Bölgələrdən  xəbərlər

  

İsmayıllı. Rayon təhsil şöbəsindən aldığımız məlumatda  bildirilir ki, 2014-2015-ci  tədris  ilində 360 şagird yerlik Qalınçaq kənd tam orta məktəbinin, 80 şagird yerlik Şəbyan kənd ümumi orta məktəbinin və 40 şagird yerlik Külüllü kənd ibtidai məktəbinin yeni  binaları qapılarını şagirdlərin üzünə açıb.

Şəhər 3 nömrəli tam orta məktəbin ikinci korpusu əsaslı təmirdən sonra istifadəyə verilib.  Məktəbin bazasında təbiət və riyaziyyat fənləri liseyi açılıb. Şəhər 5 nömrəli tam orta məktəbin istilik sistemi yenidən qurulub. Rayonda qış mövsümündə istilik sistemləri ilə qızdırılan təhsil müəssisələrinin sayı 57-ə çatdırılıb.

Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları"na əsasən rayonda pedaqoji fəaliyyətə yeni başlayan 50 nəfər gənc müəllimin təntənəli şəkildə andiçmə mərasimi keçirilib.

VII siniflərdə kurikulumun tətbiqi ilə bağlı ayrı -ayrı fənlər üzrə kurslar təşkil edilib.  Həmin siniflərdə dərs deyəcək 229 nəfər müəllimin bu kurslarda iştirakı təmin edilib.  Rayonun 4 ümumtəhsil məktəbində qabaqcıl müəllimlərin nümunəvi "açıq dərs"ləri keçirilib.

Məktəblərdə XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil  Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədrisi üçün hazırlıq işləri aparılıb və buna aid dərslərin qrafiki hazırlanıb. Dərsləri tədris edəcək müəllimlərin tərkibi dəqiqləşdirilib, məktəb direktorlarına və aidiyyəti şəxslərə tapşırıqlar verilib. 

 

Cəlilabad.  Təhsil şöbəsi tərəfindən redaksiyaya daxil olan  məlumata görə,  yeni dərs ilində 124 adda  164785 ədəd dərslik, 8344 ədəd bədii ədəbiyyat gətirilərək məktəblərə  paylanıb.

Yeni dərs  ilində  ibtidai sinif, texnologiya, Azərbaycan dili və ədəbiyyat, xarici dillər və kimya fənlərindən 11 təlim qrupu üzrə 230 nəfər müəllimlə kursların təşkili planlaşdırılıb. Ümumilikdə 422 nəfər müəllim yeni dərs ili ərəfəsində kurikulum kurslarına cəlb edilib.    

Pedaqoji kadrlara olan tələbatın müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq   təhsil şöbəsi tərəfindən  bu il 165 vakant yer elan olunmuş, həmin yerlər üzrə keçirilmiş müsabiqə və müsahibədən uğurla keçmiş  62  gənc  müəllim işlə təmin edilib.   

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqvim planına  əsasən 14-19 oktyabr 2014-cü il tarixlərində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş basketbol üzrə 2001-2002-ci il təvəllüdlü oğlanlar arasında Bakı şəhərində respublika birinciliyi keçirilib. Bu yarışlarda rayonun məktəblilərdən ibarət basketbol komandası respublikanın rayon və şəhərlərini təmsil edən 40 komanda arasında II yerə layiq görülüb. Qalib  komanda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. 

Hazırda 180 şagird yerlik İncilli  kənd  ümumi orta məktəbi üçün yeni binanın tikintisinə başlanılıb. 260 şagird yerlik Məmmədrzalı kənd tam orta və 180 şagird yerlik Mikayıllı kənd ümumi orta məktəblərinin tikintisi isə başa  çatmaq üzrədir.

 

Samux. Rayon təhsil şöbəsindən verilən məlumatda   bildirilir ki, V-VII siniflərdə dərs deyən və indiyə qədər  kurslardan keçməyən müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktiki  hazırlığı  üçün təlim kursları təşkil edilib.  Kurikulum  layihə üzrə  rayonun I-VII  siniflərində 5248 nəfər şagird təhsil alır.

Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı rayon məktəblərində normal qaydada icra edilir.  Bu sahədə rayon mərkəzi xəstəxanası,  rayon  əhalinin sosial müdafiə mərkəzi  əməkdaşları ilə birgə yaradılmış komissiya  tərəfindən 36     uşaq qeydə alınmış və onlar  fərdi  təhsilə cəlb olunublar .

