"Həyatımda ən xoşbəxt an

Prezidentlə görüşüm oldu"

   

Xırdalan şəhər 1  nömrəli tam orta məktəbin III sinif şagirdi ilə söhbət

 

Ümid Fuad oğlu Aslanov 2006-cı il yanvarın 23-də Bakıda müəllim ailəsində anadan olub. Xırdalan şəhər 1  nömrəli tam orta məktəbin üçüncü sinif şagirdidir. O, 5 yaşından 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinə qəbul olaraq  şahmatın sirlərini öyrənməyə başlayıb. 2012-ci ildə 6 yaşlı şahmatçılar arasında Bakı çempionatında iştirak edərək beynəlxalq yarışlara vəsiqə qazanıb. Həmin ilin 10-15  may tarixlərində  Rumıniyada 45-ə yaxın ölkənin iştirakı ilə  7 yaşa qədər  şahmatçılar arasında keçirilən dünya çempionatında  V yerin sahibi olub. 2012-ci ildə Gürcüstanın  Poti şəhərində Nana Aleksandriya adına beynəlxalq turnirdə 7 yaşlı şahmatçılar arasında rəqiblərindən fərqlənərək fəxri kürsünün yüksək pilləsinə qalxıb. 2013-cü  ilin mayında  Yunanıstanın Portakaros şəhərində 50-yə yaxın ölkənin şahmatçılarının   iştirakı ilə keçirilən yarışda da fərqlənərək III yeri tutub.  Bu yarışdan iki ay sonra - 20-28 iyunda Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında 7 yaşlı şahmatçılar arasında I yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2014-cü ilin mart ayında Gürcüstanın Tbilisi şəhərində Qafqaz ölkələrinin festival yarışlarında I yerə layiq görülüb. Aprel ayında Bakı, iyun ayında isə Azərbaycan çempionu olub. İyulda  Bolqarıstanın Varna şəhərində 10 yaşa qədər şahmatçılar arasında keçirilən "Varna-Open" beynəlxalq turnirində I və II yerləri bölüşüb. Varna şəhərində 100-ə yaxın şahmatçının qatıldığı  "Dünya Uşaqlarının Ümidləri" turnirində 9 oyundan 9 xal toplayaraq I yerə sahib çıxıb. Hazırda Ümid Xırdalan Şəhər Şahmat Məktəbində məşğul olur. Yaşının az olmasına baxmayaraq şahmatda əldə etdiyi nailiyyətləri ilə seçilən balaca  Ümid bu günlərdə atası Fuad müəllimlə birlikdə redaksiyamızın qonağı oldu. 

 

Mənim şahmatda ilk müəllimim  atam olub

 

- Şahmata sevgi  səndə necə yarandı sənin fikrincə, şahmat sənin həyatında hansı dəyişikliklər etdi?

- Təxminən, dörd yaşım var idi. İlk dəfə şahmat fiqurlarına oyuncaq kimi baxırdım. Onları yerə töküb uşaq oyuncaqları ilə oynadığı kimi oynayırdım. Sonralar atam mənə dedi ki, bu oyuncaq deyil,  bir idman növünün fiqurlarıdır. Bir vaxtlar uşaq oyuncağı kimi rəftar elədiyim şahmat sonralar ən çox sevdiyim bir idman növünə çevrildi. Mənim şahmatda ilk müəllimim atam oldu. O, şahmatın bütün fiqurlarının nəyə qadir olduğunu olduğunu mənə başa saldı. Atam şahmatı bilsə bu idman növünün sirlərini daha mükəmməl bilməyim üçün mən təcrübəli şahmatçı müəllimlərdən dərs almalıydım. Sonradan valideynlərimin razılığı istəyi ilə mən 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində təcrübəli  Eldar müəllimdən dərs almağa başladım. 6 yaşımdan şahmat turnirlərində iştirak etdim. Doğrudan da, qısa müddət ərzində nailiyyətlər qazandım.  Şahmat məndə özümə inamı daha da artırdı. Şahmatla məşğul olduqdan sonra mən yaddaşımın gücləndiyini hiss etdim. Şahmat mənə düzgün qərarlar verməyə kömək etdi. 

