Yaxşı əmi

 

(hekayə)

   

Rasim QURBANOV,

filologiya üzrə elmlər doktoru

 

- Ver aşığımı, ver deyirəm sənə! Udmuşam, mənimdir.

- Əşi, bir bunun boyuna bax a!.. "Udmuşam, udmuşam". Al bu da sənin aşığın.

Koppuş sifətli, dombagöz oğlan bu sözləri deyərək, onun ətəyindən yapışıb əl çəkmək istəməyən arıq, solğun bənizli uşağı arxası üstə itələdi. Sonra məhəllə boyunca uzanan hasarın dibi ilə qaçmağa üz qoydu. Ətrafdakı uşaqlar da bir himə bənd imiş, hərəsi bir tərəfə qaçdı.

İtələnib yıxılan uşaq səssiz-səmirsiz ayağa durub ətrafa boylandı. Heç kim yox idi. Gündən yanıb qaralmış ayaqlarını dizə qədər örtən şalvarının tozunu çırpdı. Ağrıyan başına əl gəzdirdi. Peysərində əli şişə toxundu. Bir dəqiqə başındakı şişi əlləşdirdi, sonra yerə oturub uşağa məxsus bir kövrəkliklə ağlamağa başladı.

Bu vaxt onun oturduğu yerdən beş-altı addım aralıda yerləşən qapı açıldı. İçəridən 22-23 yaşlarında, qalın qaşları, iri burnu olan, sıx saçları arxaya daranmış bir cavan oğlan çıxdı. Son dəb ilə geyinmiş, xətlərini qulağının dibinə qədər uzatmışdı. O ağlayan oğlana yaxınlaşıb əlini  cibinə  saldı. Bir siqaret çıxardıb yandırdı, sonra nə isə fikirləşib siqareti yerə tulladı, dabanı ilə əzdi. O biri cibindən bir konfet çıxarıb yeməyə başladı. Uşaq birdən xırp səsinin kəsdi, gözlərini cavan oğlanın ağzına dikdi. Sulanmış ağzındakı tüpürcəyi burnunun suyuna qarışmış göz yaşı ilə birlikdə uddu. Cavan oğlan:

- İgid, adın nədir? - deyə soruşdu.

-Məmməd... Məmmədəli, - deyə uşaq cavab verərək mızıldandı.

- Konfet istəyirsən?

- Yox!

Cavan oğlan cibindən iki iris konfeti çıxardıb  ona uzatdı. Məmmədəli tərəddüdlə gözlərini döydü. Sonra ətrafa boylandı. Heç kim yox idi.

Soruşdu:

- Deməzsən?

- Nəyi, kimə?

- Atama deməssən mənə konfet verdigüvi?

- Yox, demərəm.

Məmmədəli konfetləri aldı, sağ əlindəki aşıqları yerə tökdü. Sonra konfetin birini soyub ağzına qoydu. Ağzını marçıldada- marçıldada:

- Sən kimsən? - deyə soruşdu.

- Mən Faiq müəlliməm.

- Məəlimsən? Bəs mən səni heç görməmişəm ki?

- Sizin məktəbdə  bu ildən, sentyabrdan dərs deyəcəyəm.

- Bakidən gəlmisən?

- Hə, Bakıda oluruq. Atam da, anam da orada yaşayır.

- Məəllim, Bakıda hamı bu cür şalvar geyir? Keçən ay qonşumuz Səftərin xalası oğlu gəlmişdi, onun da əynində ənlibalaq şalvar var idi.

- Kimə necə xoşdur elə də geyinir. Yaxşı, Məmmədəli, sən axı heç demədin niyə ağlayırdın?

Uşaq doluxsunan kimi oldu.

- Dədəm məni döyəcək. Başımdakı bu qozu görürsən? Bu, məni dögdürəcək. Dədəm yaman hirslidir. Mir Yusif ağa deyir ki, dədəmin cinnəri var.

- Atan ananı da döyür?

- Anam yoxdur.

- Bu qədər aşığı neynirsən, yığmısan? Bu yayı sən ancaq aşıq-aşıqmı oynamısan?

