Naxçıvan Dövlət Universitetində

görkəmli bəstəkarın ustad dərsi

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, respublikanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli sənətkar, Prezident təqaüdçüsü Musa Mirzəyev ustad dərsi keçib. Bəstəkarın universitetlə tanışlığı, təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxışla başlayıb. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada incəsənət üzrə mütəxəssis hazırlığı ilə məşğul olan yeganə ali təhsil müəssisəsində belə ustad dərslərinin keçirilməsinin, tələbələrin görkəmli sənətkarlarla yaxından tanış olmalarının, onların canlı ifalarını dinləmələrinin əhəmiyyətindən danışıb, bəstəkarın zəngin yaradıcılığından bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında qeyd edib ki, tanınmış bəstəkarın əsərlərinin əksəriyyəti nəinki respublikamızda, habelə keçmiş SSRİ-nin mərkəzi şəhərlərində, bir sıra xarici ölkələrdə tanınmış kollektivlər, məşhur musiqiçilər tərəfindən ifa edilirsevilir. Həyatını milli musiqi mədəniyyətimizin inkişafına həsr etmiş 81 yaşlı Musa Mirzəyev ömrünün müdrik çağında da yaradıcılıq əzmi ilə çalışır, yeni-yeni əsərlərlə musiqisevərləri sevindirir.

Sonra xalq artisti, böyük bəstəkar, professor Musa Mirzəyev çıxış edərək Azərbaycanın qədim və zəngin musiqi tarixinə nəzər salıb, bir əsrdən çox yol keçmiş Azərbaycan professional bəstəkarlıq məktəbinin təşəkkülündən və görkəmli nümayəndələrindən danışıb. Tanınmış sənətkar tələbələrə musiqi sənətinin incəlikləri, janr müxtəlifliyi, peşəkar ifaçılıq məharətinin sirləri, milli mədəniyyətimizin təbliğinin əhəmiyyəti barədə məlumat verib, kamerasimfonik orkestr üçün əsərlərin səciyyəvi xüsusiyyətlərini izah edib.

Ustad dərsi əksəriyyəti bəstəkarın repertuarından ibarət konsert proqramının təqdimi əsasında keçib. "Adajio" simli alətlər ixtisasının III kurs tələbəsi Cahangir Qurbanovun, "Yeni il" mahnısı musiqi təlimi kafedrasının müəllimi Zeynəb Yusifovanın, "Lirik sonata" fortepiano kafedrasının müəllimi Nəzakət Gülməmmədovanın ifasında səslənib. Konsertdə fortepiano kafedrasının müəllimi Xalibər Namazova, xalq çalğı alətləri ixtisasının III kurs tələbəsi Ələsgər Cəlilzadə digər Azərbaycan bəstəkarlarının əsərlərini də tamaşaçılara təqdim ediblər.

Professor, bəstəkar Musa Mirzəyev tələbələrin ifaçılıq səviyyəsi ilə bağlı fikirlərini bildirib, onlara dəyərli tövsiyələr verib, sualları cavablandırıb.

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin müdiri

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.3.