Təhsil naziri Fransada səfərdə
olub
Səfər çərçivəsində nazir bir sıra görüşlər keçirib
Azərbaycan
Respublikasının təhsil naziri
Mikayıl Cabbarov Fransa
Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri
xanım Najat Vallo-Belkasemin
dəvəti ilə 12-13 noyabr tarixlərində
Fransanın paytaxtı Paris şəhərinə
işçi səfər edib.
Səfər
çərçivəsində təhsil naziri
Mikayıl Cabbarov fransalı həmkarı
xanım Najat Vallo-Belkasem
ilə görüşərək Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsi, iki ölkənin
ali təhsil müəssisələri
arasında müəllim və tələbə mübadiləsinin təşviq
olunması yolları, ikili diplom
proqramlarının təşkili imkanları və digər
qarşılıqlı maraq doğuran məsələlərı
müzakirə edib.
Təhsil
naziri Mikayıl Cabbarov
həmçinin Fransa Prezidentinin
diplomatik məsələlər üzrə
müşaviri Fabien Penon, ali təhsil və tədqiqatlar
üzrə müşaviri Vənsan Berje və Strasburq Universitetinin prezidenti Alen Beretz ilə
görüşlər keçirərək ölkələrimiz
arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi
aparıb.
Nazir 2012-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dilinin tədrisi proqramının həyata keçirildiyi Şərq Dilləri və
Sivilizasiyaları Milli institutunu
ziyarət edərək institutun prezidenti xanım Manuel Frank və Azərbaycan dili
proqramının iştirakçıları olan
müəllim və tələbələrlə
görüşüb.
Bununla yanaşı, təhsil naziri Azərbaycan
Mədəniyyət Mərkəzində "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Fransada təhsil alan tələbələrlə
görüşərək onların təhsili və üzləşdikləri
problemlərlə maraqlanıb,
Azərbaycanda aparılan təhsil islahatları barədə məlumat
verib və tələbələrin məzun
olduqdan sonra Azərbaycanın
inkişafına verə biləcəyi töhfələrə
dair fikirlərini bildirib.
Azərbaycan
müəllimi.- 2014.- 14 noyabr.- S.2.