Təhsilimi xaricdə davam etdirmək istəyirəm

  

700 bal toplayan abituriyentin tələbə həyatı

 

Artıq xeyli müddətdir ki, aliorta təhsil müəssisələrində yeni dərs ilinə başlanılıb. Bəs görəsən ən yüksək nəticə göstərmiş məzunlar tələbə olaraq da özlərini doğrulda bilirlərmi? Məktəbdə olduğu kimi universitetdə də eyni nəticəni əldə edə bilirlərmi? Bu suallara cavab tapmaq üçün bu il 700 bal toplayıb Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə qəbul olan Ağsu rayonu, 1 nömrəli şəhər orta məktəbin məzunu Nicat Qasımovla görüşdük. Nicat bizi tələbəsi olduğu universitetdə qarşıladı. Səssiz, sakitutancaq I kurs tələbəsi olduğu aydın görünürdü. Amma xalatını elə fəxrlə geyindi ki, bu ixtisası ürəklə seçdiyinə inanmamaq mümkün deyildi.

 

- Bəlkə də bu sualı sənə dəfələrlə veriblər. Amma yenə də soruşmaq istərdim, niyə bu ixtisası seçmisən?

- Həkim olmağa uşaqlıqdan marağım olub. Valideynlərimin hər ikisi həkimdir. Bəlkə də bunun da müəyyən qədər təsiri var. Amma onlar mənə ixtisas seçimində təsir göstərməyib. Ümumiyyətlə, valideynlərim bizim heç birimizin seçiminə mane olmayıb. Bir müddət neft-kimya mühəndisi olmaq istəyirdim. Amma tibbə olan sevgim və marağım bütün istəklərimi üstələdi. Ailədə 700 bal toplamağımı ən çox istəyən atam olub.

Tibb Universitetini seçdiyim üçün heç peşman deyiləm. Bu universiteti seçdiyim üçün çox xoşbəxtəm. Çünki hansısa bir fənlə və müəllimlərimlə problemim yoxdur. Dərsləri oxumağa və hazırlamağa mane olan vaxt azlığı və yorğunluq olur. Amma bunlar məni qorxutmur. Bu ixtisası seçmişəm və çalışacağam ki, nəticələrim də maksimum olsun.

- İxtisasa dair hansı fənlər keçirsiniz?

- Hələ ki ixtisasa dair yalnız anatomiyanı öyrənirik. Bu mənim üçün olduqca maraqlı fəndir. Düşünürəm ki, qeyri-ixtisasdan keçdiyimiz fənlər bizə lazımdır onları öyrənməliyik.

- Qiymətlərin necədir?

- Qiymətlərim minumum 4, maksimum 10 baldır. Ən aşağı nəticəm informatika fənnindəndir. İnformatika məktəbdə keçdiyimizdən çox fərqlidir. Ona görə mənə çətinlik yaradır. Amma çalışıram ki, qiymətlərim yüksək olsun. Ən yüksək balı kimyadan almışam.

- Bakıya ilk dəfə gələndə hansı çətinliklərin olub?

- Elə bir çətinliyim olmayıb. Burda kirayə qalıram. Ola bilsin ki, dərslər get-gedə çətinləşir yorğunluq bəzən dərsləri oxumağa mane olur. Bacım da mənim kimi bu universitetin tələbəsidir. İkinci kursda təhsil alır eyni fakültədəyik. O da dərslərimdə mənə köməklik edir.  Əsas odur ki, bir-birimizə dəstək oluruq.

- Bir ailənin 4 üzvü həkimdir. Bəs, kiçik qardaşın necə?

- Qardaşım 8-ci sinifdə oxuyur. Amma təkcə o həkim olmaq istəmir. Yəqin ki, o tamam fərqli ixtisasa yiyələnəcək.

- Boş vaxtlarını necə dəyərləndirirsən?

- Abituriyent olduğum zaman dərsdən əlavə intellektual oyunlarla maraqlanırdım televiziyada həmin oyunları izləyirdim. Tələbəlikdə boş vaxtım çox az olur. Onu da ingilis dilini öyrənməyə sərf edirəm. Çünki IV qrupda ingilis dili olmadığı üçün dil problemi yaşayıram. Amma indi çalışıram ki, ingilis dilini mükəmməl öyrənim. Hazırda dərsdən sonra ingilis dili kursuna da gedirəm.

- Gələcəyə dair hansı planların var?

- Rezidenturanı xaricdə oxumaq istəyirəm. Düşünürəm ki, ixtisasımı daha yaxşı öyrənmək üçün xaricdə təhsil almaq vacibdir. Ola bilsin ya Türkiyədə, ya da Kanadada təhsilimi davam etdirəcəyəm. İstəyim odur ki, ya ürək ya da beyin cərrahı olum. Yaxşı cərrah işində mütəxəssis olmaq üçün xaricdə təhsil almağa ehtiyac var. 

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.5.