Təhsil sisteminin yenidən qurulmasında və islahatlar

prosesində gələcəyin tələblərini də nəzərə almalıyıq

   

Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılmışdır. Neft kapitalının insan kapitalına çevrilməsi hədəfi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu yöndə həyata keçirilən dövlət siyasəti, Təhsil Nazirliyinin gördüyü işlər, təhsil işçilərinin əzmkarlığı, təşəbbüskarlığı və ən əsası, əldə olunmuş nəticələr qarşıda duran hədəflərin o qədər də uzaqda olmadığını söyləməyə imkan verir.

Aparılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Azərbaycan artıq yeni dövrə - modernləşmə dövrünə qədəm qoymuşdur. Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir.

Azərbaycanın qarşıdakı illərdə sosial-iqtisadi və mədəni inkişaf yollarını müəyyənləşdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu, təhsil sisteminin də kökündən dəyişdirilməsini, əlavə təhsil, ömür boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırılmasını zərurətə çevirir. Başlıca strateji məqsədi davamlı iqtisadi artım və sosial rifah olan konsepsiyada təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir təhsil sisteminin qurulması da əsas strateji istiqamətlərdən biri kimi ön plana çəkilmişdir.

BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə əsasən, Azərbaycan 187 ölkə arasında, 2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlmiş və insan potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olmuşdur. Həmçinin Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə hesabatında Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyəti səviyyəsi reytinqində 148 ölkə arasında 39-cu, MDB ölkələri arasında isə 1-ci yeri tutmuşdur.

Sevindirici haldır ki, dünyanın bir çox aparıcı beyin mərkəzləri Azərbaycanın əldə etdiyi uğurları dərindən təhlil və təbliğ edirlər. Bu gün Azərbaycanın siyasi, iqtisadi və sosial modeli nümunə kimi bir sıra nüfuzlu beynəlxalq forum və konfranslarda müzakirə olunmaqdadır.

Biz sabahımızı necə görürük? Bu suala müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət cavab axtaran zaman sadə həqiqətə üz tuturlar - təhsilin keyfiyyəti bizə həyat keyfiyyətimizi dəyişməyə, birgə yaşayışın daha sivil formalarını axtarmağa, düşünməyə yardım etməlidir. Yəni təhsil fenomeni dünyanın yeni inkişaf  trendlərini müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

Müasir təhsil sisteminin yenidən qurulması və islahatlar prosesində, biz bu günümüzlə yanaşı, eyni zamanda, gələcəyin tələblərini də nəzərə almalıyıq. Keçmişimiz nə qədər zəngin olsa da, bu günümüz keçmişin deyil. Bu günümüz gələcəyimizindir. Belə ki, indi təhsil alan nəsillər bir neçə illərdən sonra müstəqil həyata qədəm qoyacaq, bir mütəxəssis kimi fəaliyyətə başlayacaqlar. Parlaq gələcək bu gün reallaşan layihələrin qiymətləndirilməsi, davamlılığı və uğurundan asılıdır.

Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətəndaş formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik bir insan yetişdirməlidir. Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir.

Qeyd olunan hədəflərə nail olunması üçün bir sıra tədbirlər həyata keçirilmiş, təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni yanaşmaların tətbiqi, müasir idarəetmə modelinə keçilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi və bu kimi digər məsələlərə xüsusi diqqət yetirilmişdir. Bu baxımdan 2014-cü ilin ötən dövründə də səmərəli nəticələr qazanılmış, nəticəyönlü islahatlar davam etdirilmiş və ölkə təhsilinin səviyyəsinin yüksəldilməsi istiqamətində təsirli addımlar atılmışdır.

Müvafiq məsələlərin köklü həllini nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş mühüm əhəmiyyətli tədbirlər xüsusilə qeyd olunmalıdır. Belə ki, Dövlət Strategiyasının əsas hədəflərinə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq, hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun, eləcə də insan resurslarının inkişaf etdirilməsi sahəsində bir sıra qərarlar verilmişdir. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji məqamlardır.

Dövlət Strategiyasının Fəaliyyət Planının hazırlanması məqsədilə Təhsil Nazirliyində yaradılmış işçi qrup tərəfindən müvafiq layihə işlənmişdir. Fəaliyyət Planında islahatların məqsədi və strateji istiqamətləri, seçilmiş prioritetlər, onların reallaşdırılması üçün qəbul olunmalı dövlət proqramları, icraya məsul və tərəfdaş qurumlar, aralıq və yekun hədəflər, həmçinin icra dövrü dəqiq şəkildə müəyyən edilmişdir.

Ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini əks etdirən, təhsil islahatlarının daha sistemli aparılması fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyan Dövlət Strategiyası bizə təhsildə indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə və qarşımızda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verir. Bu sənəd cəmiyyətin bütün spektrini və fəaliyyət sahəsini - təhsilverəndən təhsilalanadək, valideyndən təhsili idarə edənədək, infrastrukturdan maliyyə mexanizminədək əhatə edir.

Sənədə uyğun olaraq Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflərdəndir.

Düşünürəm ki, strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır. Bu sənəd, həmçinin təhsilin infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcəkdir.

Bu sənəddə biz biliklər cəmiyyətinin, kreativ təhsil düşüncəsinin, hədəfləri ölçə bilən bitkin fəaliyyət çərçivəsinin və yeni təhsil fəlsəfəsinin ana xətlərini görə bilirik. Burada əsas ehtiva olunan dəyər odur ki, təhsil Azərbaycanın strateji platformasıdır. Bu baxımdan Dövlət Strategiyasının icrası istiqamətində Təhsil Nazirliyi faydalı əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətinə xüsusi önəm verir. Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması prosesində qüvvələr birləşdirilməli və problemlərin həlli yolları birgə araşdırılmalıdır.

Dövlət Strategiyasının qəbulundan sonra Təhsil Nazirliyi tərəfindən təhsilin bütün pillə və səviyyələrini əhatə edən sistemli tədbirlər həyata keçirilib. Dövlət Strategiyasında nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və ümumi təhsil sistemində aktual problemlərin həlli məqsədilə ümumi təhsil məktəblərində həyata keçiriləcək islahatların ən vacib prioritetləri elan olunub. Burada əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə qaldırılmasından ibarətdir.

Strategiyada müəllim amilinə xüsusi yanaşma var. Ümumiyyətlə, təhsildə əsas meyar müəllimlə bağlı olmalıdır. Aydındır ki, nə qədər yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyil. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması, əsasən müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır.

Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfələr verir. Yeri gəlmişkən, qeyd edək ki, təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Yüksək nüfuzlu təhsilverənin formalaşdırılması istiqaməti üzrə həyata keçiriləcək tədbirlər sırasına müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması daxildir. Bu baxımdan təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması, pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması və digər məqamlar da nəzərdən qaçırılmamalıdır.

Bu istiqamətdə, həmçinin müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafına (səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazasında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması və s.) dair bir sıra mühüm işlərin görülməsi də nəzərdə tutulmuşdur.

Ötən dərs ilində ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq növbəti ildən müəllimlərin əməkhaqlarında dəyişiklik olması nəzərdə tutulur. Sınaq qiymətləndirilməsi pedaqoji işçiləri təhsilalanlarla iş üslubunda metodik və kommunikativ yanaşmaları təkmilləşdirməyə  sövq edir. Odur ki, növbəti mərhələdə müəllimlərin sınaq qiymətləndirilməsinin bütün ölkə ərazisində tətbiq olunmasını düşünürük.

Həmçinin müəllimlərin dərs yükünün optimallaşdırılması istiqamətində də islahatlar həyata keçirilmişdir. Ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılmışdır.

Müəllimlərin peşəkar inkişafına xidmət edən tədbirlər genişmiqyaslı xarakter daşıyır və eyni zamanda, müəllim hazırlığı sahəsini də əhatə edir. Müəllimlərin hazırlığı ilə bağlı dəyişikliklər nəticəsində kolleclərdə müəllim hazırlığı planı köklü şəkildə azaldılıb, bu sahədə əsas üstünlük bir neçə ixtisaslaşmış ali  məktəblərə verilib. Burada məqsəd müəllim hazırlığında diqqəti kəmiyyətə deyil, keyfiyyətə yönəltməkdir.

2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma tədbiri həyata keçirilmişdir. Belə ki, müəllimlik ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq edilmişdir. İlk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan, birinci sırada müəllimlik ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər tələbə üçün hər ay 100 manat həcmində əlavə "Gələcəyin müəllimi təqaüdü" təsis edilmişdir.

Strategiyada səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun inkişaf etdirilməsi birinci istiqamət kimi nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübə göstərir ki, təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri kurikulumların ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir.

Elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Çünki səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha səmərəli xidmət göstərir.

Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir. Bu isə müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Məsələn, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Kurikulumlara əsaslanan yeni və alternativ dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması bu sahədə görüləcək mühüm işlərdəndir. Bunlarla bərabər, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması da olduqca vaciddir.

Bütün bunlar bizə o imkanları verməlidir ki, təhsilalan, ilk növbədə, öyrənməyi öyrənsin, yiyələndiyi biliyi bacarıq və vərdişə çevirə bilsin. Məktəb isə müəllim mərkəzli deyil, şagird-öyrənən mərkəzli olsun.

