Pedaqoji prosesdə əxlaqi
münasibətlərin qoyuluşu
Müəllimlərin
etik davranış qaydaları
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli əmri
ilə təsdiq edilmiş "Müəllimlərin etik
davranış qaydaları"nda deyilir: "Müəllimlərin
etik davranış qaydaları təhsilin bütün səviyyələrində
peşə fəaliyyəti zamanı təhsilverənlərin
ümumi davranışını
və təhsil prosesi iştirakçıları ilə
qarşılıqlı münasibətlərini tənzimləyən
normalar məcmusundan ibarətdir".
Müəllimlərin
etik davranış qaydalarına mükəmməl yiyələnməsi
problemi məktəb və pedaqoji fikir tarixində həmişə
aktuallıq kəsb etmiş, nəcib və şərəfli əməyi
ilə insanlara mənəvi çıraq tutan bu sənət
və peşə mücahidlərinin əməli fəaliyyətinə
rövnəq vermişdir.
Həyatın
ritmi və zamanın ahəngi dəyişdikcə müəllim
əməyinin peşə mədəniyyəti, etik
xüsusiyyətləri, mənəvi keyfiyyətləri də
yeni məzmun dəyərləri ilə intişar tapır,
sosial-mədəni həyatın başlıca etalonu olan əxlaq,
davranış münasibətlərini
də yeni mündəricədə tənzimləyir.
Müəllim, hər
şeydən əvvəl, mənəvi cəhətdən
yetkin insan olmalıdır. Bu fikirlə razılaşmayan adam
tapılmaz. Belə ki, pedaqoji prosesdə mənəvi
münasibətlərin məzmunu cəmiyyətdə hökm
sürən əxlaq qaydalarından, həm də onların
müəllim şəxsiyyətində öz əksini tapan
etik-mədəni davranış normalarından çox
asılıdır.
Müəllimin
bilik səviyyəsi, erudisiyası nə qədər zəngin
və mükəmməl texnologiya ilə əhatələnsə
də onun fəaliyyət manerasında ən munis keyfiyyətlər
sistemi olan müəllimin sənət, peşə etikası,
konkret pedaqoji proses təcrübəsində və ondan kənar
yerlərdə təzahür edən etik davranış ustalığı ilə
bağlı cəhətlər də önəmlidir.
Bu
yönümdən müəllim statusunu təkmil üsul və
vasitələrlə möhkəmləndirməyin imkan və
yollarına bələd olmağın ilkin ideya istiqamətləri
milli və ümumbəşəri dəyərlərdən nəşət
tapan pedaqoji etika ilə bağlıdır. Yəni pedaqoji etika-pedaqoji
proses zamanı şagirdlərlə (tələbələrlə)
ünsiyyətdə, davranış və rəftarda əxlaq
normalarına, pedaqoji mərifət və takta müəllimin
(tərbiyəçinin) riayət etməsi, oğlan və
qızlara, ətrafdakı digər şəxslərə
yanaşma mədəniyyəti başa düşülür.
Odur ki, "Müəllimlərin etik davranış
qaydaları" bütün zaman kəsiyində pedaqoji proses
təcrübəsi üçün stimulverici vəsilə
olmuş, müəllimin vicdan, ədalət barometrinə çevrilmişdir.
Bəs bu gün bu qəbildən
olan yeni qaydaları zəruri edən cəhətlər
hansı qanunauyğunluqlardan, tələbatlardan irəli gəlmişdir.
Aydın məsələdir ki, müəllim şəxsiyyətinə
verilən müasir tələblərdən.
Bu
gün müəllim həyatda, cəmiyyətdə, ictimai və
dövlət statuslu məsələlərdə avanqard
mövqe nümayiş etdirən simadır, pedaqoji prosesdə
isə müəllim - sistemləşdirilmiş bilikləri,
bacarıq və vərdişləri, habelə mənəvi
keyfiyyətləri adamlara məqsədyönlü, planlı və mütəşəkkil
aşılamaq yolu ilə cəmiyyətin sonrakı
inkişafına güclü təkan
verən pedaqoji təhsilli mütəxəssisdir.
