Sənətinin vurğunu

Söhbət Arif Hüseynovdan gedəndə onu yaxından tanıyanlar hər zaman bu fikri xüsusi vurğulayırlar: "Onun sənəti xalqa yaxın, quruluş verdiyi rəqslər isə ruhu oxşayandır". Yazımızın qəhrəmanı olan rəqs müəllimi Arif Hüseynovun ömür payına milli rəqslərimizi yaşatmaqonu gənclərimizə düzgün şəkildə öyrətmək düşüb.

1941-ci il martın 17-də Bakıda anadan olan Arif müəllimin rəqsə olan həvəsi onun gələcək həyatının müəyyənləşməsində mühüm rol oynayıb. O, Bakı Xoreoqrafiya Məktəbinin baletmeyster fakültəsini bitirərək 1959-1966-cı illərdə Dövlət Mahnı və Rəqs Ansamblında rəqqas, 1968-2006-cı illərdə isə İ.Əbilov adına Mədəniyyət Evində baletmeyster işləyib. Əsrlər boyu nəsillərdən-nəsillərə ötürülmüş milli rəqslərimizi doğru-düzgün şəkildə gənclərimizə öyrətmək məqsədilə işlədiyi İ.Əbilov adına Mədəniyyət Evinin nəzdində 1968-ci ildə yaratdığı "Könül" xalq milli rəqs ansamblı öz fəaliyyəti dövründə Azərbaycanda rəqs sənətinin inkişafına əvəzsiz töhfələrini verib. Vaxtilə 40 nəfər həvəskardan ibarət təşkil olunan ansambl uğurlu çıxışları ilə tez bir zamanda diqqəti özünə cəlb edə bilib. Arif müəllimin yaratdığı rəqs ansamblı respublikanın müxtəlif bölgələrində, hərbi hissələrdə zəngin proqramlarla çıxış edib, bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlərin əvəzsiz iştirakçısı olub. Ansambl Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri fərmanlarla təltif olunub.

Ölkəmizdə kifayət qədər əldə etdiyi nailiyyətləri ilə tanınan ansamblın respublikamızın hüdudlarından kənarda da xoş sorağı gəlib. "Könül" ansamblı 1972-2003-cü illərdə bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq folklor, dostluq, rəqs festivallarında, həmçinin XII Dünya gənclər festivalında (Rusiya), Bolqarıstan, Rumıniya və Hollandiyada təşkil olunan "Azərbaycan mədəniyyəti günləri"ndə və digər tədbirlərdə ölkəmizi şərəflə təmsil edib.

Azərbaycan rəqslərinin inkişafı və təbliğində əvəzsiz xidmətləri olan Arif Hüseynovun əməyi hər zaman yüksək dəyərləndirilib. Belə ki, o, dəfələrlə SSRİ Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin (indiki Mədəniyyət və Turizm Nazirliyi), Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom, fəxri fərmanlarına və "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb, "Əmək şücaətinə görə " medalı ilə təltif olunub. Haqqında 1983-cü ildə çəkilmiş "Buta" adlı sənədli televiziya filmi isə milli rəqslərimizin yorulmaz təbliğatçısı, onu yeniyetmə və gənclərimizə sevə-sevə öyrədən Arif Hüseynovun uzunillik səmərəli fəaliyyətinə verilən dəyərin bariz nümunəsidir.

Ömrünün yarıdan çoxunu sevimli peşəsi ilə məşğul olan ustad rəqqasın peşəkarlığından, təcrübəsindən kino mütəxəssisləri də faydalanıb. O,"Firuzə", "Babək", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" bədii filmlərindəki rəqslərə quruluş verib.

Öz sənətinin vurğunu olan, yorulmaqolduğunu bilməyən, "yorğunluğumu rəqslə çıxarıram" - deyən sənətkar bu güneyni şövqlə, eyni həvəslə gənclərimizə xalqımızın qədim və zəngin rəqslərini öyrədir.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.11.