Naxçıvan haqqında ilk dərslik

 

Azərbaycanın ayrılmaz  tərkib hissəsi olan  qədim Naxçıvan diyarı haqqında son illərdə xeyli sayda fundamental  kitablar, xüsusilə 1 cildlik və 2 cildlik "Naxçıvan ensiklopediyası"nın,  3 cildlik "Naxçıvan tarixi"nin ilk cildinin və digər bir çox kitabların çap olunması qədim diyarın tarixinin, mədəniyyətinin və iqtisadiyyatının kompleks şəkildə dərindən öyrənilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.

Ancaq Naxçıvan tarixinin tədrisi baxımından orta məktəbin müxtəlif siniflərində "Vətən tarixi" dərsliyindəki və digər oxu dərsliklərindəki kiçik tarixi materiallar və bəzi ali məktəblərdə Naxçıvan tarixinə dair xüsusi kurslar nəzərə alınmazsa, bu sahədə bir boşluq hiss olunurdu.

AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi Zəhmət Şahverdiyevin bu yaxınlarda Bakıda "Mütərcim" nəşriyyatında çap etdirdiyi  "Naxçıvan tarixi. XIX əsr və XX əsrin əvvəlləri" adlı  dərslik (redaktor professor M.Əmrahov, rəyçilər dosentlər E.ZamanovA.Hüseynov) bu sahədə atılmış ilk addım kimi  çox uğurlu və təqdirəlayiqdir. 204 səhifədən ibarət olan, əlavə olaraq 1727-ci ildən müasir dövrə qədər Naxçıvanla bağlı xeyli sayda xəritələrin, qiymətli tarixi sənədlərin də yer aldığı bu dərslik əsasən ali məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. Bu qiymətli  tarixi mənbədən eyni zamanda magistrlərin, orta ixtisas məktəbi tələbələrinin, ümumtəhsil məktəbləri  müəllimlərinin və Naxçıvan tarixi ilə maraqlanan geniş oxucu kütləsinin də faydalana biləcəyi qeyd olunmuşdur. 

Dərslikdə qədim Naxçıvan bölgəsinin XIX əsr və XX əsrin əvvəlləri tarixi- Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən  işğalı, bölgənin inzibati ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi və onların azərbaycanlılara qarşı soyqırımı siyasəti çox dəqiq və qiymətli sənədlər əsasında geniş şəkildə şərh olunmuşdur.

Giriş, 5 fəsil və əlavələrdən ibarət olan dərsliyin ilk fəsli "Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı. İnzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik" adlanır. Bu fəsildə Naxçıvan xanlığının  işğalı və Türkmənçay müqaviləsinin mahiyyəti tam dolğunluğu ilə təhlil olunmaqla yanaşı, həmin mərhələ bir neçə dövrə bölünərək xronoloji  ardıcıllıqla şərh olunur.

Dərsliyin bu fəslinin işlənməsində müəllif indiyə qədər Azərbaycan tarixşünaslığında istinad olunmamış xeyli mənbələrdən istifadə etmiş və maraqlı sənədlər ortaya çıxarmışdır.

Dərsliyin "Naxçıvan bölgəsinin iqtisadi vəziyyəti" və "Naxçıvan bölgəsinin sosial həyatı. Demoqrafik vəziyyət" adlanan ikinciüçüncü fəsillərində  kənd təsərrüfatı və aqrar münasibətlər (taxılçılıq, maldarlıq, bağçılıq, üzümçülük, ipəkçilik, toxuculuq), sənətkarlıq və sənaye sahələrinə aid göstəricilər, nəqliyyat və ticarət məsələləri dəqiq statistik rəqəmlər əsasında göstərilmiş, eyni zamanda indiyə qədər tədqiqatdan kənarda qalmış bir çox sahələr dərslikdə geniş şəkildə əksini tapmışdır. Üçüncü fəsildə mətndən əlavə xeyli sayda cədvəl və diaqramlar verilmişdir ki, həmin cədvəllərdə də müxtəlif tarixi mənbələrə istinadən, dərsliyin əhatə etdiyi dövrlərdə İrəvan və Naxçıvan əyalətlərinin, Ordubad dairəsinin inzibati-ərazi bölgüsü və əhalisi haqqında statistik məlumatlar öz əksini tapıb.  Eyni zamanda Naxçıvan,  Ordubad və Dərələyəz mahalları əhalisinin 1829 və  1873-cü illər üzrə say dinamikası, həmçinin 1829 və 1917-ci illər üzrə Naxçıvan bölgəsinin, Naxçıvan və Ordubad şəhərləri əhalisinin say dinamikası dəqiq faktlar əsasında müqayisəli şəkildə təhlil edilir. Dərsliyin həmin fəslində Naxçıvan xanlığının son dövrlərində sosial-iqtisadimilli ədalətsizliklərə qarşı baş qaldıran  xalq narazılığı, qaçaq hərəkatı da yeni faktlarla, maraqlı şəkildə əks olunmuşdur. Xüsusilə, görkəmli xalq qəhrəmanı Qaçaq Nəbinin 1894-1895-ci illərdə Naxçıvana gəlişi, Naxçıvanla  əlaqələri diqqət çəkən cəhətlərdir.

Tarixdən məlumdur ki, çarizmin mürtəce siyasəti ilə Azərbaycanın digər bölgələri kimi,  Naxçıvana da ermənilər köçürülmüş və Naxçıvanın bir çox bölgələrində məskunlaşaraq bir neçə onilliklər boyu yaşamış və sonda da onlar azərbaycanlılara qarşı törədilən soyqırımının icraçılarına çevrilmişlər. Bu məsələlər dərsliyin dördüncü fəslində geniş şəkildə öz əksini  tapmışdır. Dərsliyin son fəsli isə XIX əsr və XX əsrin əvvəlləri Naxçıvan bölgəsinin mədəni həyatını əks etdirir.

 Dərsliyin dəyərini artıran, çox  mühüm tədris vəsaiti kimi ona ehtiyacı zəruri edən əsas cəhətlərdən birionun "Əlavələr" bölməsində  1804-1917-ci illər ərzində Naxçıvanda baş verən, eyni zamanda Naxçıvanla bağlı bir çox mühüm ictimai-siyasi hadisələrin xronoloji ardıcıllıqla verilməsidir. Müstəqil Azərbaycan dövlətinin tarixşünaslığımız qarşısında qoyduğu vəzifələr baxımından icra edilən dərsliyə magistr hazırlığı üçün "Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində" adlı  seçmə fənn proqramının da salındığını nəzərə alsaq, deyə bilərik ki, müəllif ali məktəblərimizin bakalavriatmagistratura pilləsində təhsil alan tələbələrə çox gərəkli bir dərslik təqdim edə bilmişdir. 

 

Vaqif  MƏMMƏDOV,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan müəllimi.- 2014.- 14 noyabr.- S.8.