Dünya ölkələrində müəllim əməyinin
xüsusiyyətlərinə dair hesabat
açıqlanıb
İqtisadi
Əməkdaşlıq və
İnkişaf Təşkilatı
(OECD) dünya ölkələrində
müəllim əməyinin xüsusiyyətlərinin
genişmiqyaslı öyrənilməsinə dair
hesabatını açıqlayıb. "Təhsil və Təlimin
Beynəlxalq Tədqiqatı" (Teaching and Learning International
Survey, TALIS) adlı hesabatın
təqdimatında
Britaniya təhsil sisteminin
digər ölkələrlə müqayisədə
üstünlüyündən bəhs olunub. Sinqapurun təhsil sisteminin uğurları, bu ölkənin gənc
məktəblilərinin bütün dünyada riyaziyyatın
öyrənilməsində çox yüksək nəticələr
göstərməsi xüsusilə
qeyd olunub. Bununla belə, keyfiyyət və
təhsil xidmətləri qiymətləri arasında ən
yaxşı nisbətin Finlandiyada olduğu vurğulanıb. Bildirilib ki, Finlandiya müəllimlərinin
peşəkarlığı sayəsində bu ölkənin şagirdləri məktəblilərin təhsil
nailiyyətlərinin qiymətləndirilməsi beynəlxalq
proqramlarında (Programme for International Student Assessment, PISA)
yüksək ballar qazanırlar.
Bu araşdırma müxtəlif ölkələrdən
olan şagirdlərin biliyini və qazanılan bilikləri təcrübədə
tətbiq edə bilməsi
bacarığını əks etdirir. Qeyd olunur ki, Finlandiyada müəllimlərin əməkhaqları
o qədər də yüksək deyil və onlar nisbətən böyük siniflərdə dərs
keçirlər. Hesabatda Finlandiyadan sonra ən effektiv təhsil
verən ölkələr sırasında Koreya, Çexiya,
Macarıstanın adları çəkilir. Braziliya və İndoneziyanın təhsil
sistemləri təhsil xidmətlərinin qiyməti və
keyfiyyəti nisbətinin ən aşağı göstəricilərini nümayiş etdirib. Əldə olunmuş nəticələrin
əlyetərliyi nöqteyi-nəzərdən hesabat müəllifləri
bütün dünyada müəllim
işinin xüsusiyyətlərinin necə dəyişməsini
əyani göstərmək üçün bu nəticələrdən
istifadə ediblər.
Ən
yüksək əməkhaqqını İsveçrə
müəllimləri alır
OECD-yə üzv ölkələrdən ən
yüksək əməkhaqqını İsveçrə
müəllimləri alır. Müəllimin illik gəliri bu
ölkədə 68000 dollardır.
İsveçrədə
orta illik əməkhaqqı
isə 50000 dollardır. İsveçrədən sonra ən
yüksək əməkhaqqı
Niderland, Almaniya və Belçikadadır. Lider ölkələrlə
müqayisədə
Böyük Britaniya müəllimlərinin
illik orta əməkaqqı 44000
dollardır. Almaniya 30 OECD ölkəsi arasında müəllimlərin
əməkhaqqına görə 13-cüdür. Fransada müəllimin illik orta əməkhaqqı
30000 dollardır. Yunanıstanda isə müəllimlər ildə
25000 dollar qazanır.
Məktəblərdə
ən çox müəllimin olduğu ölkələr
Hesabata görə, Braziliyada orta hesabla hər
bir müəllimə 32,
Portuqaliyada isə 8 şagird düşür. Norveç və Yunanıstanda nisbətən
böyük siniflər mövcuddur. Böyük Britaniya bir müəllimə düşən
şagirdlərin sayına görə öndə olan ölkələrin
siyahısında 14-cü yerdədir.
Tədqiqat göstərib ki, əgər Böyük
Britaniya hökuməti Finlandiyanın effektiv təhsil sisteminə çatmaq istəyirsə,
buna hər müəllimə düşən şagird
sayını 13-dən 16-ya
çatdırmaqla nail ola bilər.
