Beş olimpiada qalibi, üç qızıl medalçı və altı

nəfər 600-dən yüksək bal toplamış məzun

  

Bunlar Balakən rayonu humanitar və texniki təmayüllü liseyin ötən dərs ilində əldə etdiyi uğurların tam olmayan siyahısıdır. Məhz bu uğurlarına görə liseyin adı ilboyu bir sıra rəsmi sənədlərdə və mətbuatda yaxşı mənada hallanıb.

Məsələn, bu ilin martında keçirilən respublika fənn olimpiadalarının finalında Balakən rayonu humanitar və texniki təmayüllü lisey bütövlükdə bəzi şəhər və rayonlara nəsib olmayan yüksək nəticə göstərib: üç qalib və iki həvəsləndirici yer. Belə ki, liseyin XI sinif şagirdi Samirə Qasımova respublika fənn olimpiadalarında Azərbaycan tarixi fənni üzrə I yeri tutub. XI sinif şagirdi Rəvan Əliyev və X sinif şagirdi Tanrıqulu Vəliyev isə həmin fənn üzrə II nəticə göstəriblər. Liseyin  daha iki yetirməsi - XI sinif şagirdi Aytac Əfəndiyeva və IX sinif şagirdi Rəsul Nəbiyev müvafiq olaraq riyaziyyat və fizika fənlərindən həvəsləndirici 4-cü yeri tutublar. Nəticədə haqlı olaraq liseyin adı Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli "2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə" əmrində bu kütləvi bilik yarışının yekun turunda müsbət nəticələri qeyd olunan şəhər, rayon və məktəblərin sırasında çəkilib.

Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında" 11 avqust 2014-cü il tarixli əmrində də Balakənin adı beş dəfə yer alıb. Çünki rayon üzrə 5 nəfər təhsildə xüsusi nailiyyətlərinə görə qızıl medalla təltif olunub. Onlardan üçü humanitartexniki təmayüllü liseyin məzunudur. Bunlar Samirə Qasımova, Könül Rüstəmova və Aytac Əfəndiyevadır. Fikrimizcə, bir bölgə məktəbi üçün bu çox yüksək göstəricidir. Bu baxımdan lisey ölkənin ən yaxşı ümumtəhsil müəssisələri ilə bir sırada durur.

Və nəhayət, 2013-2014-cü dərs ilində liseyi bitirmiş məzunlardan 6 nəfəri TQDK-nın aliorta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Qızıl medalçı Samirə Qasımova 654 balla Qafqaz Universitetinə dünya iqtisadiyyatı ixtisası üzrə, Sevda Mustafayeva 639 balla Dövlət Gömrük Komitəsinin Akademiyasına hüquq ixtisası üzrə, Aygül Hacıyeva 634 balla Azərbaycan Tibb Universitetinə, qızıl medalçı Könül Rüstəmova 624 balla Azərbaycan Dillər Universitetinə, Kərimət Şəkiliyeva 610 balla BDU-ya, Tamara Nəbiyeva isə 604 balla ADU-ya qəbul olunub. Ümumiyyətlə isə, builki qəbul kampaniyası lisey üçün bütövlükdə uğurlu olub. Liseyin 58 məzunundan 56-sı qəbul imtahanlarında iştirak edib və 44-ü tələbə adını qazanıb. Məzunlardan biri Türkiyənin nüfuzlu ali məktəblərindən birinə, 22 nəfəri isə ölkəmizin ali məktəblərinə dövlət sifarişli ixtisaslara qəbul olub.  8 məzun 500-600 bal  arasında  nəticə  göstərib.

Sadalananlar heçliseyin ötən dərs ilində əldə etdiyi uğurların hamısı deyil. Bu qabaqcıl təhsil ocağının şagirdləri ilboyu istər rayon, istərsə də respublika miqyaslı bilik yarışlarında, intellektual oyunlarda fəal iştirak edib. Məsələn, liseyin "Xəmsə" komandası eyni adlı televiziya intellektual yarışmasında zona turunda  qalib olub və 2013-cü ilin dekabrında Naxçıvan şəhərində uğurla çıxış edib.

Təhsil Nazirliyinin müvafiq əmri ilə keçirilən "Nə? Harada? Nə zaman?"  intellektual yarışmasında iştirak edən rayonun məktəbli gənclərdən ibarət komandasının üzvlərinin əksəriyyətini də məhz humanitartexniki təmayüllü liseyin şagirdləri təşkil edir. Xatırladaq ki, komanda bu intellektual oyunun zona yarışlarında I yeri qazanaraq Quba rayonunda keçirilən respublika turunda II yeri tutub.

Bütün bunlar, eləcə də bu kiçik yazıda qeyd edə bilmədiyimiz digər uğurlar, ilk növbədə, liseydə çalışan yüksək peşəkarlığa malik pedaqoji kollektivin, bu kollektivi səriştə ilə qarşıya qoyulmuş hədəflərə istiqamətləndirən liseyin direktoru Şaban Abdullayevin gərgin zəhmətlərinin nəticəsidir.

Möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin ilk qaliblərindən (2007-2008-ci dərs ili) olan liseyin müəllimlərindən Rasim Orucov  "Əməkdar müəllim" fəxri adına layiq görülüb, direktor Şaban Abdullayevbiologiya müəllimi Nəcibə Dibirova isə səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunublar.

Sentyabrda fəaliyyətə başlamasının 20 illiyini qeyd edəcək liseydə hazırda yeni dərs ilinə geniş hazırlıq işləri görülür. Qazanılan uğurların səbəbləri təhlil olunur, onların daha da artırılması üçün yollar aranır. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarında, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qarşıya qoyulmuş strateji hədəflərin əldə olunmasında yaxından və fəal iştirak edən humanitartexniki təmayüllü liseyin kollektivi yeni dərs ilində daha səmərəli çalışmaq, uğurlarını artırmaq əzmindədir.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 5 sentyabr.- S.5.