KİV nümayəndələri cəbhəyanı bölgələrdəki

tədris mühiti ilə tanış oldular

 

Oktyabrın 23-24-də Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə KİV nümayəndələri TovuzQazax rayonlarına səfər etdilər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarət idi. Səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar yaratdı. Media nümayəndələri həmin təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanında yüksək nəticələr qazanmış məzunları haqqında məlumat toplayıb, fədakar əməyi ilə seçilən müəllimlərlə görüşdülər. Ümumilikdə səfər ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin edilməsi işinə xidmət edirdi. 

Qeyd edək ki, ikigünlük səfər çərçivəsində jurnalistlər öncə Tovuz rayonunun Hacallı kəndində yerləşən Milli Qəhrəman Qasım Rzayevin adını daşıyan tam orta məktəbdə oldular. Cəbhə bölgəsində yerləşən məktəbdə KİV nümayəndələri gənclərin çağırışaqədərki hazırlığı və ingilis dili dərslərini izləyib, müəllimlər və kənd sakinləri ilə söhbət etdilər. Məktəbin direktoru Mehriban Rüstəmova Ermənistan silahlı qüvvələri tərəfindən təhsil müəssisəsinin vaxtaşırı atəşə tutulduğunu, müəllim və şagirdlərin həyatı üçün real təhlükə yarandığı haqqında məlumat verdi. Bildirildi ki, ali məktəblərə qəbul imtahanlarında məktəbin məzunlarının 30 faizindən çoxu müxtəlif universitetlərə, o cümlədən də hərbi ali məktəblərə qəbul olunublar.

Tovuz rayon Hacallı kənd orta məktəbinin 11-ci sinif şagirdi Orxan Mehralıyev verdiyi müsahibədə bildirdi ki, cəbhə bölgəsində yaşamalarından asılı olmayaraq böyük ruh yüksəkliyi ilə dərslərə hazırlaşır. Həyata gəldiyi gündən güllə boran səsi altında yaşadığını deyən Orxan artıq bunun adi hal olduğunu qeyd etdi. Bildirir ki, hətta uşaqlarla futbol oynadıqları zaman atışma olarkən həmin oyunu yarımçıq saxlamırlar və öz oyunlarına davam edirlər. Doğma yurdlarını çox sevdiklərini deyən 11-ci sinif şagirdi hazırda ali məktəbə qəbul olmaq üçün çox çalışdığını qeyd etdi.

Daha sonra media nümayəndələri və digər qonaqlar "N" saylı hərbi hissədə olub, Hacallı kənd tam orta məktəbinin X və XI sinif şagirdlərinin gənclərin çağırışaqədərki hazırlığı dərsini izlədilər. Hərbi hissənin zabit və əsgərləri döyüş silahları və hərbi sursatdan istifadə qaydaları haqqında şagirdlərə məlumat verib, onların tətbiqini əyani şəkildə nümayiş etdirdilər.

Səfərin ikinci günü qonaqlar Qazax rayonunda oldular. İlk öncə KİV nümayəndələri Aslanbəyli kəndində 2013-cü ildə qəhrəmancasına həlak olmuş gənc pilot Yaşar Əhmədovun qəbrini ziyarət etdilər. Sonra qonaqlar Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı dərslərini izləyiblər. Şagirdlər hərbi avadanlıq və silah-sursatla davranış bacarıqlarını nümayiş etdirdilər.

Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Elxan Əliyev şagirdlərin hərbi hazırlıq dərsinə ciddi münasibət bəslədiklərini dedi: "Şagirdlər bir sıra silahlar və hərbi avadanlıqlar haqqında məlumatları, onlardan necə istifadə etməyi öyrənməyə böyük həvəs göstərirlər. Bu dərsdə istər oğlanlar, istərsə də qızlar fəal iştirak edirlər".

Məktəbin direktoru Dilqəm Məmmədov bildirdi ki, təhsil müəssisəsində 412 şagirdin təlim-tərbiyəsi ilə 44 müəllim məşğul olur. Məktəbi bitirmiş məzunlardan 24 nəfəri Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizədə həlak olub. Müntəzəm olaraq düşmən tərəfindən atəşkəs pozulsa da bu, şagirdlərin dərsə davamiyyətinə ciddi təsir etmir və təhsil müəssisəsi normal fəaliyyət göstərir.

Rəhbərlik etdiyi məktəbin uğurlarından söz açan D.Məmmədov ötən tədris ilində məzunların 20 faizdən çoxunun yüksək bal toplayaraq müxtəlif aliorta ixtisas təhsili müəssisələrinə, o cümlədən də hərbi ali məktəblərə qəbul olunduğunu söylədi. Təsadüfi deyil ki, təhsil müəssisəsinin məzunları arasında 36 hərbiçi vardır.

Bütün bunlara baxmayaraq, kənd sakinləri əzmkarlığını itirmir, şəxsi təhlükəsizlik qaydaları çərçivəsində normal həyat və fəaliyyətlərinə davam edirlər.

Məktəbdə media nümayəndələrinin diqqətini çəkən şəxslərdən biri də əvvəl məktəbdə müəllim işləmiş, hazırda təqaüddə olan kənd sakinləri Ziyad Nəsibov və Mədət Məmmədov idi. Onlarla söhbət zamanı məlum oldu ki, bu müəllimlər uzun müddət Aslanbəyli kənd orta məktəbində işləyiblər. Ziyad müəllimin 87, Mədət müəllimin isə 82 yaşı var. Diqqətimizi çəkən məqamlardan biriZiyad Nəsibovun  Mədət müəllimə dərs deməsidir. Mədət müəllim 82 yaşı olmasına baxmayaraq, hələ də Z.Nəsibova bir müəllim kimi böyük hörmət və ehtiram bəslədiyini və ondan daim müxtəlif məsləhətlər aldığını nəzərə çatdırdı.

Daha sonra media nümayəndələri Çaylı kəndindəki Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbdə oldular. Məktəbin girişində tədris ocağının şəhid olmuş 29 nəfər məzunu haqqında məlumat verilib.

Məktəbin direktoru Abbas Carçıyev bildirdi ki, təhsil müəssisəsi cəbhəyanı ərazidə yerləşdiyi üçün şagirdlərdə hərbi hazırlıq vəziyyəti yüksəkdir: "Şagirdlərdə vətənpərvərlik hissləri yüksək olduğundan onlar hər an torpaqlarımızı azad etməyə hazır vəziyyətdədirlər. Bununla yanaşı, təhsillərində də yüksək nəticələr nümayiş etdirirlər. Hər il məktəbin bir neçə məzunu 500-600-dən çox bal toplayaraq ali məktəblərə daxil olurlar".

Gənclərin çağırışaqədərki hazırlığı müəllimi, 66 yaşlı Yusif Qocayev məktəblilərin hərbi biliklərə sonsuz maraq göstərdiklərini qeyd edir: "31 ildir bu məktəbdə dərs deyirəm. Bundan sonra da hər zaman gənclərin hərbi hazırlığı işində yaxından iştirak etməyə hazıram. Çünki mən şagirdlərimizin hər birində orduya olan həvəsi, onlarda olan ruh yüksəkliyini görürəm".

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.7.