Təcrübəli müəllimin "İllər, sizdə nəyim

qaldı?..." kitabı işıq üzü görüb

 

Müəllimlik  dünyada ən çətin, eyni zamanda ən şərəfli peşədir. Bu peşə mövcud olduğu vaxtdan cəmiyyətdə hörmətlə qarşılanıb və müqəddəs sayılıb.  Çünki müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi  əxlaqa  malik insanlar yetişir.  Bu insanlar, öz növbəsində,  cəmiyyəti inkişaf etdirir.  Bu günlərdə işıq üzü  görmüş "İllər, sizdə nəyim qaldı?..." (Bakı, "MSV nəşr", 2014, 404 səh.)  kitabı   müəllim adını şərəflə  daşıyan,  onun müqəddəsliyini  qoruyan, böyük pedaqoji təcrübəyə malik olan yenilikçi, həyatını gənc nəslin təlim-tərbiyə işinə həsr  etmiş bir təhsil fədaisinin - Bakıdakı 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, "Tərəqqi" medallı Mehparə Həbiblinin   uzunillik pedaqoji fəaliyyəti, təhsil sahəsində qazandığı uğurlara həsr olunub.  

Redaktoruön sözün müəllifi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Almaz Məmmədova, rəyçilər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəsulova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir  Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova olan  bu kitabda  M.Həbiblinin pedaqoji  təhsil sahəsində qabaqcıl təcrübəsinə həsr olunmuş məqalələri, yeni təlim metodlarına uyğun qurulmuş dərs nümunələri, bir sözlə,  pedaqoji fəaliyyətinin  önəmli sahələri əksini  tapıb. Kitabda verilmiş məqalələri oxuduqca hiss edirsən ki, ömrünün 50 ildən çoxunu sevə-sevə sevimli müəllim peşəsinə həsr edən, bu günböyük həvəs və enerji ilə çalışan qocaman müəllimin  hər bir addımı örnəkdir, nümunədir.

Əslində o, müəllimlər müəllimidir.  Həyatını  bir günolsun  məktəbsiz və uşaqlarsız  təsəvvür edə bilməyən  Mehparə müəllimin sənətinə, peşəsinə olan vurğunluğu  uzunillik səmərəli pedaqoji  fəaliyyətində ona güc, qüvvət, işinə sonsuz məhəbbət vermişdir.  Bu həvəs və məsuliyyət ona uğur qazandırmış, onu hər zaman üzüağ, alnıaçıq  etmişdir. Müəllim adının şərəfini və  ləyaqətini hər zaman uca tutan,   "İnsan yorulmamalı, zamanın nəbzini tutmalıdır" deyən qocaman pedaqoq 50 il ötməsinə baxmayaraq  yenə də gənclik həvəsi və enerjisi ilə çalışır.  "Uğur qazanmaq istəyirsənsə daim axtarışda ol, zamanla ayaqlaş" - onun bu sözləri pedaqoji  fəaliyyətinin leytmotivlərindən biridir. 

Dünyanın mütərəqqi təhsil modellərindən biri olan kurikulumu  pedaqoji fəaliyyətində tətbiq edən, dərslərini yeni təlim metodları üzərində quran novator müəllim  sevimli  şagirdlərinə öyrətdiyi hər bir mövzunu yeniliklər üzərində qurmağa çalışır. Çünki müasir təhsilin əsas məqsədi təlimin səmərəliliyini artırmaqla  düşüncəsi, ağlı, məntiqi zəkası ilə fənləri mənimsəməyi  və tətbiq etməyi bacara biləcək intellektual şəxsiyyətlər yetişdirməkdən ibarətdir. 

Bu baxımdan  Mehparə Həbiblinin "İllər, sizdə nəyim qaldı?..." kitabında  vərəqlədiyimiz və bir-birindən dərin məzmunlu, novatorluğu özündə əks etdirən məqalələr aktualçox faydalıdır.  Hesab edirik ki,  Mehparə Həbiblinin qələmindən çıxmış məqalələr  təhsil işçiləri, müəllimlər,  geniş oxucu kütləsi üçün maraqlı olacaq.

Yeri gəlmişkən,  biz də qarşıdan gələn  5 oktyabr -  Beynəlxalq Müəllimlər Günü münasibətilə Mehparə Həbibliyə cansağlığı, şərəfli  müəllimlik peşəsində uğurlar arzulayırıq.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 3 oktyabr.- S.12.