Təhsil Nazirliyinin təşkilatçılığı
ilə
birinci SABAH Forumu keçirilib
Oktyabrın
10-11-də Təhsil Nazirliyinin təşkilatçılığı
ilə ilk dəfə olaraq
Bakıdakı "Jumeriah" otelində
1-ci SABAH Forumu keçirilib.
2 gün davam edən forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH
qruplarında təhsil alan 250 nəfərə
yaxın tələbə iştirak edib. Qeyd edək ki, SABAH
qrupları 33 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriya və maddi-texniki
bazası yüksək olan 7 ali məktəbdə yaradılıb. 688 tələbənin
təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir
və tələbələrə xüsusi
təqaüd verilir, eyni
zamanda aztəminatlı ailələrdən
olanlar yataqxana ilə
təmin olunur.
Forumun keçirilməsində əsas məqsəd
ölkə təhsilinin strateji hədəfləri
barədə ətraflı məlumatların
verilməsi, müasir dövrün
tələblərinə uyğun yüksək
biliyə malik cəmiyyətin
qurulmasında tələbələrin rolunun
müəyyənləşdirilməsi, tələbələr
arasında dialoqun yaradılmasından ibarət
idi. Əyləncəli proqramların da daxil olduğu
forumun ilk
günündə tələbələr üçün
şam yeməyi, diskoteka
təşkil olunub.
Forumun açılışında çıxış edən
təhsil naziri Mikayıl Cabbarov
bildirib ki, qloballaşan dünyanın yeni
çağırışları və ölkədə
yüksək biliyə malik cəmiyyətin
qurulması zərurəti Azərbaycan gəncliyi
qarşısında tamamilə yeni tələblər
qoyur.
Bu baxımdan ölkə təhsilinin strateji hədəflərindən biri də "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, gənclərin
potensialının inkişaf etdirilməsidir.
SABAH qrupları layihəsi də bu istiqamətdə
həyata keçirilən tədbirlərdən biridir. Dövlət
başçısının qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları
müasir dövrdə yüksək keyfiyyətli
təhsili xarici ölkələrlə
yanaşı öz ali
təhsil müəssisələrimizdə də ala bilər. Bu gün müasir təhsili
qloballaşan dünyaya
uyğun çeviklik,
peşəkarlıq, yeni texnologiyalar
olmadan, xarici dillərin
öyrənilməsindən kənar təsəvvür etmək
çox çətindir. Bu
proseslərin hər biri yeni
yaradılan SABAH qruplarında özünü
əks etdirir.
Oktyabrın 11-də -
forumun ikinci iş günündə tələbələr
üçün "ustad
dərsləri" keçirilib.
Tanınmış ictimaiyyət nümayəndələri
"Karyera inkişafı",
"Liderliyə layiqsənmi?", "Sən də bir brendsən" və "Vaxtına sahib çıx" mövzularında məruzələrlə
çıxış ediblər. Bundan sonra təhsil naziri
Mikayıl Cabbarovun, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun, UNİ bankın idarə heyəti sədrinin
birinci müavini Xalid Əhədovun, BDU-nun
dekan müavini Gündüz Kərimovun, tanınmış
şoumen Murad Dadaşovun iştirakı ilə müzakirələr
başlayıb. Tələbələri daha
çox maraqlandıran məsələlər
səsvermə yolu ilə müəyyənləşdirilib
və müzakirələr konkret istiqamətdə
aparılıb. Bu istiqamətlər liderlik keyfiyyəti, qərar qəbuletmə, karyera inkişafı, məsuliyyətin
bölüşdürülməsi və bilik,
bacarıq və qabiliyyət formulunda təhsil
konsepti mövzularını əhatə edib.
Daha sonra tədbir idman və əyləncə xarakterli
yarışlarla davam etdirilib.
Forumun bağlanış mərasimində
fərqlənən tələbələrə müxtəlif
nominasiyalar üzrə sertifikatlar
təqdim olunub, eləcə də tədbirdən
bəhs edən film nümayiş
etdirilib.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.2.