Özünə,
şagird və tələbələrinə hörmət edən,
pedaqoji etika çərçivəsində onlarla davranan, əxlaqi-mənəvi
normalara daim sadiq qalan ustad müəllim bu gün ətrafda
baş verən sosial-iqtisadi, mənəvi-siyasi hadisələrə
də biganə qala bilməz. O, müntəzəm
olaraq peşə və sənət ülviyyətindəki
gözəlliyi dərk edib, bu adın şərəf və ləyaqətini
yüksək, humanist qayələr, mədəni vərdişlərə
qovuşmaq səyi ilə birləşdirməyə də
qadir olmalıdır. O, ardıcıl olaraq
müəllimlərin etik davranışını səciyyələndirən
radio və televiziya verilişlərinə imkan daxilində
qulaq asmalı, bu səpgidə qəzet və jurnal
materialları ilə tanış olmalı, kitablar oxumalı,
yeri gəldikcə şagirdlərini (tələbələrini)
də tanış etməli, onların yanında
üzüağ olmalıdır. Bunsuz müəllimin
etik davranış qaydaları səmərəsiz olar, pedaqoji
fəaliyyət zamanı onun ustad müəllim keyfiyyətinə
xələl gələr.
Odur ki,
müəllim peşə fəaliyyətində daha mükəmməl
və əzəli olan etik davranış prinsiplərini daim
uca tutmaqla, bu yolda müasir və orijinal təsirə malik tələblər
sisteminə ciddi məhəl qoymalı, etik dəyərlər
paradiqmasının aliliyini, vicdanlılığını,
peşəkarlıq və fərdi
məsuliyyətini, loyallıq səviyyəsini, mədəni
davranış etiketlərini, qərəzsizlik
missiyasını, gender bərabərliyini, ictimai etimad
münasibətliliyini, konfidensiallıq şüurluluğunu
göstərməlidir.
Pedaqoji münasibətlər
çərçivəsində müəllimlərin etik
davranış qaydalarını təkmilləşdirməyə
imkan verən bu ümumi müddəalardan çıxan məntiqi
nəticə odur ki, müəllimin etik davranış prinsipləri
bunların ana xəttini təşkil edir. Pedaqoji proses mərhələlərinin
müvəffəqiyyətlə həyata keçirilməsi həmin
prinsiplərdən çox asılıdır. Bütün
bunları müasir tələblər səviyyəsində
yetərincə reallaşdırmaq üçün müəllimlərin
qarşısında bir sıra didaktik tələblər
qoyulur. Həmin tələblər
aşağıdakılardır:
*Müəllimlərin
etik davranış qaydaları ümumxalq və ümumdövlət
səviyyəsindən dəyərləndirilməli, onun
sosial-mədəni amillərə təsir imkanı nümunəvi
hərəkətlərə çıraq tutmalıdır.
*Müəllim həssas
və qayğıkeş olmalıdır. Müsbət iradi-mənəvi
keyfiyyətlərə, pedaqoji etikaya düzgün əməl
olunması insan hisslərinə ədalətli və obyektiv təsir
edilməsi nəticəsində
formalaşdırılmalıdır.
*Müəllim nəzakətli
olmalıdır. Nəzakətlilik
etik davranış mədəniyyətinin ən zəruri keyfiyyətidir. Nəzakət qaydaları ilə davranış
etiketlərini tənzimləməyi bacarmaq hər bir müəllimin
el-oba, çalışdığı kollektiv, ictimai
münasibətlər məkanında da öz şərəf
və ləyaqətlilik səviyyəsini yüksəldir,
peşə etikasını həyatının vacib məqsədlərinə
çevirir.
