Unudulmaz müəllim
15 sentyabr bilik günüdür
Müəllimliyi səadətə
aparan bir alın
yazısı, məktəbi hamının ümidlə üz tutduğu müqəddəs
ziyarətgah sayanlar daha
tez seçilir və
hamının sevimlisinə çevrilir. Rafil müəllim
kimi.
Öz ömrünü şam kimi gilə-gilə əridib təlim-tərbiyəsi
ilə məşğul olduğu
şagirdlərinin yollarına işıq salan
qayğıkeş, həssas, eyni zamanda zabitəli, təmkinli, yetişdirdiyi
gənclərin öz savadları, həyatdakı
fəaliyyətləri ilə xalqa, millətə,
el-obaya gərəkli övladlar
olmasına çalışan müəllimlərdən danışanda göz önündə məhz Rafil müəllimin nurlu
siması canlanır.
Rafil Cəlal oğlu İmanov 1949-cu ildə Goranboy
rayonunun Faxralı kəndində sadə kəndli
ailəsində anadan olub.
O, 1966-cı ildə Faxralı kənd məktəbində
təhsilini başa vurduqdan
sonra Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil
olub. 1970-ci ildə Balakəndə ilk pedaqoji fəaliyyətə
başlayan R.İmanov
1977-ci ilədək bu rayonda
əvvəl müəllim, sonra isə direktor müavini vəzifəsində
çalışıb. 1978-ci ildən pedaqoji
fəaliyyətini Bakı şəhərinin müvafiq
olaraq 116, 48, 287, 245 nömrəli məktəblərində
davam etdirib.
1991-1992-ci illərdə
"Gələcək zəkalar" liseyini
yaradıb. 1992-1993-cü illərdə Xətai Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində
çalışıb. 2006-cı ildən ömrünün
sonunadək 287 nömrəli "Zəkalar" liseyində riyaziyyat müəllimi işləyib.
Rafil müəllim həmişə özünün
qabaqcıl pedaqoji təcrübəsi ilə
fərqlənib, gənc müəllimlərə metodik köməyini əsirgəməyib,
müəllim adının şərəfini daim
uca tutub, sözün əsl mənasında ziyalı,
savadlı gənclərin yetişməsində xüsusi xidmətləri olub.
Rafil müəllim
haqqında "O, ensiklopedik biliyə malik bir şəxsiyyət
idi" ifadəsini işlətmək çox yerinə düşər. Hərtərəfli
biliyə, geniş
dünyagörüşünə malik idi -
kimyaçı ilə kimyaçı, bioloq
ilə bioloq, bağban
ilə bağban. Ədəbiyyatı isə
lap çox sevirdi. Bu, Rafil
müəllimin daxili dünyasından gələn
bir istək idi. Deyirdi: "Yəni elə insan
olar ki, öz dilini, tarixini, ədəbiyyatını bilməsin?
Əgər biz vətənimizi və
xalqımızı seviriksə, doğma
dilimizə, bu dildə səslənən ədəbi
nümunələrimizə necə xor baxa bilərik? Bunu əcdadlarımız
bizə bağışlamaz". O qədər şeir, qəzəl bilirdi
ki. Sinədəftər idi. Şair və
yazıçıların həyat və
yaradıcılığını
yaxşı bilirdi. Sədi, Şəhriyar,
Nəsimi onun dilinin əzbəri
idi. Yəqin yeganə oğlunun
adını "Sədi" qoyması da
bu sevginin nəticəsi
idi. Şagirdlərinə də şeir əzbərlətməyi sevərdi. Hərdən
xoşuna gələn bir
şeirin surətini
çıxartdırıb onlara paylayar və əzbərləməyi
tapşırardı.
Müəllimlik onun üçün həyatda
ən böyük xoşbəxtlik demək
idi. Rafil İmanovun fəaliyyətinin əsasını
yaxşı mənada rəqabət, pedaqoji
əməkdaşlıq, şagirdlərində özünəinam
yaratması təşkil edirdi. "Pis şagird yoxdur, ona düzgün
yol göstərə bilməyən müəllim
var" deyirdi. Onun xakterində geri
çəkilmək yox idi.