Dərslik yaradıcılığı və nəşri sahəsində gedən prosesləri, dərsliklərin tədrisi zamanı ortaya çıxan problemləri və onların həlli yollarını müəyyənləşdirmək məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verməkdədir. Artıq dərsliklərin hazırlanması üzrə tender bir il əvvəl elan edilir.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda  - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar və təkmilləşdirilmiş nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

Növbəti dərs ili üzrə VIII sinif dərsliklərinin hazırlanması ilə əlaqədar tender bu il elan edilib. Tender proseduru üzrə təqdim edilən dərslik maketləri noyabr-dekabr aylarında qiymətləndiriləcək. Qalib elan olunan dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alınaraq çap ediləcək, dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq.

Növbəti tədris ili üzrə, həmçinin IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklərdən 2016-2017-ci dərs ilində istifadə olunacaq.

Dərslik müəlliflərinin hüquqlarının qorunması və müasir tələblərə cavab verən dərsliklərin hazırlanması üçün onların yaradıcılığa həvəsləndirilməsi, eyni zamanda, dərslik yazılması fəaliyyətinin təşviqini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən dərsliklərin əlavə nəşrindən daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi qərara alınmışdır. Müvafiq gəlirin digər hissəsinin isə dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması nəzərdə tutulmuşdur.

Təhsil Nazirliyi tərəfindən təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaq məqsədilə elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilmişdir. Hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaqdır.

Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaqdır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar. Elektron dərsliklər əyani vəsaitlərin - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətlərinin, rahat istifadə, axtarış sisteminin mövcudluğu və digər üstünlükləri ilə ənənəvi dərsliklərdən fərqlənir.

Son illər ərzində ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsilin normativ-hüquqi, maddi-texniki bazası daha da təkmilləşdirilmiş və möhkəmləndirilmişdir. Bu baxımdan həyata keçirilmiş infrastruktur layihələrini xüsusilə qeyd etmək istərdim. Son 11 ildə 3000-ə yaxın məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur.

Ötən tədris ilində respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27 ümumi təhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur. Bu iş dövlət büdcəsindən ayrılmış müvafiq vəsait hesabına Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir.

Təhsil Nazirliyinin təşəbbüsü ilə təhsilalanların sağlamlığı baxımından müstəsna əhəmiyyət daşıyan "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbinin 15 sinfində pilot olaraq "Sağlam təhsil sinfi" fəaliyyət göstərməyə başlamışdır.

Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Şagird-kompüter nisbəti və təhsil müəssisələrinin internet bağlantısı üzrə göstəricilər xeyli yüksəlmişdir. Sözsüz ki, təhsil müəssisələrində internetə çıxış imkanları daha da genişləndirilməli, təhsildə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi inkişaf etdirilməlidir. Eyni zamanda, müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron məktəb və elektron təhsil şəbəkəsinin genişləndirilməsi məsələlərinə də diqqət artırılmalıdır.

Yeni tədris ilində Bakı və digər şəhər və rayonlarda yerləşən 20 təhsil müəssisəsinin fiber-optik rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışının təmin edilməsi nəzərdə tutulur. Rayonlarda yerləşən 200 təhsil müəssisəsinin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışı təmin olunacaq.

Bu ildən elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsinə başlanılacaq. Belə ki, "Labdisc" laboratoriya avadanlıqlarının milli tədris sistemində tətbiq edilməsi, Azərbaycan dilində açıq təlim resurslarının, təhsil müəssisələrində istifadə üçün müxtəlif fənlər üzrə elektron dərsliklərin yaradılması və "Bulud" sistemi üzərindən yayılması, habelə müxtəlif fənlər üçün elektron resursların hazırlanması da vacib məsələlərdəndir.

"Elektron məktəb" layihəsi çərçivəsində, ümumilikdə 43 məktəb elektron jurnallardan istifadə edir. Cari ildə bunlardan 11-i kağız jurnal əvəzinə tam olaraq elektron jurnaldan istifadəyə keçəcək. Bununla da yalnız elektron jurnallardan istifadə edən məktəblərin sayı 31 olacaq.

Bir sıra sahələrdə, o cümlədən ilk peşə-ixtisas təhsili müəssisələrində son 25 ildə ilk dəfə texniki avadanlıqla, ləvazimatlarla təchizat məsələləri həll olunmuşdur. Belə ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə 11 təlim avtomobili, 30 adda 37 ədəd müasir kənd təsərrüfatı texnikası, əyani və texniki təlim vasitələri verilmişdir.

