Təhsil
televiziyasının yaranması vacibdirmi?
Artıq xeyli müddətdir ki, ölkə ictimaiyyəti müxtəlif səviyyələrdə təhsillə bağlı ayrıca televiziya kanalının yaradılması məsələsini müzakirə edir. Əlbəttə, son dövrlərdə İdman Azərbaycan və Mədəniyyət adlı televiziya kanallarının yaradılmasından sonra mütəxəssislər bu təşəbbüsləri daha real hesab edirlər. Araşdırmalarımız göstərdi ki, dünyanın əksər inkişaf etmiş ölkələrində yalnız təhsil sahəsinin təbliği və problemləri ilə məşğul olan televiziya kanalları fəaliyyət göstərir. Hətta daha yaxından tanıdığımız Türkiyənin "TRT Okul" və Rusiyanın "Şkolnik TV" kanallarının fəaliyyəti də həmin ölkələrin bu sahədə bizdən daha irəlidə olduğunu göstərir. Son bir neçə ildə ölkəmizdə "Təhsil TV" və "Oxu TV" kimi internet kanalları fəaliyyət göstərir. Azərbaycanda, xüsusilə bölgələrimizdə internetin sürətinin qənaətbəxş olmaması, ölkə əhalisinin böyük bir hissəsinin telekanallara daha çox maraq göstərməsi və digər bu kimi səbəblərdən internet kanalları özünü doğrulda bilməyib. Kütləvi informasiya vasitələri içərisində bu gün daha çox auditoriyası olan televiziyalar isə təhsil sahəsinə çox az yer ayırır. Əksər kanallarda isə bu sahə ilə bağlı hətta verilişlər və redaksiyalar belə yoxdur. Əlbəttə, telekanal rəhbərləri bu məsələni reytinq problemi ilə əlaqələndirirlər. Belə olan halda dövlətin təhsil siyasəti, bu sahədə icra olunan nəhəng layihələr, görülən işlər və ictimai müzakirəyə ehtiyac duyulan məsələlərin təbliği, real baxsaq, televiziyaların 30-40 saniyəlik xəbər süjetlərində, auditoriyası qənaətbəxş olmayan qəzet, radio və saytlarda aparılır. Mətbuatda gedən müzakirələrdə 2 milyondan çox sferanı əhatə edən, ölkəmizin gələcəyi və inkişafı ilə birbaşa bağlı olan təhsil sahəsində ayrıca telekanalın yaradılması zəruri hesab edilir. Bəs, təhsil sahəsində uzun illər çalışan mütəxəssislərimiz necə fikirləşir, təhsil televiziyasının yaradılması vacibdirmi?
Təhsil-tədris sahəsini əhatə edən
telekanalın
müstəqil
fəaliyyətini daha zəruri hesab edirəm
Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Bir
sıra qabaqcıl ölkələrdə olduğu
kimi, bizim ölkəmizdə də televiziya kanallarının
ayr-ayrı sahələr
üzrə olması daha məqsədəuyğun
olardı. Hazırda idman
və mədəniyyət
kanallarının xüsusi
istiqamət üzrə
fəaliyyət göstərməsi
öz faydalılığı
ilə seçilir.
Mən bu sırada öncə təhsil-tədris
sahəsini əhatə
edən telekanalın müstəqil fəaliyyətini
daha zəruri hesab edirəm. Çünki belə telekanal
hazırda problemlərlə
dolu olan təhsil sahəsinin seyrçilər tərəfindən
aydın qavranmasına,
görüləcək işlərin
və vəzifələrin
başa düşülməsinə
bilavasitə kömək
edə bilər.
Yəni,
sırf maarifçilik
fəaliyyəti göstərər.
Digər
tərəfdən, ümumtəhsil
məktəbi şagirdlərinin
dünyagörüşünün artmasına, ayrı-ayrı
fənlər üzrə
(elmlər üzrə)
biliklərinin dərinləşməsinə,
müasir elektron və texnoloji məlumatların əyani
şəkildə alınmasına
yaxından yardım göstərər. Təbii ki,
belə bir kanalın məzmunu və fəaliyyət mexanizminin qurulmasında pedaqoji ustalığa malik müəllimlərin,
metodistlərin iştirakı
vacibdir. Çünki
bu iş adi, bəsit, ümumi təsəvvürlərlə
deyil, təhsil elminə, metodikasına əsaslanmalıdır.
