Məktəblilər kompüterdən necə istifadə edirlər?

 

Etiraf edək ki, müasir dövrümüzdə kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər bir şəxsin az da olsa kompüter biliklərinə yiyələnməsi dövrün tələbidir. Yaş fərqindən asılı olmayaraq insanların böyük əksəriyyəti istəsə də, istəməsə də kompüterdən istifadə etmək məcburiyyətində qalır. Bundan başqa, kompüterdən istifadəyə xüsusi maraq göstərənlər, hətta aludəçisinə çevrilənlər də az deyil.  Kompüterdən istifadəyə ən çox maraq göstərən isə uşaqlar və yeniyetmələrdir.  Nəzərə alaq ki, bu yaş kateqoriyalarından olanların əksəriyyəti məktəblilərdir. Bəs görəsən məktəblilər kompüterdən necə və hansı məqsədlər üçün istifadə edir? Sualımıza cavab tapmaq məqsədilə paytaxtın bir neçə orta ümumtəhsil məktəbində olduq, şagirdlərlə söhbətləşdik.

 

"Dərslə bağlı məlumat almaq üçünslaydlar

hazırlayarkən kompüterdən istifadə edirəm"

 

Zülfiqar Həsənli, Heydər Əliyev adına liseyin IX sinif şagirdi: - Kompüterlə ilk tanışlığım 6 yaşıma təsadüf edir. Təbii ki, həmin dövrdə kompüterdən yalnız əyləncəli oyunlar üçün istifadə edirdim. Lakin yaşım artdıqca kompüterin müəyyən sirlərini öyrənməyə başladım. Liseydə informatika müəlliminin köməyi nəticəsində müxtəlif proqramları mənimsədim və hazırda demək olar ki, kompüterdən sərbəst şəkildə istifadə edirəm. Hətta informatika fənni üzrə keçirilən olimpiadalarda da uğur qazanmışam. Hazırda isə kompüterə demək olar ki, vaxt ayırmıram. Çünki vaxtımın böyük hissəsini dərslərimi hazırlamağa həsr edirəm. Yalnız zəruri olanda, dərslə bağlı hansısa məlumatı almaq üçünslaydlar hazırlayarkən kompüterdən istifadə edirəm. Ali məktəbə hazırlaşdığım üçün valideynlərimin tövsiyəsi ilə kompüterdən minimum dərəcədə istifadə etməyi planlaşdırıram.

 

"Kompütersiz həyatımı təsəvvür etmirəm"

 

Şahin Əhmədov, 147 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi: - İlk dəfə evimizə kompüter gələndə mənim 5 yaşım var idi. Doğrudan da həmin kompüter mənə çox maraqlı gəlirdi. Atam həmin kompüterdə mənə cizgi filmlərini göstərirdi. Sonra kompüterə marağım get-gedə daha çox artdı. Artıq kiçik yaşlarımdan başlayaraq Point proqramı vasitəsilə şəkillər çəkməyə başladım. Məktəbdə isə WorldExseel proqramlarını mükəmməl şəkildə mənimsədim. Hazırda internetdən maksimum dərəcədə yararlanıram. Əsasən ingilis dilinin öyrənilməsində kompüter mənə çox yardımçı olur. Dostlar və yaxınlarla ünsiyyət qurmaq, yenioperativ məlumatlar almaq məqsədilə sosial şəbəkələrdə də qeydiyyatdan keçmişəm. Məktəb tədbirlərinin hazırlanmasında daha çox internetdən istifadə edirik. Hər hansı bir şairya mütəfəkkir haqqında bilikləri internetdən götürürəm. Ümumiyyətlə kompütersiz həyatımı təsəvvür etmirəm.

 

"Gün ərzində kompüterlə 1 saat məşğul oluram"

 

Kənan Mehdizadə, 147 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi: - Məktəb vaxtlarımdan başlayaraq kompüter haqqında müəyyən biliklərə yiyələndim. Hazırda gün ərzində kompüterlə maksimum 1 saat məşğul oluram. Ali məktəbə hazırlaşdığım üçün kompüterə bir o qədər vaxt ayıra bilmirəm. Əvvəllər isə kompüterə daha çox vaxt sərf edirdim. İndi yalnız Vikipediyadan müəyyən məlumatları əldə etmək üçün internetə girirəm. Düşünürəm ki, kompüter vasitəsilə keçilən dərslərimiz daha effektiv olur. Həftənin şənbə və bazar günləri isə bir az əyləncə məqsədilə kompüteri açıram. Sosial şəbəkələrdən əsasən facebook-dan  istifadə edirəm. Amma düzünü desəm, artıq sosial şəbəkələr mənə əvvəlki kimi maraqlı gəlmir. Əsasən musiqiyə qulaq asıram və ya maraqlı məlumatlara baxıram.

 

"Kompüterdə şahmat oynamağı xoşlayıram"

 

Səmra Mirsalayeva, 1 nömrəli tam  orta  məktəbin VII sinif şagirdi: - Kompüterdən əsasən informasiyalar əldə etmək məqsədilə istifadə edirəm. Müxtəlif proqramlar haqqında kifayət qədər biliklərim var. İnternetə girərək mənə lazım olan məlumatı asanlıqla əldə edirəm. Coğrafiyatarix fənninə marağım çox olduğu üçün əsasən bu sahədən olan məlumatları əldə edirəm. Bundan başqa, kompüterdə şahmat oynamağı daha çox xoşlayıram. Sosial şəbəkələrdən də istifadə edirəm. Amma aludəçisi deyiləm. Mənə lazım və maraqlı olan səhifələri bəyənməklə günün vacib xəbərlərini əldə edirəm. Gün ərzində fasilələrlə təxminən 1-2 saat vaxtımı kompüterə həsr edirəm. Bu mənə kifayət edir. Lakin elə günlər olur ki, slayd yaradıram və ya hər hansı bir tapşırığı yerinə yetirirəm. Həmin zamanlar kompüterə daha çox vaxt ayırmaq məcburiyyətində qalıram.

Araşdırmalarımızdan bu nəticəyə gəldik ki, şagirdlərin kompüterdən istifadə etməsi normal haldır və günün tələbədir. Lakin unutmayaq ki, hər bir işdə səmərəlilik və effektlilik ön planda durmalıdır.  Buna görə də məktəblilərin kompüterdən istifadə etməsinə valideyn və müəllimlər mütləq nəzarət etməlidirlər. Onların nəzarəti altında uşaqlarda kompüterdən yaxşı məqsədlər üçün istifadə etmək vərdişi formalaşar.

 

Niyazi RƏHİMOV,

fotolar Rəşad RAMAZANOĞLUNUNDUR

 

Azərbaycan müəllimi.- 2014.- 10 oktyabr.- S.4.

 

 

  

 

 

   

 

 

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

   DÜNYA UNİVERSİTETLƏRİ

   DÜNYA TƏHSİLİ

   DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL