Dünyanı yalnız ədalətin xilas

edəcəyinə inanan 15 yaşlı məktəbli

 

Söhbət geniş mütaliəli, incəsənət vurğunu,

yüksək intellektli Ayxan Əhmədzadədən gedir

 

Mütaliəli insanla ünsiyyətdə olmaq kitab oxumağa bərabərdir, bu istər uşaq olsun, istərsə böyük. Mütaliəli insan canlı kitabdır. Bunlardan biri də fəlsəfi əsərlərə maraq göstərməsi ilə yaşıdlarından fərqlənən on beş yaşlı Ayxandır.   Ayxan Salman oğlu Əhmədzadə 1999-cu ildə Bakı şəhərində anadan olub. 12 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. 8-ci sinfə qədər 276 nömrəli tam orta məktəbdə oxuyub. Məktəbin fəal şagirdlərindəndir. Səkkizinci sinifdə məktəblilərin fənn olimpiadasının rayon (şəhər) turunda riyaziyyat fənnindən birinci yerə layiq görülüb. Ayxanın bir özəlliyi var ki, müstəqil çalışmağı sevir. Suallarına cavabı kitablardan arayır. Özünün söylədiyi kimi, yalnız çox çətin sualların cavabını müəllimlərindən soruşur. Ayxan ikinci ixtisas qrupunu seçib, iqtisadçı olmaq fikrindədir. Ən çox sevdiyi fənn coğrafiyadır. Amma ədəbiyyat onun xobbisidir. Örnək aldığı şəxsiyyətlər öz ətrafından Aydın babası, tarixdən isə makedoniyalı İsgəndərdir. "Düşmənə qarşı belə ədalətli olması" bu tarixi şəxsiyyəti Ayxanın kumirinə çevirib. 

 

Mütaliə ilə dünyagörüşünü artırır

 

Zaman insan həyatında ən dəyərli nemətdir. İsraf olunarsa, bütün nemətlər əldən çıxar. On beş yaşlı Ayxanın həyat fəlsəfəsidir bu. Zamanını öyrənməyə, oxumağa xərcləməyin ən uğurlu seçim olduğuna inanır. Buna görə dərsdənkənar vaxtlarda daha çox mütaliə ilə məşğul olur. Sevdiyi məşğuliyyət bədii ədəbiyyat oxumaqdır. Dünya ədəbiyyatına böyük maraq göstərir. Oxuduğu əsərlərin siyahısına baxanda Ayxanın maraq dairəsinin fəlsəfi-psixoloji əsərlər olduğunu mütaliəli hər bir adam asanlıqla müəyyənləşdirə bilər. Bu onu göstərir ki, Ayxan bu yaşında artıq zahiri aləmlə deyil, insanın daxili aləmi ilə maraqlanır. Ən çox sevdiyi oxuduğu yazıçılar Dostoyevski, Tolstoy, Dino Bussati, Albert Kamyu, Perta Laqervist, Knut Hamsun, Remark, Antonio Tavikki, Çingiz Aytmatov, Sartr, Servantes, Artur Miller, Heminquey, Markes, Paulo Koelyo, Herman Hesse b.-dır. Yazıçıların adlarına nəzər saldıqda onların hamısını ortaq bir xüsusiyyət birləşdirdiyini görürük. Bu da onların əsərlərində psixoloji-fəlsəfi düşüncələrin qırmızı xətlə keçməsidir.

Ayxanın psixoloji-fəlsəfi əsərlərə münasibəti səthi deyil. Onun mütaliəsinin ana qaynağı fəlsəfənin özüdür. Yunan fəlsəfəsinə böyük maraq göstərir, imkan tapdıqca dərindən öyrənməyə çalışır. Fales, Anaksimandr, Demokrit, Empedokl, Platon kimi filosofların həyatı fəaliyyəti ilə bağlı geniş məlumata malikdir. Platonun "Sokratın müdafiəsi", Nitşenin "Zərdüşt belə dedi" əsərlərini çox sevir.

Oxuduğu əsərlərdən həyat amalı kimi ədalətli olmağın yollarını araşdırır. Cəmiyyəti yalnız ədalətin dəyişə biləcəyinə inanır Ayxan.

 

Ayxanın incəsənət aləmi  

 

Bədii ədəbiyyat ilə yanaşı Ayxan yaradıcılığın digər sahələrinə maraq göstərir. Klassik dünya musiqisi haqqında məlumatı çoxdur. Musiqi zövqünü dinlədiyi əsərlərdən müəyyənləşdiririk. Bethoven, Şopen, Jozef Haydn, Aron Koplent kimi bəstəkarların əsərlərini sevməsi Ayxanın ciddi xarakterindən, daxili aləminin zənginliyindən danışır bizə. Azərbaycan musiqisində klassika üstünlük təşkil edir. Sevdiyi ifaçılar Alim Qasımov, Rəşid Behbudov, Mənsum İbrahimov, bəstəkarlardan şəxsiyyətinə yaradıcılığına dərindən bələd olduğu, sənətin zirvəsi hesab etdiyi Üzeyir Hacıbəylidir.