Bəllidir
ki, təhsil-tədris
kanalı əsas vəzifəsinə görə
təhsilalanların biliklərə
yiyələnməsinə kömək
edəcəksə, digər
tərəfdən, ümumiyyətlə,
geniş ictimaiyyətin
maariflənməsinə yardımçı
olacaqdır.
Təhsil
televiziyası ölkədə
repetitorluğun qarşısını
ala bilər
Cahangir
MƏMMƏDLİ,
Bakı
Dövlət Universitetinin
jurnalistika
fakültəsinin kafedra müdiri, professor
Əlbəttə,
ölkənin teleməkanında
bir sıra önəmli teleproqramlar var ki, onlar
məktəblilərin təhsil
problemləri ilə bilavasitə bağlıdır. Xüsusilə İTV-nin, Az.TV-nin
bu tip proqramları çoxdan formalaşıb
və xeyli dərəcədə səmərə
verməkdədir. Lakin hamı
yaxşı bilir ki, ayrı-ayrı televiziyalardakı belə proqramlar epizodik xarakter daşıyır, hətta yeri gələndə onlar asanlıqla öz fəaliyyətlərini dayandıra
bilirlər.
Belə
bir şey dəqiq məlumdur ki, maarifçi proqramlar, adətən reytinq qazanmır və reytinq qazanmırsa, deməli, reklam bazarında uduzur. Bir faktı misal
gətirmək olar ki, ABŞ-da kommersiya kanalları fəaliyyətə başlayanda
onlara müvafiq dövlət orqanlarından
belə bir təklif gəlmişdi ki, təsisçilər lisenziya rüsumundan azad edilsinlər, bu şərtlə ki, onlar öz
proqram setkalarına təhsillə bağlı
ayrıca proqram formatı əlavə etsinlər. Kommersiya kanalları bu şərtlə həvəslə
razı oldular. Lakin sonradan təhsillə bağlı
teleproqramların reytinqinin
çox aşağı
olduğunu görüb
ilk baxışda onlara
sərf edən bu şərtlərdən
imtina etdilər... Deməli, dünyanın hər yerində televiziya təhsil proqramları reytinq yığmır.
Belədə mütləq dövlət
işə qarışmalı
və dövlət hesabına fəaliyyət
göstərən ayrıca
təhsil televiziyaları
yaradılmalıdır. Dünyanın iqtisadi cəhətdən inkişaf
etmiş bir çox ölkəsində
bu təcrübə
var. Azərbaycan da, Allaha şükür, bu gün iqtisadi
cəhətdən inkişaf
etmiş bir ölkədir və belə bir ölkədə
dövlət tərəfindən
maliyyələşən təhsil
televiziyaları yaratmaq
çətin deyil. Nəzərə alaq ki, təhsil televiziyası özünün cədvələ
uyğun ayrı-ayrı
fənn proqramları ilə şagirdlərin, habelə tələbələrin
tədris prosesini mənimsəmələrinə böyük kömək göstərər. Ölkədə repetitorluğun qarşısını
ala bilər, gənc nəslin intellektual səviyyəsini yüksəldər. Bununla da dövlətin bu tip televiziyaya ayırdığı maliyyə
vəsaitinin heç də havayı getmədiyi aydın olar. Bu işin
təşkilatçısı və təsisçisi birbaşa Təhsil Nazirliyi olmalıdır.
Bunu xüsusi vurğulamaq istərdim.
Təhsilin bütün sahələrini
əhatə edən silsilə
verilişlərin olması
çox vacib məsələdir
Mirzəli MURQUZOV,
fizika elmləri doktoru, professor
Respublikamızda
müxtəlif sahələri
əhatə edən televiziya kanalları mövcuddur. Bu, təqdirəlayiq haldır.
Lakin düşünürəm ki,
təhsil kanalının
yaranması ən vacib məsələlərdəndir.
Ötən əsrin 70-80-ci illərində
dövlət televiziya
kanallarında təhsil
sahəsində xüsusi
verilişlər nümayiş
etdirilirdi. Bu verilişlərdə respublikamızın
müxtəlif bölgələrindən
olan təhsil işçiləri, valideynlər
yaxından iştirak edirdi. Bu vasitə
ilə geniş auditoriyada mütəxəssislər
tərəfindən müxtəlif
mövzularda müzakirələr
aparılırdı. Həmin müzakirələrdə
dərs saatlarının
təşkili, metodika
və sair kimi məsələlər
öz əksini tapırdı. Bundan başqa,
ixtisas müəllimləri
çətin mənimsənilən
mövzular haqqında
təxminən 45-60 dəqiqə
dərslər aparırdılar
və həmin dərslər yayımlanırdı.