Uşağın gözləri parıldadı. Dodaqlarına bir sadəlövh təbəssüm qondu.

- Yox əşi! Kənd uşaqları ilə birgə Salmanın bağlarına girmişik, qobuda çimmişik, moruq yığmışıq...

- Oxumağı bacarırsanmı?

- Nöş bacarmıram. Boyuma baxma, balacayam, sentyabrda ikinci sinifdə oxuyacağam.

- İstəyirsən mən sənə oxumaq üçün bir kitab verim?

- Mənim öz "Ana dilim" var. Bir də axı atam döyər. Deməz ki, bu kitabı sənə kim verib? Döyər məni, ağlayaram axı.

- Heç nədən qorxma. Sən yekə oğlansan. İndi get evə, sənə şəkilli kitab gətirəcəyəm. Özü də ağlama, maşallah, yekə kişisən, sənə ağlamaq yaraşmaz.

Avqustun axırları idi. Faiq təyinat aldığı məktəblə tanış olmaq üçün evdən çıxdı. Bu vaxt yaxınlıqda bir ağlamaq səsi eşitdi. Hasarın dibinə qısılıb için-için ağlayan Məmmədəlini gördü.

- Nə olub? Yenə niyə ağlayırsan?

- Dədəm döyüb, yaman hirslidir.

Faiq özlüyündə fikirləşdi ki, başqasının ailə işlərinə qarışmağa haqqı yoxdur. Ancaq bu işi belə də qoymaq olmaz. Dərslər başlanan kimi bir tədbir görmək lazımdır. O, əlində tutduğu çantanı açdı. Oradan bir şəkilli jurnal çıxardıb Məmmədəliyə göstərdi. Şəkillərdə "Baba və Turp" əhvalatı təsvir edilmişdi, altında da yazılar vardı. Uşaq əvvəlcə gözünün ucu ilə şəkillərə baxdı, sonra onu maraq bürüdü, əlinə aldı. Dodaqları qaçdı.

- A! ...Siçana bax a. Pişikdən qorxmur?

- Al oxu, onda bilərsən.

- Mən hələ burda oxuyub sənə verrəm. Evə aparmayım.

...Payız girmişdi, dərslər başlanmışdı. Yarpaqlar sanki yayın həsrətindən xəstələnir, saralıb xəzəl olurdu. Bir gün xəbər çıxdı ki, Məmmədəlinin atası montyor Həşimi elektrik  vurub öldürüb. Sonra məlum oldu ki, gecə növbəsində içib sərxoş olan Həşim elektrik xətti qırılan bir evə təmir üçün çağırılır və öz səhvi ucbatından ömür xəttini qırır. Faiq yas yerinə gələndə, dəfn mərasimi yerinə yetirilirdi. Məmmədəli bir uşaq ilə durub ağlayırdı. Faiq onlara yaxınlaşıb:

- Məmmədəli, ağlayırsınız?- deyə soruşdu.

Məmmədəli Faiqin səsini eşidincə başını qaldırdı, əvvəl burnunu, sonra gözlərini sildi. Yanındakı uşaq da ağlamağını kəsdi.

- Faiq məəllim, mən ağlamaq istəmirdim. Mir Yusif ağa, nənəm deyir ki, ağla, necə olsa atondur.

Faiq:

-  Bir də sizi ağlayan görməyim. Alın bu jurnalı, keçin bir qıraqda oturub oxuyun. Sonra əlindəki jurnalı onlara uzatdı. Məmmədəli jurnalı alıb höccələdi:

- Gö-yər-çin.

Jurnalı varaqladılar, nə isə oxudular, üzləri güldü. Öz uşaq təbəssümləri ilə şən bir halda oxumağa davam etdilər. Faiq uşaqlardan ayrılıb mərhumu son mənzilə - qəbiristana aparan dəstəyə qoşulmaq istəyəndə qulağı onların arasındakı kiçik dialoqu aldı:

- Bu Faiq məəllim çox yaxşı əmidir.

- Sənə şəkilli kitab verir, onunçün?

- Yox, uşaqları ağlamağa qoymur.

 

Azərbaycan məllimi.- 2014.- 24 oktyabr.- S.9.