*Müəllim prinsipial və obyektiv olmalıdır. Yəni, onun etik səciyyə daşıyan
münasibətlər səviyyəsi ağıllı tələb
əsasında qurulmalıdır. Öz həmkarları
arasında mehriban və səmimi münasibətlərin
yaranmasında peşəkarlıq nümunəsi göstərən
müəllim söz və əməl birliyində də cəsarətlilik
mücəssəməsi göstərməli, bütün fəaliyyət
və hərəkətlərinə ictimai davranış
normaları baxımından hüquqi qiymət verməyi də
bacarmalıdır.
Müəllimlərin etik davranış
qaydalarının məna tutumu mürəkkəb və
çoxplanlıdır, həmçinin onun bir sıra
xüsusiyyətləri vardır.
Bura, hər şeydən əvvəl, uşaqlar, müəllim-cəmiyyət
münasibətləri, sonra isə onlara təsir edən
bütün qalan münasibətləri, yəni valideynlər
- uşaqlar - müəllim, müəllim - pedaqoji kollektiv,
müəllim - cəmiyyət və başqaları daxildir. Bunlar çoxcəhətli olub təhsilalanlarda
baxış sistemini, siyasi mövqe mədəniyyətini,
peşə-sənət professioqramını, zəka və mədəni-intellektual
səviyyəliliyini əhatə edən münasibətlərdir.
Hamısı da sosial mühit və pedaqoji proses təcrübəsində
təzahür edən təlimləndirici, təhsilləndirici
və inkişafetdirici missiyanı ehtiva edən etik qaydalara aid
olub, təkcə şagirdə (tələbəyə) yox, əksər
hallarda müəllimə də təsir edir. Biliklənmə,
savad almaq, elmi inkişaf yolu tutmaq müəllim
üçün nə qədər vacib stimulverici qüvvədirsə,
onun mənəvi dünyası, etik davranışı, əxlaqi
fəzilətləri, peşə, sənət etikası da bir
o qədər önəmli amildir.
Böyük fizik Albert Eynşteyn insan övladının
tarixi təkamül yolunda ictimai əxlaq qaydalarının nə
qədər ümidverici bir zəmin olduğunu xatırlayaraq
yazırdı:
"Bəşəriyyətin gələcəyi
elmi tərəqqinin sabahından bir o qədər asılı
deyil, insani əxlaqın və mənəviyyatın
sabahkı mənzərəsindən asılıdır".
Müəllimin peşə fəaliyyətində
qanunvericiliklə müəyyən olunmuş vəzifələrin
dərk edilməsi və bu sahədə hüquqlarının
təmin olunması ilə əlaqədar qanunauyğun hallara
ciddi əməl etməsi də mühüm etik
davranış qaydasıdır. Xüsusən,
müəllim şəxsiyyəti problematikasının vacib məziyyətlərini
bilmək bu gün çox maraqlı və aktual bir məsələdir.
Yəni müəllimlərin etik davranış
qaydalarını möhkəmləndirməyin aparıcı
istiqamətinə çevrilən ustad müəllimin bu
baxımdan şəxsiyyətini səciyyələndirən
amillərə biz
bu gün məhz milli pedaqogika təbirincə
baxmalı, bu prosesi zənginləşdirməyə imkan verən
bəzi keyfiyyətləri milli və ümumbəşəri
qaynaqlar əsasında mənimsəməliyik. Bu keyfiyyətlərə
aiddir:
*Ustad müəllimin təbliğ etdiyi fikirlərə
uyğun hərəkət etməsi. Davranış
qaydalarında etik səciyyə daşıyan jest və ədalara
dəqiq riayət etməsi, şablon və ehkamçı
yanaşmalara öz hərəkətlərində
düzgün qiymət verməyi bacarması və özündə bu kamil
fəzil keyfiyyətləri birləşdirməsi.
*Davranış, etik münasibətlərlə
bağlı söhbət və müsamirələrdə,
görüşlərdə, danışana diqqətlə qulaq asmaq
şakərini özünütəkmilləşdirmə yolu
ilə həyatının aparıcı leytmotivinə
çevirməsi.
