Təhsil Problemləri İnstitutunun ən yeni nəşrləri
2012/2013-cü tədris ilindən etibarən ilk dəfə
olaraq respublikanın ümumtəhsil məktəblərinin V
siniflərində ikinci xarici dilin (ingilis, rus, fransız, alman və
s.) tədrisinə başlanmışdır. Təhsil Nazirliyinin
sifarişinə əsasən Azərbaycan Respublikasının
Təhsil Problemləri İnstitutunda bu fənləri tədris
edən müəllimlərə metodik köməklik məqsədilə
ingilis, rus, fransız və alman dillərinin tədrisinə
dair V-VII siniflər üzrə 4 adda (Azərbaycan Respublikasının
ümumtəhsil məktəbləri üçün ikinci
xarici dil fənn kurikulumunun tətbiqinə dair tövsiyələr.
İngilis dili. V-VII siniflər. Bakı, 2014; Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri
üçün ikinci xarici dil fənn kurikulumunun tətbiqinə
dair tövsiyələr. Rus dili. V-VII siniflər. Bakı,2014;
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri
üçün ikinci xarici dil fənn kurikulumunun tətbiqinə
dair tövsiyələr. Fransız dili. V-VII siniflər.
Bakı, 2014; Azərbaycan Respublikasının ümumtəhsil
məktəbləri üçün ikinci xarici dil fənn
kurikulumunun tətbiqinə dair tövsiyələr. Alman dili.
V-VII siniflər. Bakı, 2014) metodik tövsiyə
hazırlanmış və vəsait şəklində
çap olunmuşdur.
Metodik tövsiyələr giriş, məzmun
standartları, illik və gündəlik planlaşdırma
nümunələri, qiymətləndirmənin
aparılmasına dair nümunələr və istifadə
olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Girişdə ümumtəhsil məktəblərində ikinci
xarici dil fənninin tədrisinə verilən tələblər,
onun təşkili prinsiplərindən danışılır.
Birinci hissədə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu ildə təsdiq etdiyi "Ümumi təhsil
pilləsinin dövlət standartları və proqramları
(kurikulumları)"na əsasən hazırlanmış və
təsdiq olunmuş ikinci xarici dil fənn kurikulumunun V-VII siniflər
üzrə məzmun standartları verilmişdir.
İkinci hissədə müəllimlərə kömək
məqsədilə siniflər üzrə illik və gündəlik
planlaşdırma nümunələri öz əksini
tapmışdır.
Üçüncü hissədə isə yeni qiymətləndirmə
mexanizmlərinə uyğun olaraq şagird nailiyyətlərinin
məktəbdaxili qiymətləndirilməsinin formativ və
summativ növlərinə dair nümunələr
verilmişdir.
Təhsil
Problemləri İnstitutunun
Beynəlxalq
əməkdaşlıq və informasiya şöbəsi
Azərbaycan
müəllimi.- 2014.- 3 oktyabr.- S.12.