Rəsm aləmi bu dünyagörüşlü şagirdin maraq dairəsindən kənarda qalmayıb. Van Qoq, Rembrandt, Plod Mone, Rafaelin əsərlərini sevdiyini onları internetdə axtararaq öz kompüterində topladığından danışdı bizə. Azərbaycan rəssamlarından Tahir Salahovun yaradıcılığını daha çox izlədiyini bildik.

Tarixi abidələrin ziyarəti, onlar haqqında dolğun məlumat almaq Ayxanın maraq dünyasını zənginləşdirir. Qaxın mənzərəsinə Şəkinin qədim tarixiliyinə vurğundur. Xan sarayı, Alban kilsəsi dəfələrlə ziyarət etdiyi yerlərdəndir. Gəncə qədimliyi ilə qəlbində sirr dünyasına çevrilib Ayxanın. Nizami məqbərəsi xüsusi hisslər doğurub onda. İnsan zəkasının, bacarığının qüdrətini "Butulka ev" kimi abidələrdə seyr etməyi xoşlayır. Gəzdiyi yerlərdə tarixin keçdiyi səhifələri vərəqləyir Ayxan. Nəyə baxsa, ibrət gözü ilə baxır, yalnız kitabları deyil, təbiəti , üst-üstə qoyulan hər bir kərpici , insanı da oxuya bilir mütaliəsi zəngin olan insan.    

 

İntellekt mizanında

 

Televiziyalarda təşkil olunan intellekt yarışmaları, viktorinalar yetişdirdiyimiz övladların intellektinin nümayişi üçün açıq səhnələrdir. Özünə güvənən hər bir məktəbli bu müsabiqələrdə könüllü iştirak edir. Ayxanın da öz bilik səviyyəsini yoxlaması, bu yarışmalarda rəqabətə girməsi onun özünəinamının, cəsarətinin göstəricisidir.

Ayxan İctimai televiziyada təşkil olunan "Xəmsə", Azərbaycan Televiziyasında "Breyn-rinq" televiktorinalarının iştirakçısıdır.  

 

Facebook səhifəsi dünyagörüşünü əks etdirir

 

Zamanımızda insanlar haqqında ən sürətli məlumat almaq vasitəsi internetdir. Sosial şəbəkələr isə onların şəxsiyyətini dürüst işıqlandırır. "Danış, səni görüm" prinsipi burada özünü tamamilə doğruldur. Facebook səhifəsi hərənin həyat gündəliyinə çevrilib artıq. Buna görə Ayxanı daha yaxından tanımaq üçün onun facebook səhifəsinə nəzər salmağa lüzum gördük. Ayxan özünü bizə necə təqdim etmişdirsə, əksini o səhifədə müşahidə etdik.

Facebookda Ayxan oxuduğu kitabları paylaşır, intellektual oyunların nəticəsini işıqlandırır. Gəzdiyi yerlərin tarixi abidələri haqqında görüntüləri, məlumatları yerləşdirir bu səhifəyə. Dünya ədəbiyyatından esselər, hekayələr tərcümə etməsini bu səhifədən öyrənə bildik. Ayxanın səhifəsi onun şəxsiyyətini, tərbiyəsini, ədəb-ərkanını, dünyagörüşünü o qədər aydın göstərir ki, özünü görmədən belə yaxından tanıdım, deyə bilərik.

Ayxan həyata, hadisələrə təbəssümlə, yumor hissi ilə yanaşır bəzən. Bunu onun yazılarından hiss etmək olur. Bir yazıçı ədasıyla paylaşdığı statusa baxaq: "Gəncədəki Nizami məqbərəsini görməyə gedərkən bizimlə paralel 50-55 yaşlı bir kişi nəvəsi ilə məqbərəyə daxil oldu. Diqqətlə hər yanı süzdükdən sonra ziyalı görkəmi alıb bələdçidən soruşdu: "Nizami farsca yazıb-yaradıb, İranda da yaşayıb. Bəs o sonra neçə qaçıb gəlib Azərbaycana?". Bələdçi deyir "o, Gəncədə yaşayıb". Bundan sonra kişi məqbərəni tərk eləyib qıraqda olan abidələrə baxdı. Orada Fərhadın dağ yardığını təsvir edən bir memarlıq əsəri var. Kişi nəvəsinə onu göstərib deyir: "Bax oğul, o, Xosrovdur, dağ yarır".

Həyata həm təbəssümlə, həm tam ciddiyyəti ilə baxan on beş yaşlı yeniyetmənin bir ömürlük arzuları, məqsədləri, idealları öz qaynağını oxuduğu kitablardan götürür. Ayxanın söhbətlərindən, yazılarından belə nəticə çıxartdıq ki, o, gələcəyimizin mütəfəkkiridir.

 

Könül NƏHMƏTOVA

 

Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.10.