Məktəb həkimlərinin
fəaliyyəti qənaətbəxşdirmi?
Şagirdlər razı, valideynlər
narazıdır
Övladlarını məktəbə göndərən valideynləri maraqlandıran vacib amillərdən biri də onların təhsil müəssisələrində sağlamlığının qorunmasıdır. Hamımıza məlumdur ki, təhsil müəssisələrində tibb məntəqələri mövcuddur və həmin məntəqələrdə həkim, tibb bacıları şagirdlərin sağlamlığına nəzarət edir. Səhiyyə Nazirliyi tərəfindən təyin olunan tibb işçiləri şagirdlərə ilkin tibbi yardım göstərir, onlara müxtəlif məsləhətlər verirlər. Nəzərə çatdıraq ki, şagird kontingenti çox olan məktəblərin hər birinə bir həkim və tibb bacısı təyin olunur. Şagird sayı az olan məktəblərdə isə bir həkim 2, hətta 3 məktəbdə şagirdlərin sağlamlığı ilə bağlı işlər aparır. Həmin məktəblərdə tibb bacısı isə daimi olur. Bəs, görəsən şagirdlərin gigiyenik qaydalara əməl etməsi, yoluxucu və mövsümlə bağlı yaranan xəstəliklər, mövcud olan viruslarla bağlı maarifləndirmə işləri, peyvəndlər və digər məsələlər tibb işçiləri tərəfindən vaxtlı-vaxtında aparılırmı? Səhhətində problem olan şagirdlər qeydiyyata alınaraq xüsusi nəzarətdə saxlanılırmı? Suallarımıza cavab tapmaq məqsədilə paytaxtda yerləşən bir sıra orta ümumtəhsil məktəblərində olduq, həkim, şagird və valideynlərlə söhbətləşdik.
Məktəbimizdə uşaqlar
əsasən göz
xəstəliklərindən əziyyət çəkirlər
Tamilla Babayeva, 20 nömrəli
tam orta məktəbin
həkimi: -30 ilə yaxındır ki, 20
nömrəli məktəbdə həkim işləyirəm. Yasamal rayon 10 nömrəli
Uşaq Poliklinikasının həkimiyəm.
Şagirdlər mənim üçün çox doğmadır. Onların
sağlamlığının qorunması bizim
ümdə vəzifəmizdir. Əsasən məktəbimizdə
uşaqlar göz xəstəliklərindən
əziyyət çəkirlər. Bundan başqa, skoliroz xəstələri
də çoxluq təşkil edir. Belə xəstələri dispanser jurnalımızda qeydiyyata
alırıq və lazımi poliklinikalara
müalicə almağa göndəririk.
Ötən ildən başlayaraq ölkə Prezidenti
İlham Əliyevin müvafiq
tapşırığı ilə uşaqların icbari dispanserizasiyası aparılır. Bu, çox əhəmiyyətli
bir işdir.
Məktəbdə
peyvəndlər vaxtlı-vaxtında aparılır. Təxminən
10-15 gün bundan qabaq 11-15 yaşlı şagirdlər
arasında qızılca, məxmərək xəstəliyinə
qarşı peyvəndlər aparıldı. Gigiyenik
qaydalara riayət edilməsinə xüsusi diqqət yetiririk.
Məktəb bufeti daimi nəzarətimizdədir.
Tez-tez şagirdlər arasında müxtəlif
xəstəliklər haqqında maarifləndirmə işləri
aparırıq. Yuxarı siniflərdə qızlar və oğlanlarla ayrı-ayrılıqda müəyyən
xəstəliklərə qarşı xüsusi
söhbətlər edirik. Onlara
müəyyən tövsiyə və məsləhətlər
veririk. Ən cox
müraciət edən yeniyetmə oğlanlardır. Onların
əsas şikayətləri üzlərində olan sızaqlarla bağlıdır. Biz onlara bunun
yeniyetmə dövrü ilə əlaqədar
olduğunu və sızaqların
sıxılmamasını məsləhət görürük.
