Akademik Milli Dram
Teatrı
ilə Təhsil Nazirliyinin "Məktəb
və teatr" adlı birgə layihəsi
Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə
birgə "Məktəb və teatr" adlı yeni layihə
həyata keçirir. Sözügedən layihə ətrafında müzakirələr
aparmaq, əməkdaşlıq əlaqələrinin
perspektivlərini müəyyənləşdirmək məqsədi
ilə oktyabrın 25-də Bakı məktəblərini təmsil
edən valideyn komitələrinin nümayəndələri
və təhsil müəssisələrində
çalışan məktəbdənkənar
iş üzrə mütəxəssislərin
iştirakı ilə Akademik Milli Dram Teatrında
toplantı keçirilib.
Toplantıda
çıxış edən Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov
müstəqillik illərində gənc nəslin mənəvi
tərbiyəsində təhsilin əhəmiyyətindən
danışıb. Dövlət quruculuğu
işində təhsil və mədəniyyət
işçilərinin üzərinə düşən məsuliyyəti
xüsusi qeyd edən İ.İsrafilov "Məktəb və teatr" layihəsinin yeniyetmə və gənclər
arasında milli mədəniyyətimizin və
incəsənətimizin təbliğində, məktəblilərdə
teatr sənətinə marağın
artırılmasında mühüm əhəmiyyət
kəsb edəcəyini vurğulayıb.
Layihənin
mahiyyəti, məqsəd və vəzifələri
haqqında məlumat verən İ.İsrafilov
hər məktəbdə açılacaq məktəblinin teatr guşəsində Akademik
Milli Dram
Teatrının aylıq repertuarı ilə yanaşı,
ölkənin teatr həyatında baş verən önəmli yeniliklər,
görkəmli teatr xadimləri - dramaturqlar,
rejissorlar, aktyorlar
haqqında mütəmadi şəkildə məlumatlar yerləşdiriləcəyini
bildirib.
Layihədə
məktəblərdə fəaliyyət göstərən dram, bədii qiraət, rəqs, pantomim dərnəklərinin işində iştirak edən şagirdlərə teatrda çalışan mütəxəssislər
tərəfindən peşəkar yardımın göstərilməsi
də nəzərdə tutulur.
Layihəyə
əsasən yaradıcı heyətin məktəblilərlə
görüşünün təşkili,
göstərilən tamaşaların müzakirəsi də nəzərdə
tutulur. Əldə olunan
razılığa əsasən, tamaşaya
baxdıqdan sonra şagirdlərlə
birlikdə tamaşanın müzakirəsi aparılacaq. Bu zaman
şagirdlər öz təəssüratlarını
yaradıcı heyətlə bölüşmək, onları
maraqlandıran sənət məsələlərini
müzakirə etmək imkanı qazanacaqlar.
İ.İsrafilov çıxışının sonunda bu layihəni dəstəklədiyi
üçün təhsil naziri
cənab Mikayıl Cabbarova təşəkkürünü
bildirib, Akademik Milli Dram Teatrınin təhsil
işçiləri ilə hər cür əməkdaşlığa
hazır olduğunu, milli
mədəniyyət və incəsənətimizin, təhsilimizin inkişafına yönəlmiş
hər bir konstruktiv təklifin
teatr rəhbərliyi tərəfindən
müsbət qarşılanacağını söyləyib.
Elçin CƏFƏROV,
Akademik Milli Dram Teatrının mətbuat katibi
Azərbaycan müəllimi.-
2014.- 31 oktyabr.- S.11.