Müəllimlərin
iş saatı
TALIS (Teaching and Learning International Survey) tədqiqatı göstərib ki,
Böyük Britaniyada müəllimlər tədris ili ərzində
orta hesabla həftədə 46 saat işləyirlər, bu isə
müvafiq beynəlxalq normadan (38 saat) 8 saat artıqdır.
Bununla belə, Britaniya müəllimləri sinifdə daha az
vaxt keçirir, vaxtlarının böyük hissəsini başqa tapşırıqlara həsr
edirlər. Finlandiyalı müəllimlər
32 saatlıq iş həftəsinə malikdir. İtaliyada isə müəllimlər
həftə ərzində 29 saat işləyirlər.
Qadın
müəllimlərin sayına görə lider ölkə
Qadın müəllimlərin sayına görə
Latviya liderlik edir. Qadınlar bu ölkədə müəllimlərin
ümumi sayının 88,7, Estoniyada 84,5, Slovakiyada
81,8, Bolqarıstanda
81,2, İtaliyada 78,5, Çexiyada 76,5, İsraildə 76,3, Polşada 74,9 və s. faizini təşkil
edir. Müəllimlər
arasında qadınların sayının ən az olduğu
ölkələrə isə
Niderland (54,6 faiz), Meksika (53,8 faiz) və Yaponiyanı (39 faiz) misal göstərmək
olar. Müəllimlərin orta yaşı aşağıdakı
kimi dəyişir: İtaliyada - 48,9, Estoniyada 47,9,
Bolqarıstanda 47,4 yaşdır.
Ən gənc müəllimlər isə Malayziyada (38,9),
Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) (38,7), Sinqapurda (36) işləyir.
Hansı
ölkədə ali təhsilli müəllimlər
çoxdur?
Ali təhsilli müəllimlər
Avstraliyada (99,9 faiz),
Polşada (99,9 faiz), Koreyada (99,8 faiz) üstünlük təşkil
edir. Xorvatiyada ali təhsillilər 82,3, Çilidə 81,6,
İtaliyada 80,5 faiz təşkil edirlər. Ən
yaxşı pedaqoji staja malik
müəllimlər Latviyada (22 il), Estoniyada (21,6 il),
Bolqarıstanda (21,5 il), İtaliyada (19,8 il), Portuqaliyada (19,4
il), İspaniyada (18,3 il) çalışır. Bir qədər
az təcrübəli müəllimlər Əbu-Dabi (Birləşmiş
Ərəb Əmirlikləri) (12,8 il), İngiltərə (12,4
il), Sinqapurdadır (9,7 il).
Həftə ərzində müəllimlərin
tədrisə daha çox vaxt ayırdığı ölkələrə
Çili (26,7 saat), Braziliya (25,4 saat), Meksika (22,7 saat) Finlandiya
(20,6 saat), İngiltərə (19,6 saat), Fransa (18,6 saat) və
daha az vaxt ayrılan ölkələr isə Niderland (19,9
saat), Rumıniya (16,2 saat) və
Norveçi (15 saat) göstərmək olar.
Müəllimlər
haqqında əlavə faktlar
Təhsilin inkişafına daha çox vəsaiti
ABŞ hökuməti ayırır - 809 milyard dollar. Daha sonra Yaponiya (160 milyard dollar), Almaniya (154 milyard dollar), Braziliya (146 milyard dollar), Fransa (123 milyard
dollar), Böyük Britaniya (123 milyard dollar) gəlir. BMT-nin açıqlamasına
görə, 2015-ci ilə
qədər əlavə
olaraq 8 milyon müəllimə ehtiyac yaranacaq. Beynəlxalq tədqiqata əsasən,
müəllimlərin 68 faizi
qadınlardır, müəllimin
orta yaşı isə 48 yaşdır.
Müəllimin orta iş həftəsi 38 saatdır. Müəllimlərin
daha çox işlədiyi Yaponiyada həftəlik
iş 54 saat təşkil edir.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2014.- 3 oktyabr.- S.6.