Saxta diplomların qarşısını almaq olarmı?

 

İnkişaf etmiş ölkələrdə bu problem

hansı mexanizmlərlə həll edilir?

 

*  Bizdə elə müəllimlər var ki, bu saxta sənədlərlə artıq 15 ildən çoxdur ki, çalışır.

*  Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyətini dayandırmaqla nazirlik böyük bir saxtakarlıq yuvasını dağıtmış oldu.

*  İnkişaf etmiş ölkələrdə diplom bir o qədər əhəmiyyət daşımır. İşəgötürən tərəf əsasən mütəxəssisin bilik və bacarığına üstünlük verir.

*  Maraqlandığımız bütün ölkələrdə universitetləri bitirən məzunlarla bağlı məlumat bazası yaradılıb. Bu bazadan həm də diplom saxtakarlığının qarşısının alınmasında istifadə olunur. 

 

Saxta diplomlarla mübarizə bu gün dünyanın bir çox ölkələrində hələ də əsas problem olaraq qalmaqdadır. İnkişaf etmiş dövlətlərdə bu məsələ öz həllini tapsa da keçmiş postsovet məkanına daxil olan ölkələrdə saxta diplom problemi hələ də davam edir. Belə hallara az da olsa, Sovetlər Birliyi dövründə də rast gəlinirdi. Ancaq çap və mətbəə avadanlıqlarının dövlətin hüquq-mühafizə orqanlarının xüsusi nəzarətində olduğu, SSRİ sərhədlərinin qapalılığı, kompüterlərin texnoloji imkanlarının indiki qədər olmaması və s. kimi səbəblərdən bu problem bir o qədər də nəzərəçarpan deyildi.

Əlbəttə, bu problemin qarşısının alınması üçün ölkəmizdə də hüquq-mühafizə orqanları ilə birgə müxtəlif addımlar atılmaqdadır. Ancaq təhsil naziri Mikayıl Cabbarovun son müsahibələrinin birində təhsil sistemində hələ də 2000-dən çox saxta diplomlu "müəllimlər"in çalışdığını deməsi, şübhəsiz ki, bu problemin hələ də davam etdiyini göstərir. Nazir bu fikri ilə həm cəmiyyətə, həm də saxtakarlara ciddi bir mesaj verdi. Şübhəsiz ki, Təhsil Nazirliyinin saxta diplomların qarşısının alınmasına yönəlmiş sərt addımları cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyətini dayandırmaqla nazirlik böyük bir saxtakarlıq yuvasını dağıtmış oldu. İctimaiyyətə verilən məlumatlardan aydın olur ki, nazirlik bu addımları belə sərt formada davam etdirmək niyyətindədir. Bu baxımdan, nazirliyin son illərdə atdığı addımları daha təsirli hesab etmək olar. Təhsil sahəsində saxta diplomla çalışan müəllimlərin əksəriyyətinin aşkarlanması, bəzi təhsil müəssisələrinin rəhbərləri və əməkdaşlarının bu kimi işlərdə yol verdikləri saxtakarlığa və nöqsanlara görə işdən azad olunması bariz nümunədir. Lakin buna baxmayaraq, əvvəlki dövrlərdə verilən diplomlar hələ də məsələnin tam həlli yolunda müxtəlif çətinliklər yaradır. Məsələn, bizdə elə müəllimlər var ki, bu saxta sənədlərlə artıq 15 ildən çoxdur ki, çalışır. Belə müəllimlərin sayının çox olduğunu bildirən nazir eyni zamanda, həmin müəllimlərin hamısını birdən işdən azad etməyin də müəyyən problemlərə gətirib çıxaracağını, xüsusən də müəllim çatışmazlığı ilə üzləşəcəklərini deyib.

Bəs bu problem dünyanın inkişaf etmiş ölkələrində öz həllini necə tapıb?

Keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr istisna olmaqla dünya ölkələrinə nəzər saldıqda görərik ki, həmin ölkələrdə saxta diplomlara çox nadir hallarda rast gəlinir. Çünki bu ölkələrdə diplom bir o qədər əhəmiyyət daşımır. İşəgötürən tərəf mütəxəssisin bilik və bacarığına daha çox üstünlük verir. Xaricdə təhsil alan məzunlardan aldığımız məlumata əsasən deyə bilərik ki, diplomların həqiqiliyinin yoxlanılması mexanizmləri dünya ölkələrində müxtəlif formalarda həyata keçirilir.  Ancaq araşdırmalarımız zamanı bizə o da məlum oldu ki, maraqlandığımız bütün ölkələrdə universitetləri bitirən məzunlarla bağlı məlumat bazası yaradılıb. Bu bazadan həm də diplom saxtakarlığının qarşısının alınmasında istifadə olunur. Həmin bazada məzunun universitetdə təhsil aldığı illərlə bağlı mühüm məlumatlar (daxil olma və bitirmə tarixləri, təhsil müddətində nailiyyətləri, bəzi müəllim və professorlar tərəfindən verilən rəylər, şəxsi məlumatlar və s.) yerləşdirilir. Bu bazadan istifadə edən ölkələrdə müxtəlif formalarda - ictimaiyyət üçün açıq, yaxud qapalı (ancaq rəsmi qurumların və məzunların sorğusu əsasında) həyata keçirilir. Məlumat bazası diplom verən universitet, yaxud bu sahəyə rəhbərlik edən təhsil qurumlarında yaradılır.

 

İnkişaf etmiş ölkələrin təcrübəsindən nümunələr

 

Məsələn, Almaniyada xüsusi bir proqram var.  Bu proqram yalnız müvafiq dövlət qurumlarında şifrəli baza olaraq kompüterlərə yüklənir. Hər bir universitet məzunlarının siyahısı    diplomların şifrəsi həmin bazaya daxil edilir. İşəgötürən diplomun düzgünlüyünü yoxlamaq üçün müvafiq təşkilata müraciət edir. Bununla da diplomun düzgünlüyü haqda dəqiq məlumat ala bilir. ABŞ-da isə proses bir az fərqlidir. Belə ki, hər  universitetdə ayrıca məzunlar bazası yaradılır. Bu bazada məzunlar haqqında bütün zəruri məlumatlar yerləşdirilir və maraqlı tərəflər bazaya asanlıqla daxil olmaqla həmin məzun haqqında ətraflı bilgi əldə edə bilir. Hətta universitet müəllimlərinin həmin məzun haqqında fikirlərini də öyrənə bilərlər.   İtaliyada da bu proses demək olar ki, ABŞ-dakı kimidir. İtaliyanın Milan Politexnik Universitetində təhsil alan həmyerlimizdən aldığımız məlumata görə, universitetin bazasında hər bir tələbə məzun haqqında ətraflı məlumat yerləşdirilir. Ancaq həmin baza şifrəlidir. Bu şifrəni yalnız tələbə ya məzun, həmçinin universitetin müvafiq əməkdaşları bilir. 

Bəzi ölkələrdə isə ümumiyyətlə diplomun saxta ya düzgünlüyünü öyrənmək mexanizmi məxfi saxlanılır. Həmin ölkələrdəki mütəxəssislər düşünürlər ki, mexanizmi açıqlamaqla saxta diplomların meydana gəlməsinə zəmin yarada bilərlər.

Araşdırmalarımız göstərdi ki, bu işdə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edərək müəyyən mexanizmin yaradılması zəruridir. Bu elə bir mexanizm olmalıdır ki, istər işəgötürən, istərsə ali təhsil müəssisəsini bitirən vətəndaş şəffaf operativ məlumat ala bilsin. Məsələn, respublikamızın ucqar rayonlarından bir vətəndaş diplomunun düzgünlüyünü təsdiq etmək üçün paytaxta gəlib vaxt itirməsin. Müvafiq orqana müraciət etməməklə, elektron qaydada daha rahat şəffaf məlumat alsın.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, saxta sənədlərlə bağlı problemlərin nizama salınması məqsədilə təhsil naziri müvafiq əmr imzalayıb. Hazırda müvafiq qurumlar diplom bazasının yaradılması üzərində aparırlar. 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 3 oktyabr.- S.3.