Ümumtəhsil məktəblərinin Dərsliklə Təminat  Proqramı (2006-2015-ci illər) tam öz həllini tapıb və   nəticədə 48111 ədəd dərslik məktəblərə vaxtında çatdırılıb. Pedaqoji kadrların işə qəbulu məsələləri öz həllini tapıb.  13 vakant yer vaxtında Təhsil Nazirliyinə təqdim edildiyindən  imtahandan yüksək nəticə əldə etmiş 11 müəllim işləmək üçün ehtiyac olan  məktəblərə göndərilib. 

 

Qəbələ. Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, rayonun  220 şagird  yerlik  Ziring  kənd  və 80 şagird yerlik Yengicə  kənd ümumi orta məktəbləri üçün  hərtərəfli təchiz olunmuş yeni məktəb binaları  müəllim və şagirdlərin istifadəsinə verilib. Rayonun bütün ümumtəhsil məktəbləri cari təmir edilmiş, lazım olan inventar və avadanlıqlarla təchiz olunub. Şəhər 5 nömrəli tam orta məktəb üçün tikilən yeni tədris binasında son tamamlama işləri görülür və  yaxın vaxtlarda istifadəyə veriləcək.

Məktəblərdə  müəllimlər  tərəfindən  tədris etdikləri  fənlər üzrə  proqram  materiallarının  planlaşdırılması təmin edilib. Eyni zamanda ümumtəhsil  məktəblərinin  seçmə  komandası  rayonda  keçirilən  çoxnövçülük  üzrə  yarışda   III yer tutaraq  respublika final  yarışına  vəsiqə  qazanıb.

 

Ağstafa. Rayon təhsil  şöbəsindən  bildiriblər ki,  2013-2014-cü dərs ilində Eynallı kənd tam orta məktəbi üçün 300, Kolxəlfəli kənd tam orta məktəbi üçün isə 220 şagird yerlik yeni məktəb binaları istifadəyə verilib. Rayonun Yenigün kənd tam orta məktəbi əsaslı təmir edilib. Məktəbdə müasir tələblərə cavab verən istilik sistemi quraşdırılıb. Dövlət  vəsaiti  hesabına tikilən  və təmir  edilən  bu məktələrdə idman və iclas  zalları, laboratoriyalar, tədrisin yüksək səviyyədə aparılması üçün  lazımi şərait var. 

Təhsilə göstərilən  diqqət və qayğıya görə   kənd sakinləri   Prezident İlham Əliyevə   minnətdarlıq edirlər.

 

Kürdəmir. Rayon təhsil şöbəsindən redaksiyamıza göndərilən məlumatda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə rayonda Tofiq İsmayılov adına 1 nömrəli və Famil Həşimov adına 3 nömrəli şəhər tam orta məktəblərində "Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda" adlı layihənin təqdimat mərasimi keçirilib. Layihədə gənclərin sosial şəbəkələrdən məqsədyönlü istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılmasından bəhs olunub. Tərəfdaş elmi müəssisə və ictimai birliyin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən layihənin rəhbəri İKT mütəxəssisi Şahzadə Mədətova Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsini ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib.

Bildirilib ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. İnformasiya resurslarının internetdə çoxalması və ölkənin maraqlarının internet layihələri sırasında bu gün ən populyar olan sosial şəbəkələrdə qorunması gənclərin üzərinə düşən mühüm vəzifədir.Tədbirdə vurğulanıb ki, məktəblilərin sosial şəbəkələrdən səmərəli istifadə etməsi üçün təbliğat-təşviqat işlərinin aparılması, internet məkanında müxtəlif layihələrdə fəaliyyət göstərən gənclərin mütəşəkkil fəaliyyəti, Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə, ilk növbədə, gənc nəslə çatdırılması, internetin ən populyar layihələri ilə işləmək üçün məlumatların hazırlanması və sosial şəbəkələr vasitəsilə yayılması sözügedən layihənin məqsəd və vəzifələrindən irəli gəlir. Layihə çərçivəsində gənclərin internet məkanındakı problemləri ilə bağlı araşdırmaların aparılması, həmçinin multimedia vasitələrinin internetin açıq layihələrinə yerləşdirilməsi ilə əlaqədar seminar və təlimlərin keçirilməsi nəzərdə tutulur.

