Ali məktəblərdə mühazirələr
necə olmalıdır?
Hazırda ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətində hələ də sovet dövründən qalma bəzi ənənələr davam edir ki, bunlardan da biri köhnə qaydalarda aparılan mühazirələrdir. Etiraf edək ki, bəzi müəllimlər bu gün də ötən əsrdən qalan saralmış vərəqlərdə yazılmış mətnlərlə auditoriyalara daxil olur və həmin vərəqlərdən mühazirələr oxuyurlar. Belə müəllimlər mühazirələrin tələbələr tərəfindən yazılmasını vacib hesab edirlər və bəzi hallarda mühazirə yazmayan tələbələri imtahanda qiymət ala bilməyəcəkləri ilə qorxudurlar. Qeyd edək ki, ali məktəblərimizdə bir neçə ildir ki, Boloniya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi tətbiq olunur. Bu sistemin tələblərində tələbələrin mühazirə yazması vacib hesab edilmir. Əsas şərt tələbənin verilən tapşırığı (yəni mühazirəni) mənimsəməsi və imtahanlarda cavab verməsidir. Nəzərə alaq ki, müasir dövrümüzdə mühazirələrin İKT vasitəsilə yayılması (tələbələrin elektron poçtlarına ötürülməsi və s. kimi vasitələrdən istifadə etməklə) daha məqsədəuyğun və səmərəli olar. Düzdür, mühazirəçi hər hansı bir mövzu haqqında mühazirə söyləməli, auditoriya ilə dialoqda olmalı, tələbələri maraqlandıran suallara cavab verməlidir. Lakin dünya təcrübəsindən də məlumdur ki, uzunmüddətli imla formasında olan yorucu mühazirələr tələbələr tərəfindən müsbət qarşılanmır. Diqqətə çatdıraq ki, dünyanın qabaqcıl universitetlərində artıq bu təcrübədən, demək olar ki, istifadə edilmir. Həmin universitetlərdə ümumiyyətlə tələbələrin mühazirədə iştirakı da vacib sayılmır. Mühazirələrdə iştirak etmək könüllüdür. Mühazirənin audi diski və mətni müəyyən edilmiş xüsusi portallarda yerləşdirilir və tələbələr sərbəst şəkildə istifadə edərək mövzu haqqında məlumat əldə edirlər.
Mövzu ilə bağlı müraciət etdiyimiz müəllim və tələbələrin fikirlərini nəzərinizə çatdırırıq.
Nitqin monotonluğu
tələbəni çox tez
yorur,
bəzən tələbələrə yuxu gətirir
Əfqan ABDULLAYEV,
ADU-nun pedaqoji
fakültəsinin dekanı, professor,
ABŞ
universitetlərində uzun illər
çalışmış mütəxəssis
Mühazirə mətnlərinin olması çox mühümdür. Həmin mətnlərin tələbəyə ötürülməsi-verilməsi artıq texniki məsələdir. Amma əsas odur ki, tələbə verilən materialı mənimsəməlidir. İstəyirsən onu yazdır, istəyirsən təqdimat formasında de. Dünyanın ən nüfuzlu ali məktəblərinin təcrübəsindən çıxış edərək bildirirəm ki, mühazirələri daha effektli və dinamik etmək üçün aşağıda qeyd olunan təkliflərin nəzərə alınması zəruridir.
* Mühazirədən
əvvəl hazırlıq mərhələsi
effektli mühazirə üçün
çox mühümdür. Bu mərhələ müəllimə imkan
verir ki, əlavə təlim
videolarının seçilməsini, internet
saytlarını və akademik məqalələri
müəyyən etsin. Yəni, ingilislərin
təbirincə desək, "yaxşı başlanğıc
yaxşı sonluq deməkdir".
* Elə ilk dərsdən tələbələrin diqqətini cəlb etmək lazımdır. Bu "cəlbetməni" müəllim ozü "kəşf" etməlidir. Burada vahid bir yanaşma yoxdur.
* Mühazırə deyənin səsi auditoriya ilə əlaqənin yaradılmasında böyük əhəmiyyət kəsb edir. Nitqin monotonluğu tələbəni çox tez yorur, bəzən tələbələrə yuxu gətirir. Bunun üçün də böyük auditoriyalardakı mühazirələrdə xüsusilə, hər tərəfində oturan tələbələrlə göz ünsiyyətində olmaq çox vacibdir. Hərdən bir mühazirəyə canlılıq vermək üçün bəzən yumordan da istifadə etmək lazımdır.
