Rənglərin dili ilə danışan Nərmin

 

Sağlamlıq imkanları məhdud  uşaqlar üçün 3 nömrəli Respublika internat  məktəbinin  X sinif şagirdi olan  Nərmin Hümmətzadə  çox istedadlı və bacarıqlı  qızdır. O, dördüncü ildir ki, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin  rəsm studiyasında   rəsm sənətinin sirlərinə yiyələnir.  Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara çox böyük diqqət göstərilir. Nərmin vaxtaşırı olaraq rayon, şəhər, respublika, hətta beynəlxalq miqyaslı müsabiqə və sərgilərdə fəal iştirak edir. 11 yaşında olarkən qeyri-hökumət təşkilatları tərəfindən keçirilmiş "Mən də rəssam olmaq istəyirəm" adlı layihədə nümunəvi yaradıcılıq işinə görə Qran-pri mükafatına layiq görülüb. Ombudsman Aparatının təşkilatçılığı ilə  "Mən və hüquqlarım"  mövzusunda keçirilən respublika rəsm müsabiqəsində II, əlillərin VIII ümumrespublika yaradıcılıq sərgi müsabiqəsində  III yerləri, Dövlət  Bayraqı Meydanı Kompleksi İdarəsinin təşkil etdiyi "Bayrağımız qürur mənbəyimizdir" adlı rəsm müsabiqəsində isə sertifikatdiploma  layiq görülüb. 2011-ci ildə  İctimai Televiziyanın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə elan etdiyi rəsm müsabiqəsində də Nərmin qalib olub. O, Amerika, Çexiya, Polşa, Ukrayna, Belarus, Yaponiya,  Yunanıstan və s. ölkələrdə keçirilən rəsm müsabiqələrində Azərbaycanı layiqincə təmsil edib.  2011-ci il  Polşada keçirilmiş Beynəlxalq uşaq  rəsm müsabiqəsində II yerə layiq  görülüb.

Nərmin Hümmətzadənin mərkəzdə "Danışan  rənglərim" adlı  fərdi rəsm sərgisi  keçirilib. Sərgidə onun 100-ə yaxın rəsm və əl işləri nümayiş olunub.  16 yaşlı Nərmin  nitq qüsurlu olmasına baxmayaraq Tanrı ona böyük  bir fitri  istedad verib. Danışa bilməsə də öz fikirlərini rənglərin  dili ilə  məharətlə ifadə edir. Biçmə, toxuma işlərində də o, muncuqlardan ustalıqla istifadə edərək maraqlı kompozisiyalar hazırlayır. Çünki mənzərə, peyzaj janrlarını çox sevir.  Mərkəzdə  onun rəsmlərinin kataloqu hazırlanıb. Ötən il  ümummilli lider Heydər Əliyevin  anadan olmasının  90 illiyinə həsr olunmuş rəsm müsabiqəsində  Nərminin əl işləri  I yerə layiq görülüb. Yeniyetmə rəssamın sənətdə qazandığı uğurlar onun gələcəkdə böyük sənətkar olacağına ümid  verır. Bizbu ümidlə ona yaradıcılığında daha böyük nailiyyətlər arzulayırıq.

 

Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.6.