Gənc istedad "Xatirə" ansamblının solistidir

İbrahim Babayev 1997-ci ildə Bakıda anadan olub. 2012-ci ildə Bakıdakı 16 nömrəli texniki-humanitar liseyin IX sinfini bitirib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib. Valideynləri onu Bakıdakı Fikrət Əmirov adına 6 nömrəli uşaq incəsənət məktəbinin pianino sinfinə qoyublar. Amma o heç vaxt pianoçu olmaq istəməyib. Məşhur tarzən olmaq arzusu ilə yaşayır. Yeri gəlmişkən qeyd edək ki, atası ixtisasca həkim olsa da, eyni zamanda tara olan məhəbbəti elə onda atası yaradıb. Övladının arzusunu nəzərə alaraq nəhayət o, İbrahimi pianino sinfindən çıxardaraq tar sinfinə qoyub. İlk tarı ona sonradan üzərində çox böyük əziyyəti olan müəllimi Ələkbər Ələkbərov hədiyyə edib. Tarda ikinci sinifdə oxuyarkən Ələkbər müəllim onun ifasında "Bayatı-kürd" muğamını dinləyib gələcəkdə çox gözəl tarzən olacağına böyük ümidlər bəslədiyini söyləyib. 2012-ci ildə İbrahim musiqi məktəbini bitirərək Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə daxil olub. Müəllimləri olan böyük sənətkarlar, professor Ağasəlim Abdullayevin Ələkbər Ələkbərovun onun üzərində əməyi çox olub. İstedadını nümayiş etdirmək üçün respublika müsabiqələrinə qatılıb. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsində I yerə layiq görülüb. İ.Babayev uşaq gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsində yüksək səviyyədə çıxış etdiyinə görə I dərəcəli diplomla mükafatlandırılıb. Bu müsabiqə onun həyatında dəyişikliklər edib. Xalq artisti, professor Ramiz Quliyev onun ifasını çox bəyənib. Onu Azərbaycan Radio Televiziya Verilişləri QSC tərkibində olan "Xatirə" ansamblına apararaq bədii rəhbər, xalq artisti Adil Bağırova təqdim edib. Hazırda İbrahim "Xatirə" ansamblının solistidir.

Qeyd edək ki, Daşkənddə ilk dəfə olaraq gənclər arasında keçirilən "Ana yurdun ahəngləri" adlı xalq çalğı alətləri müsabiqəsi keçirilib. Ölkəmizi təmsil edən İbrahim Babayev müsabiqənin II dərəcəli diplomuna layiq görülüb.

Hazırda İbrahim Babayev Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin III kursunda tar ixtisası üzrə təhsil alır.

Azərbaycan musiqisinin zəngin olduğunu söyləyən gənc istedadın arzusu Milli Konservatoriyaya daxil olmaqdır.

Sifai Səfərova

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.