* Tələbəyönümlü
metod daha effektli olur. Yəni,
mühazirədə iştirak edənlərin
hamısının müzakirələrə cəlb
olunması (qrup halında, komanda
halında və s.) yaxşı nəticə
verir, heç kim kənarda qalmır. Burada
"düşün, düşüncəni
yoldaşınla, sonra qrupla
bölüşdür" prinsipi də işləyə bilər.
* Ən effektli metodlardan biri də mühazirə zamanı interaktivlik məqsədilə sual-cavab modelidir. Bu forma tələbələri bütün mühazirə boyu diqqətli olmağa sövq edir.
* Mühazirə zamanı təlim texnologiyalarından istifadə, bəzi mövzuları slaydlar, kompüterlə təqdimatlar formasında vermək mühazirələrin səmərəliliyini, daha canlı olmasını və mənimsəmənin yüksək olmasını şərtləndirir. Amma unutmaq lazım deyil ki, bunlar ancaq bizim üçün bir vasitədir. Müəllim amili yenə də həlledicidir.
* Tələbəylə
əks əlaqəni də unutmaq olmaz. Yaxşı olar ki müəllim bunu hər
mövzu qurtaranda eləsin.
Bəzən səhv olaraq
düşünürlər ki, bu işi yazılı surətdə
eləmək lazımdır. Amma sadəcə
olaraq "Bugünkü
video haqqında nə dəyə bilərsiniz"
və yaxud "Təqdim olunan
material sizin üçün nə dərəcədə
maraqlı idi" kimi
suallarla zala müraciət
eləmək olar.
Müəllim oxucu, tələbə
yazar
prinsipindən uzaqlaşmaq lazımdır
Dr. Serkan DURSUN,
Qafqaz Universitetinin müəllimi
Kredit sisteminin şərtlərinə əsasən mühazirələrin
qurulması ilə bağlı
qəti qaydalar qoyulmayıb, ümumi əsaslar təyin olunub.
Çünki hər dərsin xüsusiyyəti
fərqlidir. Eyni zamanda
dərsi verən müəllimlərin də xüsusiyyətləri
və yanaşmaları fərqlidir. Əsas qayda
mövzunu tələbəyə
çatdırmaq və onlara həmin
mövzuları mənimsətməkdir. Bunun
üçün bir çox müasir və səmərəli
üsullardan istifadə etmək olar. Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə
imla metodundan istifadə
qeyri-qənaətbəxş hesab edilir. Belə ki, həmin üsul tələbələrdə dərsə
meyilliliyi azaldır, ən maraqlı mövzunu belə əhəmiyyətsiz hala gətirir. Düşünürəm ki, ənənəvi olan
müəllim oxucu, tələbə yazar prinsipindən uzaqlaşmaq
lazımdır. Mühazirə zamanı tələbələrin
aktiv olması üçün
müxtəlif üsullara üstünlük
vermək daha səmərəli olar. Bunun üçün
də müəllim dərs məzmununu müasir
şəklə gətirməli, yeni dərs
qeydləri yazmalı, köməkçi qaynaqlara
baxmalıdır. Bundan başqa,
həmin məzmunu tələbəyə təsirli bir şəkildə ötürülməsi və
buna tələbənin necə cavab verəcəyi, incə bir
şəkildə hesablanmalı və ölçülməlidir.
Dərsdə proyektor və normal yazı taxtasından istifadə məqsədəuyğundur.
Bundan başqa,
mühazirə qarşılıqlı sual-cavab
şəklindəmi daha məhsuldar olar, yoxsa müəyyən
bir ölçüdə izah,
daha sonramı sual-cavaba
keçilməlidir. Bütün
bunları təyin etmək üçün
dərsin xüsusiyyəti və məzmunu əsas rol oynayır. Bunun üçün də müəllimin yanaşma tərzi burada əsas
amildir. Boloniya prosesində
əsas götürülən tələbədir. Tələbə
aktiv bir şəkildə
öyrənmə prosesinə daxil edilməlidir.
Tələbəyə öyrənməyi sevdirmək, onu öyrənməyə yönəltmək
lazımdır. Qeyd edək ki, müəllimlərin bilik
və bacarıqlarının hansı səviyyədə
olması da dərsin nəticəsi və
uyğun, keyfiyyətli idarəetmə sistemi ilə ölçülə bilər.
Elə dərslər var ki, eyni semestrdə
iki fərqli
professor tərəfindən aparılır
Elxan CABBAROV,
Koreya Elm və Texnologiya İnstitutunun tələbəsi
Təhsil
aldığım universitetdə mühazirələr interaktiv şəkildə həyata keçirilir. Müəllimlər dərsdən
öncə hazırladıqları prezentasiyanı universitetin portalında yerləşdirirlər.