Peşə təhsilinin inkişafının əsas prioritet olduğu nəzərə alınaraq, bu il ilk-peşə ixtisas təhsili müəssisələrinə qəbul planı əmək bazarının tələbləri araşdırılaraq tərtib edilmişdir.

İlk peşə-ixtisas təhsili sahəsində əsas yeniliklərdən biri də yerli və beynəlxalq təşkilatların dəstəyi ilə ilk dəfə olaraq peşə təhsili müəssisələrinə rəhbər kadrların hazırlanması üzrə xüsusi kursların təşkilidir. Həmin kursların təşkilində əsas məqsəd peşə təhsili müəssisələri üçün idarəetmə sahəsində müasir tendensiyalar haqqında bilik və bacarıqlara sahib olan gələcək menecerlərin hazırlanmasıdır. İlkin mərhələdə təlimlərin Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə etməsi nəzərdə tutulmuşdur.

İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müvafiq işlərə və dövlət-biznes partnyorluğuna əsaslanan layihələr uğurla icra olunur. Təhsil Nazirliyinin həyata keçirdiyi "Müasir Azərbaycan peşəkarları" layihəsi partnyorlarla faydalı işbirliyi şəklində davam etdirilir. Layihə peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsinə və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ümumilikdə, bu sahənin inkişafı Təhsil Nazirliyinin əsas prioritetləri sırasındadır.

"Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları"na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilmişdir. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə vermiş, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanmışdır.

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunmuşdur ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artmışdır.

Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli, 67 nömrəli qərarında dəyişikliklər edilmişdir.

Qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödəniləcəkdir. Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaq.

Məlumat üçün bildirək ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əməkhaqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əməkhaqqı da müvafiq olaraq artacaq.

Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcəkdir.

Qərarda əhəmiyyətli yeniliklərdən biri də ondan ibarətdir ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödəniləcək. Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər.

Təhsil nazirinin əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq edilmişdir. Qaydalara əsasən, ilk dəfə olaraq bu tədris ilində yeni işə qəbul olunanlar "Müəllim andı" içərək fəaliyyətə başlamışlar.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, strateji idarəetmənin tətbiqi, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi kimi hədəflər müəyyənləşdirilmişdir. Həmin hədəflərə nail olunması istiqamətində ilk dəfə olaraq məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə yeni mexanizmin tətbiqinə başlanılmışdır. 547 nəfər pedaqoji kadr müsabiqədə iştirak etmək üçün müraciət etmiş, 3 mərhələli müsabiqə mexanizmi əsasında 50 nəfər seçilib və təlimlərə cəlb olunmuşdur.

Təlimlərin məqsədi peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik məktəb rəhbərlərinin hazırlanması və rəhbər vəzifələrə təyin edilməsidir. Təlimlərdə uğur qazanmış şəxslərdən 15 nəfəri Bakı şəhərinin ümumi təhsil məktəblərində vakant direktor vəzifəsinə təyin edilmişdir. Yeni mexanizm daha da təkmilləşdirilərək geniş səviyyədə tətbiq olunacaq.

Təhsil Nazirliyi bir sıra digər müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan direktorlar və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan direktor müavinləri üçün növbəti təlimlərə start verib.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılmışdır. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılmışdır.

Ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, yeni maliyyələşdirmə mexanizminin tətbiqi sahəsində islahatlar davam etdirilmiş, bu təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən məzmunun yaradılması istiqamətində işlərə başlanılmışdır.

Yeni tədris ilindən ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlamışdır. Ölkənin ali məktəblərindən müvafiq ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbə təhsilini yeni qruplarda davam etdirir.

2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanmışdır. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq.

Bu tədris ilinin II semestrindən tələbələr üçün güzəştli təhsil krediti və qrantları layihəsinə başlanılması planlaşdırılır. Hazırda Təhsil Nazirliyində bununla bağlı iş başa çatmaq üzrədir.

Bu günədək xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 3184 nəfər xaricdə təhsil almaq üçün göndərilmişdir. Bu il seçim prosesində daha çox üstünlük bakalavrdan sonrakı təhsil səviyyələrinə verilmiş və proqramın təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilmişdir. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilmişdir. Bu tələbələr Harvard Universiteti, Oksford Universiteti, HEC Paris, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına öz töhfələrini verəcəklər.

Ölkəmizdə təhsilin inkişafı bizdən, bizim fəaliyyətimizdən, üzərimizə düşən vəzifələri necə yerinə yetirəcəyimizdən birbaşa asılıdır. Əminəm ki, Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır.

 

Mikayıl CABBAROV,

təhsil naziri

 

Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.2.