Məktəblilər arasında "Nə? Harada?

zaman?" intellektual oyunu üzrə

Azərbaycan çempionatı keçirilib

 

10-13 noyabr tarixlərində  "Baku Crystal Hall"da məktəblilər arasında ilk dəfə "Nə? Harada? Nə zaman?"  intellektual oyunu üzrə Azərbaycan çempionatı keçirilib. Təhsil Nazirliyinin dəstəyi və təşkilatçılğı ilə  keçirilən və AzTV kanalı ilə yayımlanan çempionatda bu ilin aprelində məktəblilər arasında təşkil olunmuş "Nə? Harada? Nə zaman?"  oyunu üzrə regional məktəb çempionatının qalibləri iştirak ediblər.

Məlum olduğu kimi, Təhsil Nazirliyinin 21 aprel 2014-cü il  tarixli əmri ilə bu il ölkəmizdə ilk dəfə olaraq ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyununun regional məktəb çempionatı keçirilib. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən təşkil olunan oyunlarda məqsəd məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını və asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir. Yeni layihə həm də regionlarda gənclərin intellektual klublarının yaradılmasını, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması və inkişaf etdirilməsinə şərait yaradılması hədəflərini özündə ehtiva edir.

Təhsil Nazirliyinin qeyd olunan əmri ilə intellektual oyunları keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılıb, onun tərəfindən çempionatın keçirilmə qaydaları hazırlanıb.

Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birlikdə bu ilin aprel-may aylarında müxtəlif zonalarda keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə regional məktəb çempionatında 11 komanda birinci yeri tutaraq qalib adına layiq görülüb. Bunlar Bakı, Gəncə, Sumqayıt, Naftalan şəhərlərinin, Qobustan, Kürdəmir, Lənkəran, Şəmkir, Zaqatala, Cəbrayıl,  Quba rayonlarının komandalarıdır.

Həmin komandalar, habelə Bakıdakı fizika, riyaziyyatinformatika təmayüllü liseyi, akademik Zərifə Əliyeva adına liseyi və Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyini təmsil edən komandalar noyabrın 10-da start götürən və 4 gün davam edən final mərhələsində respublika qalibi adını qazanmaq üçün mübarizə aparıblar.

Xatırladaq ki, yarışmanın qaydalarına əsasən hər komandada oyun masası arxasında maksimum 6 nəfər əyləşir və onlardan biri komandanın kapitanı olur. Məktəb çempionatında 36 sual səslənir və hər biri 12 sualdan ibarət 3 tur oynanılır. Finalda isə eyni vaxtda  yaşıl və qırmızı  masalar arxasında əyləşən iki komandaya hər biri 1, 2 və 3 balla dəyərləndirilən suallar verilir. Komandalar sualları  20 saniyə ərzində cavablandırır. Hansı komanda suala tezdüzgün cavab verirsə o həmin turun qalibi olur. Beləliklə, 5 sual  təqdim olunur, oyun rəqiblərdən birinin ən azı 3 bal toplamasına qədər davam edir. Qalib komanda növbəti mərhələ üçün rəqibini özü seçir. Sualları, bütün breyn-rinq oyunlarında olduğu kimi, ya komandanın kapitanı, ya da onun adını elan etdiyi komanda üzvü cavablandırır.

Çempionatın noyabrın 10-da keçirilən ilk  turunda aparıcı müvafiq qaydaları xatırlatdıqdan sonra püşkə əsasən oyuna Lənkəran və Şəmkir komandaları çıxıblar. Verilən sualların daha çoxunu düzgün cavablandıran Lənkəran məktəbliləri ilk görüşün qalibi olub və özlərinə rəqib seçmək hüququ qazanıblar. İkinci görüşdə onların seçimi ilə rəqibləri Cəbrayıl komandası olub. Lənkəranlı məktəblilər onları da  3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə çıxıblar. Onlar üçüncü mərhələdə özlərinə rəqib olaraq seçdikləri Kürdəmir komandasına qalib gəliblər. Dörd, beş və altıncı mərhələlərdə Zaqatala,  QubaQobustan komandalarından da üstün olan Lənkəran komandası finalda oynamaq hüququ qazanıb. Lənkəran komandasının bir neçə mərhələdə ardıcıl qazandığı qələbəni xüsusi qeyd edən aparıcı bunun breyn-rinq oyunları tarixində rekord nəticə olduğunu söyləyib.

