Şuşanın xarı bülbülü

  

Ay ürəyim, gözüm gülü,

Nədən oldun hüzün gülü?

Bizə doğma uzaqlardan

Boylanırsan üzüntülü.

Sənsiz haçan üzüm gülür?-

Şuşanın "Xarı bülbül"ü.

 

Sən - dərdi duman ağladan,

Hönkürdüb kaman ağladan.

Bayatıya ah çəkdirən,

Şikəstəyə qan ağladan -

Könlümüzün həsrət gülü,

Şuşanın "Xarı bülbül"ü.

 

Dövran bizə qara gəlib,

Xar yeriyib hara gəlib?!

Köhnə dərdin bəs deyilmiş,

Yaran üstə yara gəlib;

Vətənin qan olan könlü -

Şuşanın "Xarı bülübül"ü.

 

Bəy yurdu gədəlik deyil,

Ər işi vədəlik deyil.

Dünya ki belə fırlanır,

Deyəsən, bəndəlik deyil -

Tanrı açsın bu müşkülü,

Şuşanın "Xarı bülbül"ü.

 

Gedək Təbrizə, Təbrizə

 

Ayrılığa yoxdu dözüm,

Gedək Təbrizə - Təbrizə.

durmuşuq canım, gözüm,

Gedək Təbrizə, Təbrizə.

Yetək Təbrizə, Təbrizə!

 

Baxmayıb qara, yağışa,

Qanad açıb dönək quşa.

Dolaylardan aşa-aşa

Gedək Təbrizə, Təbrizə,

Yetək Təbrizə, Təbrizə.

 

Həsrətli ellər gözləyir,

Açılı güllər gözləyir,

Sevgili dillər gözləyir;

Gedək Təbrizə, Təbrizə,

Yetək Təbrizə, Təbrizə.

 

Yol yormağa var atımız;

Qıratımız, Düratımız!

Təbriz bizim muradımız -

Gedək Təbrizə, Təbrizə,

Yetək Təbrizə, Təbrizə!

 

Yatan yurdda təpər olmaz,

El arası çəpər olmaz,

Bundan ulu səfər olmaz,

Gedək Təbrizə, Təbrizə,

Yetək Təbrizə, Təbrizə.

 

Məhərrəm QASIMLI,

filologiya üzrə elmlər doktoru

 

Azərbaycan müəllimi.- 2014.- 24 oktyabr.- S.9.