160 nömrəli klassik gimnaziyanın şagirdi
"Eko Rəsm Gündəliyi - 2014" Beynəlxalq
müsabiqəsinin milli mərhələsinin qalibi oldu
Oktyabrın 10-da Heydər
Əliyev Mərkəzində "Eko Rəsm
Gündəliyi-2014" Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini
mükafatlandırma mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva mərasimdə
iştirak edib.
Müsabiqə IDEA İctimai Birliyinin təşəbbüsü,
UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin
və "Panasonic" şirkətinin təşkilati
dəstəyi ilə həyata keçirilib.
Azərbaycanda ikinci dəfə
keçirilən müsabiqə çərçivəsində
Bakı və Gəncə şəhərlərindəki məktəblərin
şagirdlərinə 5 min "Eko gündəlik" paylanılıb və onlardan 3050-si doldurularaq təşkilatçıya
təqdim olunub. Bunların arasından 20
finalçı seçilib.
Mərasimdə
çıxış edən Leyla
Əliyeva qalibləri təbrik etdi. Heydər
Əliyev Fondunun vitse-prezidenti
bildirdi ki, IDEA
kampaniyasında çoxlu sayda
gəncin iştirakı və ekoloji
problemlərə kifayət qədər diqqət yetirilməsi
sevindirici haldır. Bir çox
uğurlu layihələrin
reallaşdırılması, gənclər arasında ekoloji maarifləndirmə işlərinin
aparılması, eləcə də planetimizin
flora və faunasında nəsli kəsilməkdə
olan canlıların qorunması ilə
bağlı IDEA-nın çox uğurlu işlər gördüyünü
deyən Leyla Əliyeva kampaniya üçün
"Bir planet - bir gələcək"
şüarının seçilməsinin təsadüfi
olmadığını bildirdi. Leyla Əliyeva kampaniya
çərçivəsində ekoloji sahədə
vacib addımlar
atıldığını, 3 milyondan çox ağacın əkildiyini
vurğuladı.
Yaponiyanın Azərbaycandakı
səfiri Tsuquo Takahaşi
çıxış edərək layihənin uğurlu
və davamlı olmasını arzuladı. O, Azərbaycanda ətraf
mühitin qorunması istiqamətində
görülən işləri yüksək qiymətləndirdi.
UNICEF-in Bakı nümayəndəliyinin rəhbəri
Andro Şilakadze isə
məktəblilərin ekoloji problemlərin
həllinə yeni yanaşmalarını
müsbət dəyərləndirdiyini qeyd
edib.
Digər
çıxış edənlər 2008-ci ildən keçirilən
"Eko Rəsm Gündəliyi" Beynəlxalq
müsabiqəsinin əhəmiyyətindən
danışdılar. Qeyd olundu
ki, layihə məktəblilərin ekologiya sahəsində biliklərinin
artırılması və bu istiqamətdə
maarifləndirmə işlərinin gücləndirilməsi
baxımından uğurlu addımdır.
Sonra Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyeva müsabiqənin milli mərhələsinin
qalibi - 160 nömrəli klassik
gimnaziyanın şagirdi Aylin
Yəhyazadəni təbrik edərək ona
diplom və hədiyyələr təqdim etdi.
Müsabiqənin milli mərhələsinin digər 19 qalibinə
də sertifikat və qiymətli hədiyyələr
təqdim olundu.
"Eko
Rəsm Gündəliyi-2014" müsabiqəsində
finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə
və qısa mətnlə ifadə edib, problemin həllinə dair
təkliflər irəli sürüblər.
Tədbirdə
müsabiqə ilə bağlı videoçarx
nümayiş olundu.
AzərTAc
Azərbaycan
müəllimi.- 2014.- 17 oktyabr.- S.4.