Məktəbdə rastlaşdığımız hallardan biri də tez-tez uşaqlarda
halsızlığın yaranmasıdır. Bunun
əsas səbəbi şagirdlərin səhər tezdən dərsə
çox vaxt ac gəlməsi və yaxud
da az miqdarda
qida qəbul etməsidir. Valideynlərə
övladlarının səhər yeməyinə xüsusi fikir vermələrini
tövsiyə edirəm.
Valideynlər məktəb həkiminə
qarşı müsbət fikirdə deyillər
Kəmalə Zeynalova, 201 nömrəli tam
orta məktəbin həkimi: - Xətai rayon 2 nömrəli uşaq
poliklinikasının həkimiyəm. 5 ildir
ki, bu məktəbdə
çalışıram. Sanitar vəziyyət,
məktəb bufeti, gigiyena
kimi məsələlər daim diqqətimizdədir. Şagirdlərimiz dispanser müayinələrdən keçirlər.
Ötən il verilən bu
qərar çox mühüm
qərar idi. Bundan başqa, yoluxucu xəstəliklərə
xüsusi diqqət yetiririk.
Həmin xəstələrlə əlaqədə olan uşaqları nəzarətdə
saxlayırıq. Tez-tez onların hərarətini
ölçürük. Qış
aylarında mövsümlə əlaqədar olaraq
daha çox işimiz olur. Əsasən
qrip və zökəm xəstəlikləri
ilə həmin vaxtlarda tez-tez
rastlaşırıq. Uşaqlara bu xəstəliklərə düşməməkləri
üçün müxtəlif məsləhətlər
veririk. Qrip xəstələrinə
məktəbə gəlməməyi tövsiyə edirik. Çünki bu tez yayılan xəstəlikdir.
Məktəbdə vaxtaşırı maarifləndirmə
işləri aparıram. Şagirdlərə müxtəlif viruslara qarşı ehtiyatlı
davranmağı və həmin virusların əlamətlərini
özlərində hiss etdikdə dərhal
bizə müraciət etmələrini bildirirəm. Son dövrdə mövcud olan Ebola virusu
haqqında daha geniş
maarifləndirmə işləri aparıram. Məktəbimizdə
onurğa sütunu ilə
bağlı xəstələr daha çox üstünlük
təşkil edir. Valideynlərə bununla bağlı müxtəlif tövsiyələr
veririk. Uşaqların düzgün
oturuşuna, ağır yük
qaldırmaması tövsiyə olunur. Allaha şükür ki, qan xəstəlikləri
və digər ağır xəstəlikləri olan uşaqlarımız yoxdur.
Müxtəlif çətinliklərimiz də mövcuddur.
Dərman preparatları istənilən səviyyədə deyil. Bundan başqa,
məktəbdə tək işləyirəm. Böyük
məktəbdir. Tibb bacısının
olması vacibdir. Bir məsələyə
də xüsusi toxunmaq
istəyirəm. Valideynlər və ümumiyyətlə
ictimaiyyət məktəb həkiminə qarşı müsbət
fikirdə deyillər. Bəzən onlara
inanmırlar. Düşünmürlər ki,
biz də ali təhsilli
həkimlərik. Onların övladları ilə ən
sıx təmasda olan məhz biz məktəb həkimləriyik.
Şagirdlərdə ən çox
rastlaşdığımız
göz və onurğa xəstəlikləridir
Lalə Əliyeva, 138
nömrəli tam orta
məktəbin və humanitar fənlər
təmayüllü liseyin həkimi: - Xətai
rayon 9 nömrəli uşaq
poliklinikasının həkimiyəm. İki
tədris ocağında və iki uşaq bağçasına təhkim olunmuşam. Həftənin II-V günləri
138 nömrəli məktəbdə, I-VI günləri isə humanitar fənlər təmayüllü məktəb-liseydə
oluram. Uşaqlarla
işləmək mənə xüsusi zövq verir. Onların
sağlamlığının qeydinə qalmaq
bizim başlıca işimizdir.
