkildə əks olunması ilk dəfə olaraq elmi dövriyyəyə məhz bu kitabda daxil edilib. Vurğulanıb ki, müəllif kitabı yazmaqda qarşıya qoyduğu məqsədə tamamilə nail olub, yüksək elmi səviyyəli bir əsər ortaya çıxarıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası haqqında fikirləri ilə başlanan kitabda əvvəlcə muxtariyyətə gedən yola nəzər salınıb, XIX yüzillikdə ermənilərin bu ərazilərə köçürülməsi, Azərbaycana qarşı ərazi iddialarına başlamaları, bununla əlaqədar azərbaycanlı əhaliyə qarşı törətdikləri soyqırımları haqqında müfəssəl məlumat verilərək oxucu diqqəti I Dünya müharibəsindən sonra Azərbaycanda, o cümlədən Naxçıvanda yaranmış gərgin vəziyyətə yönəldilib. Vurğulanıb ki, kitabın üstün və diqqəti cəlb edən cəhətlərindən biri də Naxçıvanın muxtariyyəti ilə əlaqədar qəbul olunmuş bir sıra hüquqi aktların mətninin və bu sahədə imzalanmış müqavilələrin Naxçıvanla bağlı hissələrinin çıxarış şəklində əsərə daxil edilməsidir.Qeyd olunub ki, həmin sənədlərdən 1924-cü il əsasnaməsinin, muxtariyyət dövründə - 1926, 1937, 1978 və 1998-ci illərdə qəbul olunmuş konstitusiyaların mətnini, həmçinin Azərbaycan SSR-in 1927, 1937, 1978-ci il və müstəqil Azərbaycan Respublikasının 1995-ci il konstitusiyalarında Naxçıvanın muxtariyyət statusu ilə bağlı maddə, fəsil və bölmələri, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsində həlledici rola malik MoskvaQars müqavilələrinin Naxçıvanla bağlı maddələrini və əlavələrini çıxarış şəklində ilk dəfə olaraq bu kitabda cəmləşdirib.

Naxçıvan Dövlət Universiteti hüquq fənləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədovun, sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi, Prezident təqaüdçüsü Surə Qurbanovanın yeni nəşr haqqında çıxışları dinlənilib.

Təqdimetmə mərasiminin sonunda "Naxçıvan Muxtar Respublikası konstitusiyalarda" kitabının müəllifi,Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin hüquq fənləri kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli əldə etdiyi elmi faktlardan söz açıb. Müəllif, tədbirin təşkilatçılarına, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib.

Təqdimat mərasimində müəllifin elmi-pedaqoji fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.

  

Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.3.