Hər dərs bir hesabatdır
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın qəbul olunmasından bir ildən çox vaxt keçir. Təlim prosesinin hər bir şagirdin maraqlarına cavab
verməsi üçün təhsilin məzmununda
yeniliklərin tətbiqi, Milli Kurikulum tələbləri əsasında
qurulması həmin sənəddə təsbit olunmuş vacib şərtlərdəndir.
Respublikamızda IB proqramına qoşulmaqla
dünyanın qabaqcıl təhsil
yeniliklərinə açıq olan Avropa Azərbaycan Məktəbində təhsil
təkcə birinci-yeddinci siniflərdə
deyil, bütün
siniflərdə və dərslərdə kurikulum
əsaslı yanaşmalarla həyata keçirilir. Bir normativ sənəddən irəli gələn
vəzifələri həyata keçirərək öz müəllim fəaliyyətimizdə
metodik-yaradıcı axtarışlara geniş
yer veririk. Məqsədimiz
pedaqoji prosesdə əsas tərəf olan şagirdlərimizi passiv
dinləyici vəziyyətindən çıxarmaq, onların malik olduqları potensiala uyğun şəkildə öz
bacarıqlarını inkişaf etdirməsinə
nail olmaqdır.
Məktəbimizdə
pedaqoji prosesin bütün sahələrində olduğu kimi, Azərbaycan
dili və ədəbiyyat
dərslərində də bu istiqamət əsas
götürülür. Müəllimlərimiz
yaradıcılıq axtarışları aparır, yenilikləri
tətbiq edirlər. Şagirdlərin bütün
dərs ərzində fəallığını təmin etməkdən
ötrü forma və
məzmunda müxtəlif tətbiqlər irəli sürülür. Bu günlərdə məktəbin
geniş müəllim auditoriyasında (secondary) baxılıb bəyənilmiş
"Mürəkkəb cümlə haqqında məlumat" mövzusunun tədrisi üçün
planlaşma nümunəsinin müəllimlərə
faydalı olacağını nəzərə alıb, qəzetimizə
təqdim edirəm. Elə resurslar seçmişik ki, onu hər tipdən olan
ümumtəhsil məktəblərində reallaşdırmaq mümkündür.
Mövzu: Mürəkkəb cümlə
haqqında ümumi məlumat.
Məzmun xətləri:
Dinləyib-anlama və danışma, oxu,
yazı, dil qaydaları
Standartlar: 1.1.1. Danışanın mövzuya münasibətini müəyyən
etmək üçün tədqiqat xarakterli suallar verir.
1.2.3. Nitq
prosesində danışığı (səs seçimi,
səsin ucalığı, hiss, ton) ilə ifadə tərzini (poza,
jest, mimika) uzlaşdırır.
2.1.1. Tanış olmayan söz və ifadələrin
kontekstə uyğun mənasını
şərh edir.
3.1.2.
Formalaşmış fikir və mülahizələrini
həyat hadisələri ilə əlaqələndirərək
əsaslandırır.
4.1.1. Mürəkkəb
cümlənin növlərini fərqləndirir.
Təlim məqsədləri:
1. Sadə və
mürəkkəb cümlələr arasında fərqləri
dərk edir.
2. Mətndə qoyulmuş ideyanı müəyyənləşdirir,
nitqini zənginləşdirir.
3. Mürəkkəb cümlə və
onun növlərini mətnin içərisindən
seçməyi bacarır.
4. Yazısında və
nitqində mürəkkəb cümlənin növlərindən
istifadə edir.
Üsul: beyin həmləsi,
səsli oxuma, müzakirə, müqayisə,
debat
İş forması:
Bütün siniflə iş, qruplarla iş
Motivasiya yaratmaq məqsədilə
əvvəlcədən hazırladığım "Yük vaqonları" stendinə şagirdlərin diqqətini
cəlb edirəm.
Sual: Sizcə, şəkildə
gördüklərinizlə sadə və mürəkkəb
cümlələr arasında oxşarlıq varmı?
(Bu motivasiyanı irəli sürərkən belə
bir fikir əsas götürülmüşdür: elektrovoz və ya parovoz=bitmiş fikir, Vaqon =cümlə. Beləliklə, bir vaqonu daşıyan qatar bir sadə fikir, iki, üç...çox vaqonu
daşıyan qatar isə mürəkkəb
fikir ifadə edir).
Mülahizələr
dinlənildikdən sonra tədqiqat
sualı qoyulur:
Tədqiqat sualı:
Mürəkkəb cümlə nədir və hansı növləri
var?
Sinifdəki şagirdlər
4 qrupa bölünür
və onlara tədqiqat məqsədilə
əxlaqi-tərbiyəvi məzmunlu aşağıdakı mətn
təqdim olunur:
Qonşuluq
Qonşuluq insan münasibətlərində
mühüm yer tutur. İnsan yeni bir məhəlləyə
köçərkən indiyədək görmədiyi insanlarla tanış olur. Qonşuluq elədir ki, qohumluğu andırır. Dünyaya
gələndə qohumlarımızı, burada
da qonşuları hazır tapırıq.
Qonşuluq qohumluqdan və dostluqdan fərqlənir. Qohumu
bəyənməsəniz, onunla əlaqəni
kəsmək olar. Lakin
qonşuluğun fərqli xüsusiyyəti
odur ki, hər bir halda onlarla
mehriban olmalısınız. Qonşu var ki, dostdan da
yaxşıdır. Dostdan inciyəndə ondan küsüb ayrıla
bilirsiniz. Qonşudan
isə ayrıla bilməzsiniz.
