"Yeni uşaq mahnıları-2013"

müsabiqəsinin qalibi

Cavid Haqverdiyev 2005-ci ildə Bakı şəhərində anadan olub. Hazırda paytaxtdakı 252 nömrəli tam orta məktəbin IV sinfində təhsil alır. Sinif rəhbəri Aybəniz Həsənova şagirdinin istedadlı yeniyetmə olduğunu, onda yüksək yaradıcılıq keyfiyyətlərinin aşkar olunduğunu, məktəbin ictimai işlərində fəal iştirak etdiyini söylədi. Dedi ki, Cavid artıq 4 ildir ki, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində "Azəri inciləri" vokal qrupunun solistidir. Könül oxşayan ifaları ilə tamaşaçılarda xoş ovqat yaradan bu yeniyetmə müxtəlif telekanallarda bir-birindən maraqlı uşaq verilişlərində iştirak edib. Xəzər televiziyasında yayımlanan "Könül dünyamız" adlı verilişdə məharətli ifası onu sevənlərin, səsinin sehrinə düşənlərin sayını birə-beş artırıb. 2014-cü ildə S.Vurğun adına Azərbaycan Rus Dram Teatrında keçirilən "Bizim rəqs dünyamız" adlı hesabat konsertindəki çıxışları, "Qaranquşum", "Kəndimiz", "Dostluq mahnısı" və digər ifaları ilə Cavid əsl istedad sahibi olduğunu bir daha sübut edib. İstedadlı yeniyetmə dəfələrlə rayon, şəhər, respublika, beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak edərək fəxri fərman və diplomlara layiq görülüb. O, 2013-cü ildə Yeni uşaq mahnıları müsabiqəsində I yeri tutaraq qalib adını qazanıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən konsertdə, Təhsil Nazirliyinin, şəhər, rayon icra hakimiyyətlərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi uşaq tədbirlərində fəal iştirakı, qocalar uşaq evlərindəki çıxışları Cavidin gələcəkdə gözəl bir sənətçi olacağından xəbər verir. Bir-birini əvəz edən uğurları hamı kimi bizdə də onun parlaq gələcəyinə inamı artırır.

Cavid həmçinin idmanın karate-simmey do idman növü ilə məşğul olur. Bu idman növü üzrə keçirilən yarışlarda o, dəfələrlə fiziki qüvvəsini nümayiş etdirərək qırmızı yaşıl kəmərlərin sahibi olub.

Sifai Səfərova

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.