9 yaşlı Zeynəb "Liseyin ulduzu"dur

    

Zeynəb Nəcəfzadə 2005-ci ildə  Bakı  şəhərində anadan olub. 4 yaşında "Azəri inciləri" rəqs ansamblında uğurlu çıxışlar edib.  Hazırda Bakı Avropa Liseyinin IV, Aytəkin Axundovanın sinfində təhsil  alır. Dərs əlaçısı Zeynəb böyüyəndə diplomat olacağını söyləyir, xarici dillərə böyük maraq göstərir. Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin skripka şöbəsində təhsil alır. T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasının təsviri-tətbiqi sənət dərnəyinin üzvüdür. İlk gündən fərqli düşüncələri, rəssamlığa olan marağı rəsm müəllimi Aynurə Həşimovanın diqqətini cəlb edib.

Z.Nəcəfzadənin 100-dən artıq müxtəlif mövzularda  rəsm  əsərləri  var. Çəkdiyi rəsmlərin bir çoxunu yağlı boya, quaşla, vitrajla işləyib. Azərbaycanda ilk qızlar məktəbinin banisi  "Hacı Zeynalabdin Tağıyevin portretineft buruqları", "Bakının tarixi: dünən və bu gün", "Rəşid Behbudov", "Puşkin", "İngiltərədəki "Biq Ben saatı", "Fransadakı  Eyfel qülləsi", tanınmış şəxsiyyətlərin portretlərini,  Nizami  Gəncəvinin "Xəmsə"sini (beşlik) öz rəsmlərində həvəslə canlandırıb. Kətan üzərində işlədiyi  30-a  yaxın rəsmi diplom və fəxri fərmanlara layiq görülüb. 2011-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Gül bayramı sərgisində  rəsmləri I yerə layiq görülüb. 2013-cü  ildə Çexiyada keçirilən  "İdman-biz, sülh tərəfdarıyıq"  rəsm  müsabiqəsinin laureatı adını qazanıb. Bakıda keçirilən  Azərbaycan və Türkmənistanın diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş tədbirdə isə Zeynəbin  "Türkmən  atı  oğlan" rəsmi diploma layiq görülüb. 1 İyun Uşaqların Beynəlxalq  Müdafiəsi Gününə həsr etdiyi "Yaşasın hüquqlarımız", "Planetimiz Zeynəbin gözü ilə", vətənpərvərlik mövzularında "20 Yanvar", "Xocalı faciəsi", "Vətənim"  rəsmlərinə həyəcansız baxmaq olmur.

2014-cü ildə  Ukraynada keçirilən beynəlxalq  rəsm  müsabiqəsinə qatılan Zeynəbin "Sualtı fantaziyalar" rəsmi gümüş medala layiq görülüb. Bu münasibətlə məktəbin direktoru Zülfiyyə Veysova şagirdinin  böyük istedad sahibi olduğunu yüksək dəyərləndirərək onun rəsmlərindən ibarət fərdi sərgisini keçirib. Zeynəbə "Liseyin ulduzu"  və Bakı Avropa Liseyinin ictimai həyatında  fəal  xidmətlərinə görə diplom təqdim olunub.

 

Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.6.