İlk uşaq
bağçaları
harada və necə yaranıb?
Böyük fransız yazıçısı və
dramaturqu Viktor Hüqo deyir ki, məktəb açan
şəxs həbsxanaları bağlayır. Əgər bir insan başqasına təhsil
vermək üçün əlindən gələni
əsirgəmirsə, o insanlığa ən
böyük yaxşılığı edir.
Valideynlər
uşaqlarını məktəbdən əvvəl uşaq bağçalarına etibar
edirlər. Bu uşaqların
inkişafı və məktəbə hazırlıq prosesinə
yardım üçün ən
yaxşı vasitələrdən bir hesab olunur. Hazırda dünyada dövlət və özəl olaraq fəaliyyət göstərən uşaq bağçaları var.
Maraqlıdır ki, günü-gündən
sayı artan uşaq
bağçalarının təməli nə zaman
və hansı ölkələrdə qoyulub?
Kiçik yaşından uşaqların təlim-tərbiyəsinə
diqqət ayıran pedaqoqlar kimlər olub?
Uşaqlar üçün ilk məktəbəqədər təhsil
müəssisələrinin əsası XVIII əsrdə Fransa, XIX əsrin
əvvəllərində İngiltərə və İtaliyada qoyulub. Bu məktəblərdə də digər
müəssisələrdə olduğu kimi uşaqlara dini təhsil, əlifba və gündəlik ev işləri
öyrədilir, oyuna çox
az vaxt
ayrılırdı.
İngiltərədə
uşaqlar üçün
məktəbəqədər müəssisə açmaq ideyasını ilk
dəfə ictimai xadim
Robert Oven 1816-cı
ildə Şotlandiyanın Nyu-Lanarak şəhərində
açdığı məktəblə həyata keçirib. O, bu məktəbdə
uşaqlara maraqlı fəaliyyətlər
göstərmək üçün şərait
və sağlam mühit
yaratmağa çalışıb.
Amma dilimizə uşaq
bağçası kimi tərcümə olunan "kindergarten"in əsasını alman pedaqoqu və filosofu Fridrix Froybel (1782-1852) qoyub. Onun fikrincə,
uşaqların tərbiyəsi açıq havada
keçirilən təlimlər, oyun və
musiqi ilə aparılmalıdır. Froybel yaratdığı məktəbin də
uşaqların oyunlar vasitəsi ilə
özlərini təkmilləşdirəcəyi və xarici dünyanı öyrəndiyi bir yer olacağını düşünüb. Həyatı
İsveçrə və Almaniyada keçən Froybel
1836-cı ildən fəaliyyətini məktəbəqədər
təhsilə həsr edib. O, 1837-ci ildə
kiçik yaşlı uşaqlar
üçün Bad Blankenburqda oyun və fəaliyyət
institutu açıb. Maraqlıdır ki, 1840-cı ildə
oyun və fəaliyyət institutunun
adını dəyişib və onu "kindergarten" sözü
ilə əvəz edib.
Onun yaratdığı bağçada
təlim özünün
hazırladığı Froybel Gifts (Froybel hədiyyələri)
oyun materiallarının əsasında
aparılıb. Burada uşaqlar
mahnı oxumaq, rəqs etmək,
bağçılıq və özünü
idarəetməni öyrəniblər.
Maraqlı məqam
ondadır ki, Amerika
Birləşmiş Ştatlarının ilk
uşaq bağçası da alman üsulu
ilə yaradılıb. Belə ki,
bağçanı Fridrix Froybelin
şagirdi Marqaret Skurz 1856-cı ildə Watertown
şəhərində təsis edib. Bağçada təlim-tərbiyə də alman dilində aparılıb. Amma
Skurzun uşaq
bağçasından ilham alan Elizabet Piyabodi
ABŞ-da ingilis dilində
ilk uşaq
bağçasını 1960-cı ildə Bostonda
təsis edib.
İtaliyada ilk müasir
məktəbəqədər təhsil müəssisəsinin əsasını
"Montesorri metodu"nun yaradıcısı, İtaliyada
həkim diplomunu alan ilk qadın və
pedaqoq Mariya Montesorri qoyub.
Maraqlıdır ki, bu
xanım Romanın San Lorenzo
bölgəsində işləyən ailələrin
uşaqlarına baxmaq üçün
"Casa dei Bambi", yəni Uşaqlar
evini yaradır. Bunun üçün dərs dediyi
universitetdən və tibbi
araşdırmalarından imtina edir.
Hazırladı: Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2014.- 14 noyabr.-S.5.