İxtisasım kompüter mühəndisliyi
olduğu üçün
müəllimlər nümunələri
canlı kodlaşdırmaqla başa
salır. Koreya Elm və
Texnologiya İnstitutunda
hər bir dərsdən öncə tədris
proqramı ilə onlayn tanış oluruq. Orada bütün
məlumatlar professorun istəyinə
görə qeyd edilir.
Bəzi dərslərdə professorlar
davamiyyət yoxlayır. Həmin
dərslərə mütəmadi olaraq
qatılmaq lazımdır. Bəzi dərslərdə isə
davamiyyət yoxlanılmır. Davamiyyət yoxlanılmayan dərslərə
aid olan bütün lazımi informasiyanı dərsin
saytında yerləşən tədris proqramından əldə
etmək olur.
Bundan başqa elə
dərslər var ki, eyni semestrdə iki fərqli
professor tərəfindən
aparılır. Həmin dərslərdə mühazirələrə
qatılmaq fərqlidir. Belə ki,
bu dərslərin biri
məcburidir, digəri isə könüllü.
Bəzi dərslərdə isə hər hansı bir mövzunu professorun əvəzinə tələbələr
keçir. Əlbəttə ki, professorun
iştirakı və müəyyən müdaxilələri
ilə. Bu hala daha çox yuxarı kurslarda rast gəlinir.
Burada tələbə-müəllim
ünsiyyəti ən vacib amillərdəndir
Orxan
MEHDİYEV,
Britaniyanın Esseks Universitetinin
magistrantı
Mən İngiltərənin
Esseks Universitetində magistr
təhsilimi keçən ay başa vurdum. Qeyd edim ki,
bakalavr pilləsini Azərbaycan Dövlət
İqtisad Universitetində almışam. Burada mühazirələr bizim
universitetlərdəki kimi keçirilmir.
Tamamilə fərqlidir. Mühazirələrdə ən son texnologiyalar, dərs vəsaitləri
tətbiq edilir. Bir qayda olaraq, müəllim prezentasiya edir. Esseks Universitetində mühazirələr interaktiv şəkildə aparılır.
Müəllimlər öz-özünə mühazirə deyib getmirlər. Burada tələbə-müəllim
ünsiyyəti ən vacib amillərdəndir.
Sual-cavab xarakterli
müzakirələrə üstünlük
verilir. Dərsin sonunda
ya cari mövzu
üzrə qrup işi
olur, ya da növbəti mühazirə üçün
dərsə aid qrup işi tapşırılır. Bu qrup işləri qiymətə
təsir etmir. Amma
müəllimin aktiv tələbələrlə
tanışlığına səbəb olur.
Eyni mühazirə prezentasiyaları ən
son yeniliklər daxil olmaqla illərlə istifadə oluna
bilər. Bundan başqa,
Krallıqdakı universitetlərdə
avtomatlaşdırılmış, ünsiyyət az olan bir
sistem qurulub. Bu
sistem vasitəsi ilə dərs materialları universitetin onlayn portalında yerləşdirilir və mütəmadi olaraq yenilənir. Universitet tələbələrinə
verilən imkanlarla onlara asanlıqla çatmaq olur. Müxtəlif vaxtlarda
dərsdənkənar tələbə-müəllim
görüşləri üçün
əvvəlcədən müəyyənləşdirilmiş
saatlar mövcuddur. Bu görüşlər xüsusi
əhəmiyyətə malikdir.
Həmin
görüşlər zamanı
tələbələr çox
sayda əlavə məlumatlar əldə edirlər.
Mühazirədə iştirak könüllüdür
Mahirə
SƏFƏRƏLİZADƏ,
Kanadanın Toronto Universitetinin tələbəsi
Universitetimizdə xüsusi
portal var. Hər tələbənin
öz iş nömrəsi və koduyla bu portala
çıxışı var. Portalın idarə olunmasına gəldikdə
isə hər fənnin xüsusi koordinatoru var və həmin koordinator vasitəsilə
portal idarə olunur. Toronto Universitetində bütün yeniliklər, mühazirənin mətni,
slaydlar və audio yazısı öncədən
portala yerləşdirilir.
Mühazirədə iştirak könüllüdür.
Tələbənin mühazirədə iştirakı məcburi deyil. Əgər vaxtımız və
istəyimiz olarsa mühazirədə iştirak
edirik. Əsas verilən tapşırığı
yüksək səviyyədə
öyrənməkdir.
Niyazi Rəhimov
Azərbaycan
müəllimi.- 2014.- 24 oktyabr.- S.4.