Bunu ətrafındakılara da aşılayırdı.
O, hər
il "Zəka" yarışını
keçirərək Azərbaycanın ayrı-ayrı bölgələrindən
istedadlı uşaqları tapıb üzə
çıxarır, onlara riyaziyyatla
yanaşı, həm də düşünməyi, analiz etməyi, həyatda uğur
qazanmağın, qalib gəlməyin
yollarını öyrədirdi.
Təsadüfi deyil ki, Rafil
İmanovun yetirmələri riyaziyyat olimpiadalarının rayon,
şəhər və respublika
turlarında, eləcə də digər bilik
yarışlarında, intellektual televiziya oyunlarında həmişə fərqləniblər.
Onun dərs
dediyi məzunlar ali məktəblərə
qəbul imtahanlarında daim böyük uğur
qazanıblar. İndi onun
dərs dediyi gənclərin səsi təkcə
Azərbaycanın deyil, eyni
zamanda Türkiyə, Almaniya,
İngiltərə, Fransa, Rusiya,
Amerika və digər ölkələrin ən
nüfuzlu ali təhsil
ocaqlarından gəlir. Rafil müəllimin
30 nəfər şagirdi Prezident
təqaüdünə layiq görülüb, 150 nəfərə
yaxını ali məktəblərə qəbul
imtahanlarında 600-dən yuxarı bal
toplayıb. Bu tədris ilində 3 nəfər
qızıl medal alan
və 2 nəfər 700 bal toplayan
məzun da məhz onun
zəkasının nurundan bəhrələnib.
Rafil müəllim şagirdlərinin hər uğuruna uşaq kimi sevinirdi. Onları daha böyük nailiyyətlərə
ruhlandırırdı. Çox təvazökar,
böyük ürək sahibi
idi. Heç vaxt deməzdi ki, mənim əməyimin
nəticəsidir, deyərdi ki, şagird özü
qabiliyyətlidir.
Metodist və ali
kateqoriyalı müəllim olan R.İmanov 1992-2001-ci illərdə TQDK-da ekspert kimi çalışıb. O, 20-dən
artıq elmi-metodik məqalənin müəllifidir.
Dəfələrlə "Çevrə"
jurnalında və "Azərbaycan müəllimi" qəzetində
məqalələri çap olunub. 2008-ci ildə şagirdləri ilə
birlikdə əyləncəli "287 - Zəkalar" adlı
kitabı, 2010-cu ildə "Həndəsənin inciləri"
və "Sahələr metodu"
kitabçalarını hazırlayaraq çap
etdirib. R.İmanov
riyaziyyat dərsliklərinin
hazırlanmasında da yaxından iştirak edib.
Sözün əsl mənasında gözəl insan, müəllim və ziyalı olan Rafil müəllim
"Zəkalar" liseyini yaratmaqla
vətəni və xalqı qarşısında ən böyük xidmətini göstərib.
Qeyd etmək lazımdır ki,
Rafil İmanovun fədakar
əməyi dövlətimiz tərəfindən layiqincə
qiymətləndirilib. 2013-cü ildə o,
"Azərbaycan Respublikasının əməkdar müəllimi"
fəxri adına layiq görülüb.
Çox təəssüf ki,
xalqının övladlarının savadlanması yolunda yorulmadan, bütün qüvvəsini səfərbərliyə
alaraq əzmlə çalışan belə
bir ziyalı artıq aramızda yoxdur. Ətrafındakıların yolunu aydınladan bir
işıq idi Rafil
müəllim. İnanırıq ki, bu işıq heç vaxt sönməyəcək,
Rafil müəllimin şagirdlərinin qəlbini
daim nura boyayacaq.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2014.- 12 sentyabr.- S.8.