Uşaqları döymək
olarmı?
Uşaqların tərbiyəsində hansı metodlardan istifadə olunması bu
gün bütün
pedaqoqların, psixoloqların, valideyn,
müəllim və tərbiyəçilərin
qarşısında duran əsas problemlərdən
biridir. Yaxın
keçmişimizdə istər ailələrdə, istərsə
də təhsil müəssisələrində
zorakılıq metodlarından istifadə etməklə bu problemin ən qısa və
təsirli yolunu tapdıqlarını hesab edən valideyn və
müəllimlərimizin sayı yüzlərcə, hətta
minlərcə idi. Maraqlıdır ki, bu illərdə
uşaqları döyməklə tərbiyə etməyə
çalışan müəllimlərlə öz
övladının döyülməsinə göz
yuman valideynlər də eyni
düşüncə və təfəkkürün sahibi idilər. Ortayaşlı insanların
xatırlaya biləcəyi son illərdə
belə valideynlər övladlarını daha
çox "tələbkar" hesab etdikləri, şagirdləri döyməklə
ad çıxarmış müəllimlərə
etibar edirdilər. Yəni xalq
təbirincə desək, "əti sənin, sümüyü
mənim" deyirdilər. Nəsillər dəyişsə də
bu estafet cəmiyyətimizdə
hələ də davam etməkdədir. Hər
birimizin gələcəyi olan
övladlarımız, onlara ən
yaxın olan insanlar-
valideynlər və müəllimlər tərəfindən hələ
də zorakılıq hallarına məruz qalmaqdadır. Ancaq etiraf edək ki, bu problemə təhsili,
intellektual səviyyəsi yüksək olan ailələrdə daha
az rast gəlinir. Müasir təfəkkürlü,
şəxsiyyətyönümlülük prinsiplərini əsas
tutan, bugünkü tələblərə
cavab verən müəllimlərimizdə
bu metoda daha az təsadüf olunur. Ölkənin televiziya məkanında və mətbuat səhifələrində qeyd olunan problemlərin ara-sıra
işıqlandırılması bu məsələdə
maarifləndirmə işlərinin hələ də davam etdirilməsinin cəmiyyətin tələbi
olduğunu göstərir. Azərbaycanda
hamı üçün aktual
hesab etdiyimiz bu mövzu ilə baglı
tanınmış türk pedaqoqu
Adəm Günəşin və uşaq psixoloqu Narınc Rüstəmovanın fikirləri də dediklərimizi təsdiq
edir:
Türk pedaqoqu
Adəm Günəş:
"Cəza
ilə tərbiyə olunan uşaqlarda "şəxsiyyətsizləşmə"
olur. Cəza alan, cəza verməyi öyrənir..."
Cəza ilə tərbiyə
olunan uşaqlarda
"şəxsiyyətsizləşmə" olur.
Cəza alan,
cəza verməyi öyrənir. Nə zaman uşaqdan yaxşı bir hərəkət görünərsə,
onu təqdir etməli, mükafatlandırmalıdır!
İnsanların yanında bəzən
onu öyməlidir.
"Əmisi, mənim oğlum (qızım) belə etdi" deyərək yaxşılıqlara təşviq
etməlidir. Bir qəbahət
işləyərsə və
ya pis bir
söz söyləyərsə,
bir neçə dəfə görməzlikdən
gəlməli, "onu
etmə" deməməli,
danlamamalıdır. Tez-tez danlanan
uşaq cəsarətlənir,
gizli etdiklərini açıq etməyə
başlayar. Etdiyi
yaramazlıqların zərəri
özünə şirin
dil ilə anladılmalı, inandırılmalıdır!
Ana əgər cəza
verərək tərbiyə
etməyə çalışdığı övladının
içində yaşadığı
zəlzələni görə
bilsəydi, uşağına
cəza verməkdə
bu qədər rahat davranmazdı. Cəzanın təsiri həmin dəqiqə görünmədiyi üçün ana irəlidə qarşısına çıxacaq
təhlükədən xəbərsiz
cəza verməyə,
cəzadan yardım almağa davam edib durur. Bununla birlikdə,
cəza günümüzdə
nə yazıq ki, "qəbul olunan" bir tərbiyə metodudur.
Bir müqəssirə
cinayətinə görə
cəza vermək üçün normal şərtlərdə
bir məhkəmə heyəti qurulub - bir deyil, bir
neçə şəxsin
qərarı ilə -
cəza verilməsinin
məcbur olduğu düşünülərkən, uşaqlara veriləcək
cəzalarda nə
bir məhkəmə,
nə də bir heyət ehtiyacı duyulmamaqdadır.
Çox
zaman ana həm prokuror, həm də hakim olaraq övladını mühakimə etməkdə
və buna layiq olduğunu düşündüyü cəzanı
təkbaşına rahatlıqla
tətbiq edə bilir.
Uşaq
psixoloqu Narınc Rüstəmova:
"Uşağı döyərək
cəzalandırmaq onda
zəif
vicdanın formalaşmasına
gətirib çıxarır"
Döymək,
uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən
valideynlər düşünüb
yaxşı yollar axtarmaq
yerinə daha asan olan fiziki şiddətə
baş vururlar.Təəssüf ki, bu tip
"tərbiyə" üsulu ölkəmizdə
çox istifadə olunur.
Bu üsul uşaqda zəif vicdan və
əxlaq inkişafına gətirib çıxarır. Müasir dövrdə insan
sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq
elastikliyinə malik olmalıdır.
Şiddətlə böyüyən uşaq
elastik yox, daha kinli olur.
Uşaq dəcəllik edərkən
döyülərsə, etdiyinin
qarşılığını ödəmiş olduğunu düşünür
və bu zaman etdiyinin pis nəticələrini
düzəltmək üçün səy
gostərməsinə gərək duymur.
Döyülmək uşaqda valideynlərinə
qarşı aqressiya
formalaşdırır. Dolayı yolla desək,
uşaq etdiyinin pis bir şey
olduğunu bilib özünü günahkar
hiss etmək əvəzinə onu döyəni günahlandırır. Uşaq valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu
bu formada öyrənməsi
onu utandıraraq, valideynlərinə
qarşı güvənini sarsıdır.
Könül NƏHMƏTOVA,
konul.nehmetova@mail.ru
Azərbaycan
müəllimi.- 2014.- 7 noyabr.- S.5.