Musiqi Kollecində yubilyar

rektorla görüş keçirilib

 

Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecinin müəllim və tələbələri strukturuna daxil olduqları ali məktəbin rəhbər işçiləri, o cümlədən də rektoru ilə tez-tez görüşürlər.Tanınmış musiqi xadimi, konservatoriyanın rektoru, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli, professor Siyavuş Kərimi də kollecdə keçirilən müxtəlif tədbirdə, xüsusən də tələbələrin hesabat konsertlərində müntəzəm iştirak edir, kollecin rəhbərliyi, müəllim və tələbə heyəti ilə təmasda olur. İşgüzar xarakterli belə görüşlərdə kollecin fəaliyyəti, inkişaf  istiqamətləri, burada tədrisin keyfiyyətinin yüksəldilməsi yönündə görülən işlərlə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir, dəvətli olduğu yubiley tədbirlərində yubilyarlara öz ürək sözlərini çatdırır.

Noyabrın 21-də Musiqi Kollecində Siyavuş Kərimi ilə keçirilən görüş isə belə tədbirlərdən xeyli fərqlənirdi. Bu dəfə kollecin müəllim və tələbələri sadəcə rektorlarının deyil, 60 illik yubileyi qeyd olunan görkəmli  sənətkarın  görüşünə toplaşmışdılar.

Musiqi Kollecinin müəllim və tələbələri ilə yanaşı bir sıra tanınmış mədəniyyət işçilərinin, o cümlədən xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov və başqalarının iştirak etdikləri tədbiri kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq görüşün səbəbkarı və iştirakçılarını salamladı, respublikamızın görkəmli incəsənət adamlarını yenidən kolleclərində görməsindən məmnun olduğunu söylədi.

115 yaşlı kolleclərində Azərbaycan musiqisi korifeylərinin yubileylərinin tez-tez keçirildiyini diqqətə çatdıran N.Kazımov bu dəfə də onlardan birinin - istedadlı sənətkar, bəstəkar və oranjemançı, bacarıqlı musiqi təhsili təşkilatçısı və pedaqoq, professor Siyavuş Kəriminin işığına yığışdıqlarını  bildirdi və yubilyarı 60 yaşının tamam olması, bununla əlaqədar ölkə Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunması münasibəti ilə təbrik etdi.

Təbrik çıxışında yubilyarın həyat və yaradıcılıq yoluna nəzər salan professor N.Kazımov S.Kəriminin 1954-cü il noyabrın 9-da anadan olduğunu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görkəmli sənətkar, muğamlarımızın gözəl ifaçısı, tarzən Əhsən Dadaşovun sinfində təhsil aldığını, muğamlarımızın sirlərini ondan öyrənib mənimsədiyini bildirdi. Nazim müəllim Siyavuş Kərimi ilə Azərbaycan Dövlət Konservatoriyasında tələbə yoldaşı olduğunu xatırladaraq onun konservatoriyanın da tar sinfini bitirdiyini, hələ tələbə ikən öz gözəl ifası ilə onu dinləyənləri heyran qoyduğunu diqqətə çatdırdı. Bildirdi ki, Siyavuş Kərimi hərbi xidmətdə olduğu dövrdə də ifaçılıq bacarığını artırmış, tarla yanaşı bir çox musiqi alətlərində, o cümlədən trubada, trombonda,  saksafonda çalmağı öyrənmiş və sonralar bu alətlərin də mahir ifaçısı kimi tanınmışdır.

Çıxışında professor Siyavuş Kərimini yaradıcı bəstəkar, istedadlı oranjemançı kimi səciyyələndirən N.Kazımov onun öz yaradıcılığında Azərbaycan musiqisi ilə Qərb musiqisini məharətlə sintez etdiyini, bir çox xarici ölkə musiqi kollektivləri ilə birgə yaradıcılıq fəaliyyəti göstərdiyini, eyni zamanda bir çox tamaşalara musiqi bəstələdiyini diqqətə çatdırdı.

N.Kazımov Azərbaycanda ali musiqi təhsilinin inkişafında Siyavuş Kəriminin xüsusi xidmətləri olduğuna diqqəti yönəldərək onun  ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılan Azərbaycan Milli Konservatoriyasına rektor təyin olunduğunuuzun illər ona bacarıqla rəhbərlik etdiyini, bu musiqi məbədinin milli musiqi kadrlarının yetişməsində mühüm rol oynadığını söylədi.

Yubilyarın apardığı geniş ictimai işlərə də toxunan kollecin direktoru bildirdi ki, S.Kərimi bir sıra qurumların işində fəal iştirak edir. O, dövlət mükafatı və "Humay"  mükafatı komissiyalarının, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin üzvüdür. Qeyd olundu ki, S.Kəriminin musiqimiz, musiqi təhsili sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o,  Azərbaycan Prezidentinin sərəncamları ilə "Əməkdar incəsənət xadimi", "Azərbaycan Respublikasının xalq artisti"  fəxri adları və "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Nazim Kazımov təbrik çıxışının sonunda sənətkarlar arasında varislik məsələsi ilə bağlı bir məqamı da görüş iştirakçılarının diqqətinə çatdıraraq  bildirdi ki, Siyavuş Kərimi öz tarını bizim kollecin məzunu, mahir tarzən, respublikanın əməkdar artisti Elçin Həşimova bağışlamışdır.

Sonra kollecin direktor müavini, respublikanın əməkdar müəllimi Gülzar Hətəmzadə kollec adından yubilyara ünvanlanmış təbriki oxudu. S.Kərimiyə xatirə medalı və tər çiçək dəstəsi təqdim olundu.

Görüşdə söz alan Azərbaycan Respublikasının xalq artisti Rauf Babayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, respublikanın xalq artisti Azərpaşa Nemətov, respublikanın xalq artisti Ağacəbrayıl Abbasəliyev Siyavuş Kərimini 60 illik yubileyi münasibəti ilə təbrik edib ona ürək sözlərini çatdırdılar, xatirələrini söylədilər.

Tədris ocağının istedadlı tələbələri yubilyara həsr etdikləri geniş və rəngarəng konsert proqramını təqdim etdilər. Konsertdə S.Kəriminin əsərləri də ifa olundu.

S.Kərimi görüşə və haqqında deyilən xoş sözlərə görə kollecin rəhbərliyinə, çıxış edənlərə, maraqlı konsert proqramı üçün tələbə və müəllimlərə minnətdarlığını bildirdi.

Konsertin sonunda yubilyar səhnəyə çıxaraq əməkdar artist Anar Şuşalı ilə birlikdə mahnılarından birini ifa etdi.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.7.