Unudulmaz müəllim
Kəngərli Muxtar İsgəndər
oğlunun əziz xatirəsinə həsr
olunur
"Mən dünyada müəllimlikdən yüksək ad tanımıram"
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
Kimdir Kəngərli Muxtar?!.. Muxtar müəllim 30 il Naxçıvan internat-məktəb kompleksinin direktoru olmuş görkəmli ziyalı, müəllim, tərbiyəçi-pedaqoq, təşkilatçı və ən əsası şəxsiyyət idi. Bu adın qarşısında olan "Kəngərli" soyu, tayfası haqqında düşünərkən yadımıza yaxın-uzaq keçmişimizdə qürur duyduğumuz adlı-sanlı ziyalılar, elm və mədəniyyət xadimləri, sərkərdələr, cəngavər döyüşçülər, kimsəsizlərə əl tutan xeyriyyəçilər düşür. Kəngərlilər Azərbaycan xalqının formalaşmasında və soykökündə iştirak edən tayfalardan biridir. Onlar əsasən Naxçıvan bölgəsində yaşasalar da Urmiya ətrafı, Qərbi Azərbaycan, Borçalı və Göyçə gölü hövzəsində də məskun idilər. Cəsarətlə demək olar ki, Naxçıvan ərazisi kəngərlilərin ilkin yurd yeri, vətənidir.
Muxtar Kəngərli bu soyun nümayəndələrindən biridir. Nəsil şəcərəsinə nəzər
yetirəndə məlum olur ki, onun ulu
babası XVI əsrdə yaşamış vəkil (sultan) qolunun
başçısı Kərim Sultan-Bilici
Kəngərli olub. O nəsil sonradan Naxçıvan
xanlığının yaradıcılarından olub. Muxtar Kəngərli də
bu nəsildən gələn soykökü üzərində Əlimərdan
ağa və Novruz
ağanın nəticələrindəndir.
Muxtar müəllim 1931-ci ildə, çox əzablı və ağrılı bir dövrdə Naxçıvanda dünyaya göz
açıb. Bir tərəfdən
aclıq, digər tərəfdən təqiblər, başqa bir tərəfdən
sovet hökuməti tərəfindən unudulmuş diyar... Həmin
dövrdə hökumət yoxsulluq
içində boğulan Naxçıvan əyalətində
bunun səbəblərini "xan-bəy
ünsürləri"nin olmasında axtarır və
naxçıvanskilərə-kəngərlilərə
qarşı repressiyaları davam etdirirdi.
Bu
soyun nümayəndələri dəfələrlə
təqiblərə məruz qaldıqları üçün
başqa soyadlar
daşımağa məcbur olmuşlar.
1828-ci ildə Şimali Azərbaycan Rusiya tərəfindən işğal
olunduqdan sonra yüksək
silkə malik olanların bir
çoxu "Naxçıvanski",
1930-cu illərin repressiyalarından yaxa qurtarmaq üçün "Qədimov", "Vəkilov"
və s. bu kimi soyadlar
daşımışlar. Muxtar müəllimin
ailəsi isə, təqiblərə baxmayaraq,
öz soyadını dəyişməmişdir.
1960-cı
ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu
bitirən Muxtar Kəngərli təyinatla
keçmiş Naxçıvan rayonunun Təzəkənd məktəbinə rus dili müəllimi
göndərilir. 1961-ci ildə
Naxçıvan MSSR Maarif Nazirliyinin müvafiq qərarı
ilə Naxçıvan şəhərində Əkbər Ağayev
adına internat-məktəb fəaliyyətə
başlayır. Elə həmin il
internat-məktəbin ilk direktoru
olmuş İsa Məmmədovun
çağırışı ilə Muxtar
Kəngərli bu təhsil müəssisəsinə
gəlir və pedaqoji kollektivin
üzvü olur.
İnternat-məktəbdə 1961-1971-ci illərdə İsa Məmmədov (5 il),
Bayram Məmmədov (3 il)
və Həmzə Əhmədov (2 il) direktor vəzifəsində
çalışmışlar.
Muxtar müəllim bu məktəbdə
əvvəllər rus dili
müəllimi və tərbiyəçi, sonra
baş tərbiyəçi, 1972-2001-ci illərdə
isə direktor vəzifəsində
çalışmışdır. Onun işlədiyi dövrdə
məktəb həmişə Naxçıvan şəhərinin
qabaqcıl təhsil ocaqlarından olmuş,
1985-ci ildə Azərbaycan Respublikasında fəaliyyət
göstərən 64 internat-məktəbi arasında
keçirilən baxış-müsabiqədə 1-ci yerə layiq görülmüşdür.
Muxtar Kəngərlinin rəhbərlik etdiyi dövrdə məktəbin təhsil və
təsərrüfat bazası genişləndirilərək günün tələbləri səviyyəsinə
çatdırılmışdır. O zaman
internat-məktəbin şəhər ətrafında yerləşən
3 hektar əkin sahəsində şagirdlər
müxtəlif tərəvəz məhsulları
yetişdirirdilər. Həmin tərəvəz məhsulları
tamamilə şagirdlərin ehtiyacını təmin edirdi. Məhsul artıq olanda
şəhərdə yerləşən uşaq
bağçalarına verilirdi. Deməli,
internat-məktəbdə şagirdlər həm təhsil
alır, həm də əməyə, zəhmətə
alışırdılar.
