Ən böyük arzusu tanınmış

skripkaçı olmaqdır

Həmidə Ağasoy 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində musiqiçi ailəsində anadan olub. Onda musiqiyə marağı anası oyadıb. Ailədə bacısı İlahə də həyatını musiqiyə həsr edib. Bir il Naxçıvanda musiqi məktəbində skripka sinfində oxuyub. 2003-cü ildə ailəlikcə Bakıya köçüblər. Bakıdakı 15 nömrəli musiqi məktəbində oxuyarkən bu möcüzəli alətin sirlərini müəllimi Aida İmişovadan öyrənib. Musiqi məktəbində oxuduğu illərdə bir çox tədbirlərdə iştirak edib. 2006-cı ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepianoda müşayiət ifaçılığına baxışda uğurla çıxış etdiyinə görə tərifnamə ilə təltif edilib. 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ABŞ-da təşkil olunmuş konsertdə çıxış edib. 2007-ci ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsində uğurla çıxış etdiyinə görə tərifnamə ilə mükafatlandırılıb.

Bu illər ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Teymur Göyçayevin rəhbərliyi altında kamera orkestri ilə çıxış edib. 2010-cu ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətləri üzrə II respublika müsabiqəsində uğur qazanıb.

2010-cu ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin instrumental ifaçılıq ixtisasına skripka aləti üzrə dəyərli müəllimi, ona həmişə dəstək olan Ağahüseyn Hüseynovun sinfinə daxil olub.

2012-ci ildə Budapeştdə keçirilən beynəlxalq müsabiqənin laureatı adını qazanıb. Elə həmin il görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçıların müsabiqəsində çıxış edərək I dərəcəli diplomla təltif olunub. 2014-cü ildə Musiqi Kollecini bitirdikdən sonra Bakı Musiqi Akademiyasına daxil olub.

Gənc istedadın ən böyük arzusu Koreyada musiqi təhsilini davam etdirmək, məşhur italyan skripkaçısı Paqanininin konsertlərini ifa etmək, tanınmış skripkaçı olmaqdır.

Sifai Səfərova

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.