*Müəllimlərin etik davranış qaydaları
sırasında onun şəxsiyyətyönümlü
kompleks tədbirlər zamanı diqqətcil və
xeyirxahlıq mövqeyində dayanması pedaqoji prosesin düzgün tənzimlənməsinə
mənəvi qida verməsi və bu yolda xeyirxahlıq hissinin
ağıllı tələblərlə vəhdətinin təmin olunması
qayğısına qalması.
*Ustad müəllimin təmənnasız köməkliyinin
onun şəxsiyyətini səciyyələndirməsi, ona əməli
işində parlaq nümunə olması və pedaqoji fəaliyyətinin
ayrılmaz tərkib hissəsinə çevrilməsi.
Müəllim davranış mədəniyyətində
daima haqq və ədalətlilik nümunəsi göstərməli,
gördüyü xeyirxah işdən maddi təmənna
ummamalı, şagirdin (tələbənin) həyatına mənəvi
çıraq tutmaqda, ona güzəştsiz mövqe
qazanmağı öyrətməklə yanaşı, yeri gələndə
təmənnasız kömək səyini də ondan əsirgəməməlidir.
Müəllimlərin etik davranış
qaydalarını ehtiva edən, onun şəxsiyyəti ilə
bağlı maddələr içərisində peşə,
ixtisas, vəzifə məsuliyyəti də qabarıq şəkildə
öz əksini tapmışdır. Yeni "Qaydalar"da
göstərilir ki, "Müəllim bilərəkdən
yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı
naminə həmkarının əməyini pisləşdirən
və ya yaxşılaşdıran məlumat verilməsinə
görə qanunvericilikdə nəzərdə tutulmuş
qaydada məsuliyyət
daşıyır. Müəllim təhsil
müəssisəsinin əmlakından səliqəli və səmərəli
istifadə edir, onu qoruyur. Müəllim təhsil
müəssisəsinə məxsus əmlakdan (sinif
otağı, tədris resursları, telefon, kompüter, mebel və
s.) şəxsi maraqları üçün istifadə etmir.
Müəllim icra və əmək intizamına riayət edir,
iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən
işdən yayınmır. Müəllim şəxsi
həyatında milli əxlaq, ictimai davranış
normalarına riayət edir".
Pedaqoji prosesdə müəllim-şagird
(tələbə) münasibətlərinin inkişaf etdirilməsi
işinin ağırlığı, məsuliyyəti müəllimin
üzərinə düşür. Müəllim,
hər şeydən əvvəl, öz davranışına,
mədəni rəftar normalarına, sərt, lakin
düşünülmüş addımlarına, etik-mənəvi
yanaşmalarına ciddi fikir verməli, "yüz
ölçüb, bir biçməli", öz hərəkətlərinə
düzgün münasibət bəsləməlidir. Əlbəttə, "Qaydalar"la tənzimlənən
bu didaktik tələblərdə münasibətlər kredosu
konkretləşir. Onun müasir prinsipləri
təhsilalanlarla, kollektivlə, rəhbərliklə valideyn və
qanuni nümayəndəliklərlə, müəllim və cəmiyyətlə
təmasda, vətəndaş cəmiyyəti və vətəndaşlıq
tərbiyəsinə münasibətlər yönümündən
daha çox təqdir olunur.
Göstərilir ki, "Müəllim vətəndaşlıq
borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət
üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini
qorumalı və mənfi təsir altına düşməməlidir".
Müəllimə məhəbbət və
həqiqi hörmət ruhu hər bir cəmiyyətə, ailəyə,
ictimai qurumlara, sosial-mədəni təsisatlara hakim kəsilməlidir. Həm
valideynlər, həm böyüyən nəsil nümayəndələri
öz mənəvi və ictimai tərəqqi məfkurələrinin
zənginləşməsində, bu sahədə onlara
ağıl, davranış tərbiyəsi yolu ilə
qapılar açan hər bir müəllimə bütün
ömürləri boyu minnətdarlıq edirlər.