Kimin ki yaxşı qonşusu var, bəxti gətirib.
Deməli, ən yaxın adamı yanındadır. Bilir ki, sevincini
bölüşməyə, acısını unutdurmağa
adamı var. Əqrəbası, dostu gəlincə qonşusu
başının üstündədir. Atalar
nahaq yerə deməyiblər ki, uzaq qohumdan
yaxın qonşu yaxşıdır.
Mətnlə
iş: 1. (Şagirdlərə mətni səsli
oxu ilə oxuyacağımızı
bildirirəm. Mətnin bir hissəsini nümunə olaraq
oxuyuram. Sonra hər abzası bir şagird oxuyur).
* Şagirdlərə
oxu zamanı səs seçimi
və səsin tonu, jest və mimika
haqqında diqqətli olmalarını xatırladıram.
* Şagirdlərə
kiçik rəngli kağızlar
paylayıram və mətndə qara rənglə
verilmiş sözlərin mənasını
izah etməyi tapşırıram.
2. Mətnin tam dərk olunması və
anlaşılması üçün qruplara A4 vərəqlər də paylayır və
suallara yazılı cavab
hazırlamağı tapşırıram:
- Mətndə əsas
fikir nədən ibarətdir?
- "Dünyaya
gələndə qohumlarımızı, burada
da qonşuları hazır
tapırıq" cümləsini necə izah
edərdiniz?
- Dünyada
gedən yadlaşma qonşuluq
münasibətlərinə necə təsir edir?
- Qonşuluqda
nəyi yaxşılaşdırmaq istəyərdiniz?
Mətn üzərində
məzmunla bağlı iş apardıqdan
sonra şagirdlərə yeni
dərsin mövzusunu xatırladıram. Dərsin
izahından əvvəl şagirdlərə proyektorla
bəzi terminlər və ya açar sözlər - cümlə, qrammatik əsas, tabesizlik, tabelilik... təqdim olunur.
Müəllimlər üçün xatırlatma: Açar
sözlər termin kimi
şagirdlərə aşağı siniflərdən
tanışdır. Hər açar sözün izahını bir qrupa tapşırıram. Həmin terminlərə
aid şagirdlər bildiklərini söylədikdən
sonra ümumiləşdirir və yeni dil qaydasına
keçirəm-mürəkkəb cümlə haqqında məlumat
verirəm. Müəllimin izahı zamanı əvvəlcədən
Flipçatda yazdığım
aşağıdakı cümlələrə şagirdlərin
diqqətini cəlb edirəm:
1. Fərid deyir ki, gözləməsin.
2. Hava
birdən tutuldu və yağış yağmağa başladı.
3. Anar
çox çalışır, müəllimlər
onu yüksək dəyərləndirirlər.
4. Harada iş birliyi var, orada nailiyyət
də var.
Şagirdlər
cümlələrin qrammatik
əsaslarını göstərir,
onların quruluşca
növünü, aralarında
tabelilik və ya tabesizlik əlaqəsi
olduğu haqqında fikirlər söyləyirlər.
Cümlələr
üzərində qrammatik
araşdırmaları şagirdlərin
iştirakı ilə
yekunlaşdırıram.
Yenidən mətnlə
işə qayıdıram
(hər qrupa bir iş vərəqi
paylayıram).
İş
vərəqi-1.
Mətndəki
mürəkkəb cümlələri
seçib yazın.
İş
vərəqi-2.
Mətnə
əlavələr edin. "Mənə elə
gəlir ki...",
"Belə düşünürəm
kiE" sözlərindən
istifadə edin.
İş
vərəqi 3.
Sadə
və mürəkkəb
cümlələrin fərqli
xüsusiyyətlərini göstərin.
İş
vərəqi 4.
Mətndə
qəsdən buraxılmış
durğu işarələrini
artırın və səbəbini izah edin.
(Qruplarla işə nəzarət edir, köməklik göstərirəm. Qrup
işlərinin nəticəsi
şagirdlərin təqdimatında
sinfə çatdırılır)
Nəticə və
ümumiləşdirmə:
Şagirdlərin
fikir mübadiləsindən
sonra bir daha mürəkkəb cümlə haqqında çalışmalardan biri
əsasında ümumiləşdirmə
aparıram.
Müstəqil oxumağa
yönəltmə məqsədilə
ev tapşırığı
verirəm:
Qonşuluq haqqında
atalar sözü və aforizmlər toplamaq, bu zaman
mürəkkəb cümlələri
fərqləndirmək.
Qiymətləndirmə.
Meyarlar
1. Oxu zamanı dinləmə mədəniyyəti
2. Səsinin aydınlığı
və ucalığı,
mimika və jestlərin təsirliliyi
3. Dil qaydalarını tətbiq etməsi
4. Müstəqil
fikir yürütmə
bacarığı
5. Cümlələri məntiqli,
yazısı aydındır
Hüseyn
ŞAHBƏNDƏYEV,
Avropa Azərbaycan Məktəbinin
Azərbaycan dili və ədəbiyyat
departamentinin rəhbəri,
əməkdar müəllim
Azərbaycan müəllimi.-
2014.- 7 noyabr.- S.9.