Hər gün internat-məktəbin yeməkxanasında
və yataqxanasında müəllimlər və şagirdlər
növbətçilik edirdilər. Yataq
otaqlarının təmizliyinə xüsusi
nəzarət olunur və qiymətləndirilirdi.
Verilən qiymətlər xüsusi cədvəldə
qeyd edilərək divardan
asılırdı. Bu isə şagirdlərin
intizamında, kollektiv tərbiyəsində
önəmli rol oynayırdi. Burada radio
qovşağı fəaliyyət göstərirdi. Radio vasitəsilə
hər gün dərsdən "əla"
və "qeyri-kafi" qiymət alan şagirdlərin adları oxunur
və məktəbin kollektivinə
çatdırılırdı. Bu da şagirdlərin dərslərə
marağını artırır, onlarda təhsilə,
elmə, Vətənə, xalqa məhəbbət
aşılayırdı.
İnternat-məktəbdə
təhsilin və nizam-intizamın gücləndirilməsi üçün satirik
"Sancaq" və "İrəli"
divar qəzetləri, "Kim
irəlidə gedir" adlı lövhə
fəaliyyət göstərirdi. Həftədə
bir dəfə bu qəzetlərdə
intizamı pozan, dərsə gecikən, şagird yoldaşlarına qarşı kobudluq edənlərin karikaturası verilir, tənqid edilir və
eyni zamanda irəlidə
gedənlər, təhsili və əxlaqi davranışlari ilə
fərqlənənlər nümunə göstərilirdi.
Belə ictimai işlərdə şagirdlər
yaxından iştirak edirdilər.
Onların hərtərəfli inkişafına kömək edən
müxtəlif dərnəklər fəaliyyət göstərirdi:-
Bunlardan özfəaliyyət, musiqi, dram dərnəkləri,
orkestr, müxtəlifyönlü əmək
dərnəkləri (dülgərlik, çilingərlik, foto, dərzilik), ədəbiyyat, fizika, riyaziyyat, kimya, rəsm dərnəkləri və digərlərini
göstərmək olar. Məktəbdə
müxtəlif fənn kabinetləri, laboratoriyalar
dərslərin əyani keçilməsinə xidmət edirdi. Bir qayda
olaraq fizika və riyaziyyat dərsləri əyani keçirilirdi.
Məktəbin təhsil
və təlim qrafiki təxminən bu cür idi
(1-5-ci günlər):
-İdmana
və şagirdlərin fiziki
hazırlığına xüsusı diqqət yetirilirdi. Hər gün səhər
saat 7-də şagirdlər məktəbin
mərkəzi meydanına toplaşar və
günə idmanla başlayardılar.
-Günorta
yeməyindən 0,5-1 saat sonra
ayrı-ayrı siniflərdə növbəti günə
verilmış dərslərin
hazırlığı başlayar və bu, saat 4-5-ə kimi davam edərdi.
-Ondan
sonra kimisi asudə
vaxtını müxtəlif özfəaliyyət və əmək
dərnəklərində, kimisi kitabxanada, kimisi idman dərnəklərində davam
etdirərdi.
-Axşam
yeməyindən sonra saat
10-da yatmaq vaxtının dəqiq
icrasına tərbiyəçi müəllimlər nəzarət
edərdilər. Onlar bəzi şagirdlərin
həmin vaxt dərs oxumalarına və ya mütaliə etmələrinə mane olmazdılar.
İnternat-məktəbin
fəaliyyət göstərdiyi 40 il ərzində
(1961-2001-ci illər) bu təhsil
ocağını 919 şagird bitirmişdir ki, onlardan 13 nəfəri qızıl, 2 nəfəri
qızıl medalı əvəz edən fərqlənmə
attestatı, 14 nəfəri gümüş
medal almış, 69 nəfər tərifnaməyə layiq görülmüşdür
(bəzən bu, qızıl və gümüş medalların yerinə verilirdi). Bu, internat-məktəbi bitirən 98 nəfərin
10,6%-ni təşkil edir.
Məktəbin
müəllim kollektivinin bir
çox üzvünün
xidmətləri ölkə başçısı, Azərbaycan
Respublikası Təhsil Nazirliyi və
Naxçıvan Muxtar Respublikasının
Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək
"Əməkdar müəllim" fəxri adına,
"Qabaqcıl maarif xadimi" döş nişanına layiq
görülmüş, Təhsil Nazirliyinin
fəxri fərmanları ilə təltif edilmişlər.
Bu gün Muxtar müəllim sıralarımızda yoxdur. Lakin onun
bütün əməlləri, xoş gülüşü,
təbəssümü heç zaman yadımızdan çıxmaz. Allah sənə rəhmət eləsin, ustad!..
Epiloq əvəzi: - "Mən babam Muxtar Kəngərli ilə və
daşıdığım bu soyad ilə fəxr edirəm.
Çalışacağam ki,
babalarımın keçdiyi şərəfli
yolu davam etdirəm və
Vətən üçün layiqli övlad olam". Bu sözləri Muxtar müəllimin ocağını bu gün alovlandıran 11
yaşlı Muxtar Kəngərli deyir. Bəli, nəsillər bir-birini
əvəz edir. Böyük
Yaradana şükürlər olsun ki, Muxtar
Kəngərli ocağında bu gün balaca Muxtar yanan o
ocağın odunu həmişə qorumağa hazırdır.
Abbas
SEYİDOV,
tarix elmləri doktoru, professor
Azərbaycan müəllimi.- 2014.- 14 noyabr.- S.6.