Antivirus proqramları seçərkən

nələrə diqqət etməli?

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında

Elektron Təhlükəsizlik Mərkəzindən alınmış məlumatlar əsasında

 

Virus olaraq adlandırılan ziyanverici proqramlar fərqli üsullarla kompüterlərə nüfuz edirbiz fərqinə varmadan öz fəaliyyətini davam etdirir. Onların kompüterlərə yoluxmasının ən əsas səbəbi istifadəçilərdir. Belə ki, istifadəçilərin internetdən, sosial şəbəkələrdən ehtiyatsız şəkildə istifadəsi virusların kompüterlərə yoluxmasına səbəb olur. Digər bir səbəb isə antivirus proqramlarından istifadə edilməməsidir.

Antivirus proqramları kompüterlər üçün ən önəmli xüsusi proqramlardan biri hesab olunur. Belə ki, internetdən və ya hər hansı bir kənar qurğulardan kompüterə yoluxa biləcək hər növ virusların qarşısını almaq üçün daim yenilənən antivirus proqramlarının kompüterdə mövcud olması vacibdir. Antivirus proqramları həm cari vəziyyətə uyğun olaraq ani mühafizəni, həm də yoxlama, təmizləmə və müdafiə funksiyalarını həyata keçirir. Eyni zamanda kompüterinizi viruslardan qorumaq üçün bir qoruyucu mühafizə meydana gətirmə funksiyasına da malikdir.

Əksər istifadəçilər bəzən olduqca praktiki işləyə bilən, yüksək mühafizə təmin edən, davamlı yenilənə bilən antivirus proqramlarına üstünlük verirlər. Üstünlük verdiyimiz proqramlar nə qədər yaxşı olsa da, bəzən problemlərlə qarşılaşa bilərik. Bundan əlavə, son zamanlar antivirus proqramlarının sayının artması hansı proqrama üstünlük verməyimizlə bağlı bizi seçim qarşısında qoya bilər.

Antivirus proqramlarını seçərkən diqqət etməli olduğumuz bəzi məqamlar  var:

-  Antivirus proqramları ödənişli və ya ödənişsiz olmaqla iki qrupa bölünür. İstifadəçilər ödənişli antivirus proqramlarına üstünlük versələr də, ödənişli proqramlardan heçgeri qalmayan ödənişsiz antivirus proqramlarına daha çox tələbat var. Ödənişsiz antivirus proqramları ödənişli antivirus proqramlarının əksər xüsusiyyətlərinə malikdir. Ödənişli antivirus proqramları əlavə təhlükəsizlik divarı, oğurluğun qarşısını almaq üçün izləmə fəaliyyəti, anti-spam xüsusiyyətləri, fişinq hücumlarını filtrləmə və s. bu kimi əlavə xüsusiyyətlərə də malikdir.

-  Digər bir məqam isə antivirus proqramının motorunun (engine) hansı sahələr üzrə qorumanı həyata keçirə bilməsidir. Məsələn, bəzi antivirus proqramları ani mesajlaşma protokollarında, arxiv faylların yoxlanmasında, İnternet Explorer skriptlərində qorumanı həyata keçirə bilmirlər.

-  Həmçinin antivirus proqramının yenilənmə tezliyi də önəmli məqamlardan biridir. Əgər antivirus təminatçısı olan şirkət proqramı tez-tez yeniləmirsə, kompüterlərin cari viruslara yoluxmasının qarşısını almaq mümkün olmayacaq.

-  Sistem resurslarından istifadə son dövrdə ən çox diqqət edilən məqamlardan biridir. Antivirus proqramı kompüterinizi yaxşı mühafizə etməklə yanaşı, kompüterin işini ləngidirsə və tez-tez istifadəçinin fəaliyyətinin təsdiq edilməsini istəyən suallar soruşursa, bu daha sonra ciddi problemlərə səbəb ola bilər.

Antivirus proqramlarının sayının çox olması, həmçinin onların fərqli funksiyalar həyata keçirməsi sizi seçim qarşısında qoya bilər. Buna görə də ETM antivirus proqramı seçərkən yuxarıda sadalanan məqamları nəzərdə saxlayaraq seçim etməyinizi tövsiyə edir.

 

Azərbaycan müəllimi.- 2014.- 24 oktyabr.- S.8.