Bu çox effektiv
vasitə idi. İstər mərkəzdən, istərsə
də bölgələrdən
olan təhsil işçiləri və
ya valideynlər telefon vasitəsilə efirə bağlanırdılar,
onları maraqlandıran
suallara asanlıqla cavab tapa bilirdilər. Müəllimlərin təklifləri dinlənilirdi
və həmin təkliflər nəzərə
alınaraq tətbiq edilirdi. Digər məsələ isə elm sahəsində baş verən yeniliklər haqqında televiziyada geniş verilişlər təşkil
edilirdi. Bütün bunlar
təhsilin inkişafına
xüsusi təkan verirdi. Düzdür, hazırda televiziyalarımız
təhsilə müəyyən
qədər yer ayırır. Lakin düşünürəm
ki, bu, kifayət
etmir. Respublikamızda təhsil və
elm sahəsini təmsil
edən bir çox qəzet və jurnallar mövcuddur. Lakin istər qəzet, istərsə də jurnal televiziya qədər effektiv deyil. Məktəbəqədər
təhsildən ali təhsilin son pilləsinə qədər
təhsilin bütün
sahələrini əhatə
edən silsilə verilişlərin olması
çox vacib məsələdir. Bunun üçün
də xüsusi bir kanal kimi
təhsil televiziyasının
yaranması labüddür.
Təhsil
kanalının təhsilimizə
bir
çox
fayda verəcəyini düşünürəm
Məhəbbət
VƏLİYEVA,
Akademik
Zərifə Əliyeva adına
liseyin direktoru
Bir ziyalı, məktəb rəhbəri, ən
əsası təhsil işçisi kimi təhsil
kanalının yaradılmasını çox istərdim.
Dünyanın bir çox qabaqcıl ölkələrində
olduğu kimi, gündən-günə həm təhsil, həm
mədəniyyət cəhətdən
inkişaf etməkdə olan vətənimizdə bu kanalın
yaranmasına ehtiyac var. Mənim şəxsi fikrimcə, bilik həyatda
faydalı olmaq naminə qazanılmalıdır. Təhsil
kanalının təhsilimizə bir çox fayda verəcəyini
düşünürəm. Bu kanalda
həm elmi, həm intellektual oyunlarla,
verilişlərlə bərabər, şagird, abituriyent,
hətta tələbələrə yardım edəcək
layihələr də hazırlanmalıdır. Elm
paylaşıldıqca artan bir xəzinədir. Mən çox
istərdim ki, bu kanalda biz digər ölkələrin təcrübəsindən
yararlana biləcəyimiz verilişləri izləyək. Beynəlxalq
olimpiadaların canlı yayımını, qonşu və uzaq
ölkələrdə təhsil yeniliklərini, əcnəbi
həmkarlarımızın dərskeçmə
metodlarını, kurikulum islahatı ilə bağlı son məlumatları
əldə edə bilək. Bu kanal vasitəsi ilə əcnəbi
və yerli psixoloqlarımız tərəfindən
hazırlanan verilişlər, müsahibələr həm
valideynlərə, şagirdlərə, tələbələrə
öz hüquqlarını anlamaqda, psixoloji problemlərinin həll
olunmasında, cəmiyyətdə mövqelərini tuta bilməkdə
ən yaxın köməkçi ola bilər. Eyni zamanda, məktəbəqədər,
ibtidai siniflərin də marağını təmin edəcək
cəlbedici oyun, məntiqi təfəkkürü inkişaf
etdirən cizgi filmlərinin nümayişi daha effektiv olar.
Qeyd etmək istərdim ki, qaranlıqları
öz nuruyla aydınladan müəllimlərimiz, təzə
ruhlar olan şagirdlərimiz, qarşılıq gözləmədən
özlərini insanlıq yolunda fəda edən
ziyalılarımız üçün belə bir kanalın
yaradılması təhsil ictimaiyyətinə əvəzedilməz
hədiyyə olar.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.4.