Azərbaycan bu gün dünyada yeganə
ölkədir ki, peşəsindən asılı olmayaraq xalq
arasında sayılıb seçilən şəxsə
müraciət edəndə "Müəllim"
sözü dilə gətirilir.
Hətta əsl mütəxəssislərə,
pedaqoqlardan bəzilərinə "professor",
"akademik" elmi adı ilə müraciət edəndə
belə, onların əksəriyyəti müəllim
adının nüfuz və ləyaqətini daha çox
etibarlı bilib, onlara məhz bu
tərzdə müraciət olunmasını xahiş edirlər.
Respublikamızın rayon və şəhərlərində
fəaliyyət göstərən və müxtəlif cəhətdən
nümunəvi iş təcrübəsi olan qabaqcıl müəllimlərimiz
çoxdur. Müəllim andına sadiq qalaraq bu şərəfli
peşəni öz həyatının mənası bilən
xalq müəllimləri təkcə pedaqoji prosesdə deyil, elə
xalqın arasında da başbilən,
el ağsaqqalı, nəcib insan kimi tanınırlar.
Azərbaycan xalqı yalnız diplomu olan,
valideynin cibinə baxan, şagirdə (tələbəyə)
öyrənməyi öyrədə bilməyən, daim
şagirdi (tələbəni) günahkar hesab edən,
özündə nöqsan görmək istəməyən
şəxsi müəllim hesab etmir. Belələri müəllim
adına yalnız ləkə gətirən,
şagirdlərin və tələbələrin tərbiyəsinə
düzəldilməsi çətin olan, zərbə vuran, cəmiyyətin
inkişafını ləngidən şəxslər hesab
olunur. Öz dövrünün ideoloji konsepsiyalarına sinə
gərən, böyük yazıçı, milli poeziyamızın
bayraqdarı ölməz şairimiz Səməd
Vurğunla əbədi dostluq meracı quran yazıçı
A.Fadeyev vaxtilə yazırdı: "Müəllim! Nə
gözəl sözdür!.. Hər
bir uşağın oxuduğu bizim ölkəmizdə müəllim
birinci adamdır. Uşaqlarımızın
gələcəyi, xalqımızın gələcəyi
müəllimin əlində, onun qızıl qəlbindədir.
Onu küçədə görən kimi, beş-on metr
qalmış biz ona hörmət əlaməti olaraq
papağımızı çıxarmalıyıq...". Eləcə də şərh etdiyimiz
problem baxımından "Müəllimin andı" ifadəsi
ilə təsbit olunmuş yeni
davranış "Qaydalar"ında çox düzgün
olaraq bəyan edilir ki, "And Azərbaycan Respublikası ilə
müəllim arasında açıq hüquqi borc və sədaqət
münasibətlərini təsdiq edir... Andiçmə
təntənəli şəraitdə Azərbaycan
Respublikasının Dövlət bayrağı altında Azərbaycan
Respublikasının Konstitusiyasına əl basmaqla həyata
keçirilir".
Odur ki, istər ailə, məktəb münasibətlərində,
istərsə də cəmiyyət-müəllim təmaslarında
müəllim andının misilsiz təsir gücündən
faydalanmaq ümumxalq və ümumdövlət səciyyəli bir işdir.
Müəllim birmənalı olaraq sosial-ətraf
mühitdə və pedaqoji proses təcrübəsində
öz üzərinə düşən etik davranış
qaydalarına riayət olunmasının təminatçısı
olmalı, öz peşəkar fəaliyyətində həmkarlarının
davranışının bu "Qaydalar"a uyğunluğuna
nəzarət etməli və onun geniş təhlilini
aparmalıdır.
Bunu isə bizdən həyatın
özü tələb edir.
Vidadi BƏŞİROV,
ADU-nun pedaqogika kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2014.- 12 sentyabr.- S.7.