Noyabrın 11-də keçirilən növbəti tur Sumqayıt və Naftalan komandalarının oyunu ilə başlayıb. Sumqayıtlı məktəblilər qırmızı, Naftalan komandası isə yaşıl masada yarışıblar. Bu görüşdə Naftalan məktəbliləri qalib gəliblər: 4:0.  Onlar ikinci mərhələdə Maştağa (Bakı) komandası ilə yarışmalı olublar. Gərgin keçən oyun 3:2 hesabı ilə Maştağa məktəblilərinin xeyrinə qurtarıb. Maştağalı uşaqlar növbəti mərhələdə yaşıl masaya dəvət olunmuş Bakıdakı  akademik Zərifə Əliyeva adına liseyin şagirdlərini də həmin hesabla məğlub ediblər.

Dördüncü mərhələ (görüş) Maştağa və Gəncə komandaları arasında olub. Maştağalı şagirdlər Gəncə komandasını da udublar: 3:1. Beşinci mərhələdə (görüşdə) onların rəqibi Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin şagirdləri olublar. Liseyin komandası dörd mərhələdə (görüşdə) dalbadal qələbə qazanan maştağalıları 3:0 hesabı ilə məğlub edib və növbəti mərhələdə oynamaq hüququ qazanıb.

Yaşıl masada mübarizə aparan Bakı Türk liseyinin komandası ikinci turun altıncı - sonuncu görüşünüinamla keçirib və rəqiblərinə - qırmızı masada oynayan fizika, riyaziyyatinformatika təmayüllü liseyin komandasına qalib gəlib. Maraqlı keçən bu görüşün nəticəsi (3:2) Bakı Türk liseyinin xeyrinə olub. Onlar finalda oynamaq şansı qazanıblar.

"Nə? Harada? Nə zaman?" intellektual oyununun üçüncü turu noyabrın 12-də olub. Bu turun ilk mərhələləsində (I görüş) oyun masalarının arxasında Şəmkir (qırmızı masa )Qobustan (yaşıl masa) komandaları əyləşiblər. Şəmkirlilər 3:2 hesabı ilə qalib gəliblər. Növbəti - ikinci mərhələdə (görüşdə) onların rəqibləri Zaqatala komandası olub. Zaqatalılar böyük üstünlüklə (3:0) qələbə qazanıblar. Üçüncü mərhələdə (görüşdə) oyun əvvəlki mərhələlərin qalibi olan Zaqatala komandası ilə Sumqayıt komandası arasında keçirilib və 4:0 nəticəsi ilə sumqayıtlıların xeyrinə qurtarıb. Sumqayıtlı məktəblilər növbəti mərhələdə (4-cü görüşdə) Kürdəmir komandasına qarşı oynayıblar və 1:3 hesabı ilə uduzublar. Qalib gəlmiş Kürdəmir komandası  beşinci mərhələdə (görüşdə) Naftalan komandasını da eyni hesabla (3:1) udaraq üçüncü turun son oyununda Maştağa komandası ilə qarşılaşıb. Kürdəmirli məktəblilərini 3:0 hesabı ilə udan Maştağa komandası breyn-rinqin finalına vəsiqə əldə edib.

Noyabrın 13-də "Baku Crystal Hall"da məktəblilər arasında "Nə? Harada? zaman?" intellektual oyunu üzrə Azərbaycan çempionatının son turu-finalı olub. Öncə dördüncü finalçını müəyyənləşdirmək üçün şans oyunu keçirilib. Oyunun nəticəsinə əsasən Kürdəmir finala çıxıb. İki seçim iki final görüşündən ibarət olan finalda Kürdəmir, Lənkəran, Maştağa Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin komandaları mübarizə aparıblar. Oyunlar rəqiblərdən birinin 5 xal toplamasına qədər davam edib. İlk seçim görüşündə Kürdəmir komandası ilə Lənkəran komandası qarşılaşıb. Bu oyun kürdəmirlilərin böyük üstünlüyü ilə başa çatıb: 5:2.

İkinci seçim oyununda isə Maştaga komandası ilə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin komandası görüşüb liseylilər 5:2 hesabı ilə qalib gəliblər.

İntellektual yarışmanın iki final görüşü Kürdəmir və Diyanət Vəqfi Liseyinin komandaları arasında olub. Hər iki görüş liseylilərin parlaq qələbəsi ilə başa çatıb.

Qalib komandanın üzvlərinə kubokmedallar, eləcə də Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.  

Qeyd edək ki, oyunları izləməyə respublikanın şəhər və rayonlarından, Bakı məktəblərindən xeyli məktəbli gəlmişdi. Onlar azarkeşlik etdikləri komandaların uğurlarını alqışlarla qarşılayıb, onu qələbəyə ruhlandırıblar.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 14 noyabr.- S.3.