Adını çəkdiyim tədris ocaqlarında tibb bacıları ilə işimizi
bu yöndə aparırıq. Səhiyyə
Nazirliyinin təlimatlarına uyğun olaraq
vaxtaşırı peyvəndlər aparırıq. Tədris
müddətində halı pisləşən və ya xəsarət alan
şagirdlərə ilk tibbi
yardım göstəririk. Bundan başqa, mövsümi xəstəliklərlə
də bağlı uşaqları məlumatlandırırıq.
Onlara viruslara yoluxmamaq üçün
müxtəlif vasitələrdən istifadə etməyi məsləhət
görürük. Yuxarı sinif şagirdlərinə, xüsusən də
oğlanlara pis vərdişlərdən
kənar durmağı tövsiyə edirik.
Siqaret və narkomaniya
haqqında tez-tez maarifləndirici söhbətlər
aparırıq. Şagirdlərin düzgün
qidalanmasına xüsusi diqqət yetiririk. Məktəb bufetləri daimi nəzarətimizdədir. Onlara
evlərində də necə qidalanmağı nəzərə
çatdırırıq. Ən çox
qarşılaşdığımız xəstəliklər göz və onurğa xəstəlikləridir.
Bu, uşaqların oturaq
həyatla məşğul olmalarının və
vaxtlarının çox hissəsini televizor və kompüterə
ayırmalarından irəli gələn xəstəliklərdir.
Ona görə də valideynlərə belə
məsələlərdə diqqətli olmağı tövsiyə
edirik.
Şagirdlər məktəb həkiminin
fəaliyyətindən razılıq edir
Əvəz
Bağırov, 20 nömrəli tam orta məktəbin IX sinif şagirdi: - Tamilla həkim
bizimlə çox maraqlanır. Təmizliyə
xüsusi diqqət etməyimizi deyir. Uşaqların səhhətində bir problem olan
kimi tez özünü çatdırır. Uşaq vaxtı həkimin bizə iynə
vuracağından qorxurduq.
Böyüdükcə bunun bizim xeyrimizə olduğunu
anladıq və doğrudanda da onu çox
sevirik. O bizə çox
qayğı ilə yanaşır. Xəstəliklərin yaranma səbəbləri haqqında
vaxtaşırı bizə məlumatlar verir.
İlkin tibbi
yardım göstərir.
Nəzrin Quliyeva, 201 nömrəli tam
orta məktəbin VI sinif
şagirdi: - Həkim bizim
sinfə tez-tez gəlir.
Dırnaqlarımıza və saçımıza baxır. Səliqəli
və təmiz olmağımızın vacibliyini
deyir. Hər hansı xəstəliyimizin
olub-olmadığını soruşur. Xəstəliyə
tutularkən sinif yoldaşlarımızdan
kənar olmağımızı bildirir. Biz həkimin dediklərinə əməl etməyə
çalışırıq. Bu
yaxınlarda həkim bizə viruslar
haqqında da geniş
məlumat verdi. Arabir
bizə iynə də vurur (peyvənd nəzərdə
tutulur). Bəzi uşaqlar
iynədən qorxurlar və həmin vaxt həkimimiz çox
çətinlik çəkir. Uşaqlara
bu iynələrin vacibliyini
deyir.
Valideynlər nə düşünürlər?
Bu məsələ ilə bağlı bir neçə valideynlə də söhbətləşdik. Adlarının çəkilməsini istəməsələr də, məktəb həkimlərinin fəaliyyətindən bir o qədər də razı olmadıqlarını bildirdilər. Valideynlər məktəb həkimlərində həm lazımi dərman preparatlarının çatışmazlığından, həm də aktiv fəaliyyətlərinin olmamasından şikayətləndilər.
Niyazi
RƏHİMOV
Azərbaycan müəllimi.-2014.- 7 noyabr.- S.5.