Ekspert,  AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov,  Dövlət Neft Fondunun layihələri üzrə mütəxəssis Rövşən Məmmədov, "Gənclərin davamlı inkişaf üzrə analitik mərkəzi" ictimai birliyinin sədri Hüseyn Hüseynov və Kürdəmir RTŞ-ın müdir əvəzi Xəqani Qurbanov  çıxış edərək Gənclər Fondu tərəfindən dəstəklənən bu layihənin mühüm əhəmiyyət  kəsb etdiyini, informasiya cəmiyyəti quruculuğuna  ciddi təkan verəcəyini və bu istiqamətdə görüləcək işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər. Layihə məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb. Layihənin onlar üçün faydalı olacağını söyləyən şagirdlər  bu  layihədə böyük həvəslə iştirak edəcəklərini diqqətə çatdırıblar.

 

Xaçmaz. Təhsil şöbəsindən bildirilir ki, hər il olduğu kimi, 2014-2015-ci tədris ilində  rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək baxımından şagirdlərin təhsilə marağını artırmaq, onlarda tədqiqatçılıq və müstəqillik bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün artırılması rayon təhsil şöbəsinin iş planında  prioritet məsələ hesab edilir.

Cari tədris ilində rayonda yerləşən  Regional Televiziya Şirkətinin Quba-Xaçmaz regionu üzrə rayon təhsil şöbələri ilə birgə təşkil etdiyi, ötən ildə qalibi olduğumuz "Bilik kuboku-1" bilik yarışmasının davamı kimi "Bilik kuboku-2" bilik yarışmasına start verilib. Belə ki, bu dəfə yarışmaya ötən ildən fərqli məktəblər, əsasən kənd məktəbləri - Xaçmaz şəhər 7, Xudat şəhər 2 və 4, Çiləgir, Aslanoba, Qımıl-qışlaq, Köhnə Xaçmaz kənd tam orta məktəbləri qoşulublar.

Türk Əməkdaşlıq və Koordinasiya Ağentliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avrasiya Beynəlxalq Tədqiqatlar İnstitutu İctimai Birliyi ilə birgə Azərbaycan və Türkiyənin dəyərli şəxsiyyətlərini öyrənmək və təbliğ etmək məqsədi daşıyan "Hər mövsüm bir işıq" adlı keçirdiyi layihəyə Xaçmaz məktəbliləri də qoşulub. Belə ki, rayonun Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Sənəm İbrahimovanın, Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Könül Quliyevanın, Xudat şəhər 1 nömrəli tam orta məktəbin VIII  sinif şagirdi  Aytac Abdullayevanın, Xudat 4 nömrəli məktəb-liseyin XI sinif şagirdi Həyat Qarayevanın, Mehrəliqışlaq kənd ümumi orta məktəbinin IX sinif şagirdi  Səbinə Tahirovanın  layihənin şərtlərinə uyğun inşa yazı işləri oktyabr ayında müvafiq elektron ünvana təqdim edilib.

Hazırda rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sabahın alimləri" IV Respublika müsabiqəsində müvəffəqiyyətli iştirak üçün təşkilatçılıq işlərinə başlanılıb.

Qabaqcıl təcrübənin müəllimlər arasında yayılması, tədrisin stimullaşdırılması və optimallaşdırılması məqsədilə təhsil şöbəsində rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə "Fənn aylıqları" müsabiqəsinə də bu  ayda start verilib.       

 

Siyəzən. Rayon təhsil şöbəsinin  müdiri R.Hacıyevdən aldığımız məlumatda bildirilir ki, rayonda ötən ildən fərqli olaraq yeni dərs ili ərəfəsində  41 nəfər müəllim kurikulum üzrə təlimlərdə  iştirak  edib.  Ümumtəhsil məktəblərində şagirdlərin istedadı və marağı nəzərə alınmaqla onların  müxtəlif müsabiqələrdə iştirakları təmin edilib, yüksək nəticələrin əldə edilməsi üçün peşəkar müəllimlər tərəfindən onlara hərtərəfli köməklik göstərilir.

Təhsil Nazirliyinin  və Fövqəladə Hallar Nazirliyinin birgə təşkil etdiyi "Gənc xilasedici və  yanğınsöndürən"  beynəlxalq  yarış-müsabiqəsində şəhər 2 nömrəli tam orta məktəbin komandası I yeri tutub. Rayonda yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı təmir edilib tam yararlı hala salınması, məktəblərin İKT avadanlığı, dərsliklər və inventarla təchizat  prosesləri  fasiləsiz olaraq  davam etdirilir. Son 2 il  ərzində  100 min manatdan  artıq  masa, şkaf, yazı lövhəsi, İKT avadanlığı, mebel və digər avadanlıqlar alınıb məktəblərə  verilib.

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2014.- 24 oktyabr.- S.8.