 

"Həmin an çox həyəcanlı idim"

 

- Ümid, ölkə başçısı İlham Əliyevlə görüşün barədə deyə bilərsən?

- Həyatımda ən xoşbəxt an Prezident İlham Əliyevlə  görüşüm oldu. Prezidentimiz Xırdalan Şəhər Şahmat Məktəbinin açılışında  mənimlə görüşdü. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mənim şahmatdakı uğurlarım haqqında Prezidentə məlumat verdi. Həmin an çox həyəcanlı idim. Ancaq Prezident mənimlə söhbət etdikdən sonra həyəcanım bir az azaldı. Həmin anı mən sözlə deyə bilmərəm. Çox xoşbəxt idim.  İstəyirdim onunla olan vaxtım çox olsun. Prezidentin  səmimi sualları mənə qarşı münasibəti mənim narahatlığıma həyəcanıma son qoydu. Prezident  məndən soruşdu ki, sən bu medalları hansı yarışlarda qazanmısan. Mən iştirak etdiyim yarışlar əldə etdiyim medallar barədə məlumat verdim. Mənə bu sözləri dedi: "Sən dünyanın  çox ölkələrini gəzmisən".  

 

Ümid həm dərs əlaçısıdır

 

- Şahmatla məşğul olmağın sənə dərslərində mane olmur ki?

- Xeyr. Əksinə, şahmatın dərslərimi hazırlamağa çox böyük köməyi var. Riyaziyyat fənninə çox böyük həvəsim var. Bilmirəm, nədəndirsə bu fənni digər fənlərdən çox sevirəm. Riyaziyyat fənni ilə yanaşı, bütün fənlərdən əla yaxşı qiymətlər alıram.  Oxuduğum Xırdalan şəhər 1  nömrəli tam orta məktəbin şərəf lövhəsində əlaçı şagirdlər kimi mənim şəklim   var. İstər şahmat, istərsə orta məktəbdəki  müəllimlərimi çox sevirəm.  

 

"Arzum budur ki, Ümid daha böyük qələbələr qazansın" 

 

Ümidin atası Fuad  Aslanov da söhbətimizə qoşuldu: - Ümid ailənin böyük övladıdır.  5 yaşından şahmat oynamağa başlayıb. Mənimlə oynayarkən onun bu idman növünə olan istedadını həvəsini gördüm. Həmin vaxtdan 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin müəllimi, beynəlxalq usta Xəyalə İsgəndərova onunla məşğul olmağa başladı. Sonralar  müəllim Eldar Musayevdən şahmatın sirlərini öyrənməyə davam etdi. Ümid öz istedadını beynəlxalq yarışlarda çempionatlarda göstərməyə başladı.  Onun 6 yaşı olanda dünya çempionatında 7 yaşlı şahmatçılar arasında birinci yerdə gedirdi, sonra ümumi nəticədə  V yerin sahibi oldu.  Bu onu göstərir ki, Ümidin perspektivi böyükdür. Gələcək yarışlarda Ümiddən daha çox medallar yaxşı nəticələr gözləmək olar. Ümidə göstərilən dəstəyə görə Təhsil Nazirliyinə Abşeron Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm. Eyni zamanda Ümidin təcrübəli şahmatçı kimi formalaşmasında əməyi olan müəllimlərinə minnətdaram. Arzum budur ki, Ümid valideynlərinin, müəllimlərinin, bir sözlə, xalqımızın ümidlərini doğruldaraq daha böyük qələbələr qazansın.

Biz Ümidə tanınmış şahmatçı olmağı, Azərbaycanımızın idman şərəfini beynəlxalq yarışlarda uca tutmağı, onu sevənlərin ümidlərini həmişə doğrultmağı arzulayırıq.

 

Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.4.