Böyük itkinin acısı
Bəzən böyük auditoriyaya daxil olursan, paylaşmağa bir təəsürat
belə tapmadan çıxırsan. Kiçik bir auditoriyadan elə təəssüratlarla
ayrıldım ki, bilmirəm sözü haradan
başlayım. Bu, sadəcə, məktəbdə
bir sinif otağı idi...
Noyabrın 11-də
"Zəkalar" liseyində mərhum əməkdar riyaziyyat müəllimi, həmçinin liseyin yaradıcısı Rafil
İmanovun 65 yaşı qeyd
olundu. Bu yubiley tədbiri təsadüfdənmi, ya zərurətdənmi mərhumun vəfatının
qırx gününün tamamına təsadüf
etdi. Amma bu sadə cümlələr Rafil
İmanovun anım gününün
doğurduğu təəssüratları
ifadə etmək gücündə deyil.
Auditoriyaya daxil olanda
içəridəki adam
sıxlığı ilə yanaşı diqqətimi baş tərəfdə bir
lövhə çəkdi. Üzərində aforizmlər olduğunu gördüm.
Bunların Rafil müəllimin təlim və
tərbiyə prinsipləri olduğunu anlamaq çətin olmadı. Lövhənin baş tərəfində ulu öndər
Heydər Əliyevin fikri yer
alırdı: "Mən dünyada müəllimlikdən
yüksək ad tanımıram". Bu fikir elə Rafil İmanovun da müəllim qəlbindən xəbər verirdi. Daha
aşağılarda isə riyaziyyat müəlliminin
fitrətini ifadə edən öz fikirləri
öyrətmək və öyrənmək prinsipləri olaraq şagirdlərinin gözü
önündən asılmışdı.
Tədbir şagirdlərin
aparıcılığı və
çıxışları ilə başladı.
Çıxış edən şagirdlər öz
həyat yollarında Rafil İmanovun
timsalında müəllim zəhmətini yüksək dəyərləndirdilər:
Rafil müəllimin ən son
sinif rəhbəri olduğu
şagirdlər onun xatirəsi
önündə söz verdilər ki, bu il
qəbul imtahanında ən yaxşı nəticə göstərəcəklər.
Şagirdlərin
ifasında Rafil müəllimin ən çox sevdiyi əsər
- Şəhriyarın "Heydərbabaya salam"
əsərindən bir parça
kompozisiya şəklində təqdim edildi. Saz havası dinlənildi.
Yeddinci sinif şagirdi Rzazadə Əbülfəzin ifa etdiyi Bəxtiyar Vahabzadənin "Tələbələrim"
şeiri
auditoriyanı kövrəltdi. "Mən sizinlə həmyaşam,
hamınıza yoldaşam" sözlərini
sanki Rafil müəllimin
dilindən dinləyirdik...
Tədbir
iştirakçıları liseyin müəllim,
şagird kollektivi ilə
yanaşı, illər öncəsi məzunlardan, valideynlərdən
və həmçinin mərhum müəllimin ailəsi və
qohumlarından, dostlarından ibarət idi.
Müəllim yoldaşları Şamxal Məmmədov,
Malik Vəliyev göz
yaşları içərisində öz
ürək sözlərini paylaşdılar. Ailə üzvlərindən
həyat yoldaşı Gülbəniz xanım,
qardaşları Kamil İbrahimov,
Kərəm İbrahimov, qohumları,
ötən illərin məzunları, ilk
şagirdlərindən biri olan Tamilla xanım
çıxış edərək bu itkinin ağırlığını dilə
gətirdilər. Bütün
çıxışlarda müxtəlif epizodlar
içərisində eyni fikirlər
qırmızı xətlə keçirdi:
böyük insan, böyük pedaqoq, böyük riyaziyyatçı və həmçinin
böyük ailə
başçısı... Həqiqətən də,
hər kəlmənin başına yalnız bu
böyük sözü
yaraşırdı. Vətənpərvər Rafil
İmanovun milli
duyğuları beş övlad
tərbiyəsində də özünü
göstərirdi. Övladlarına verdiyi adlar da müəllimin milli ideallarının ifadəsidir.
Tədbirin
sonunda "Zəkalar" liseyinin
direktoru Aygün
Əhmədli təhsil ocağının fəaliyyətində
Rafil İmanovun zəhməti
haqqında geniş bəhs etdikdən sonra liseyə müəllimin adının
verilməsi arzusunu dilə gətirdi. İndi məktəbin bütün
kollektivi məhz bu arzu ilə yaşayır ki, "Zəkalar"
liseyi yaxın zamanlarda
Rafil İmanovun
adını daşısın.
Tədbirdən sonra iştirakçılar tərəfindən
Rafil İmanovun məzarı
ziyarət olundu.
Könül NƏHMƏTOVA
konul.nehmetova@mail.ru
Azərbaycan müəllimi.-
2014.- 14 noyabr.- S.6.