Təhsil Şurası İmişlidə

elmi-təcrübi konfrans keçirib

 

Sentyabrın 6-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Təhsil Şurası İmişli Rayon Təhsil Şöbəsi ilə birgə təcrübə mübadiləsi məqsədilə "Təlim keyfiyyətinin yüksəldilməsi problemi" mövzusunda elmi-təcrübi konfrans keçirib. Qeyd edək ki, Azərbaycan Təhsil Şurası bu mövzuda konfransı ötən dərs ilinin əvvəlində Şirvan şəhərində keçirmiş və müəllimlərin geniş marağına səbəb olmuşdu. Konfransda Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov, şöbənin müdir müavini Vahid Tağıyev, Təhsil Şurası idarə heyətinin üzvləri, Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə, Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin müəllimi Sevinc Niftiyeva, eləcə də Təhsil Şurasının Saatlı, Sabirabad, Şamaxı, Salyan, Neftçala, Hacıqabul, İmişli rayonlarından olan üzvləri, qabaqcıl müəllimlər, təhsil işçiləri iştirak ediblər.

Konfransı giriş sözü ilə İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov açaraq tədbirin təhsilimiz üçün aktual bir mövzuya həsr edilməsinin və İmişli rayonunda keçirilməsinin rayon müəllimləri üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb, konfransın işinə uğurlar diləyib.

Təhsil Şurasının sədri, professor Əjdər Ağayev "Təlim keyfiyyətinin yüksəldilməsi: nailiyyətlər, problemlər" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi öncə İmişlinin təhsil sahəsində ənənələri olduğunu, konfransın da məhz bu ənənələrlə bağlı İmişlidə keçirildiyini söyləyib. O, habelə tədbirin Heydər Əliyev Mərkəzində keçirilməsinin də mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və vurğulayıb ki, ulu öndər Heydər Əliyev Təhsil Şurasının yaradıcısı və fəaliyyətinin ideya müəllifidir.

Əjdər Ağayev şuranın bu mövzuda  keçirdiyi silsilə tədbirlərin təlim keyfiyyətinin yüksəldilməsinə dəstək olmaq, müəllimlərin, məktəblərin təcrübəsini öyrənmək və yaymaq məqsədini daşıdığını, respublikamızın qabaqcıl müəllimlərinin Təhsil Şurasının bu qayəsini rəğbətlə qarşıladıqlarını bildirib. Ə.Ağayev deyib: "Son bir ildə ölkəmizdə təhsil quruculuğu sahəsində mühüm işlər görülmüşdür. Təhsildə həyata keçirilən hər bir işin önündə, şübhə yoxdur ki, müəllim dayanır. O şagird xoşbəxtdir ki, yaxşı müəllimdən dərs alıb. Təlimin keyfiyyətinin yüksəldilməsinin ən mühüm amillərindən biri pedaqoji kadrdır. Biz müəllimlər bilirik ki, pedaqoji işdə vacib olan əsas şərtlərdən biri öz biliyini ötürə bilmək bacarığıdır. Müasir dövr texnologiyaların inkişaf etdiyi dövrdür. Bu günün müəllimi texnologiyalardan istifadə etməyi bacarmalıdır. Amma müəllim texnologiyaları təlim prosesinə elə tətbiq etməlidir ki, şagirdində həyati bacarıqlar formalaşdıra bilsin, şagirdini inkişaf etdirə bilsin. Təkcə intellektual baxımdan deyil, eyni zamanda, şagirdinin mənəvi inkişafına, onun bir insan olaraq kamilləşməsinə nail ola bilsin. Texnologiya nə qədər inkişaf edirsə etsin, onu düzgün istiqamətə yönəldən müəllim yoxdursa, uğur əldə etmək çətin olacaqdır".

Professor Əjdər Ağayev daha sonra son illər ölkəmizdə təlimin keyfiyyətinin yüksəldilməsi sahəsində atılan addımlardan bəhs edibbütün bunların tezliklə öz bəhrəsini verəcəyinə inandığını söyləyib.

Elmi-təcrübi konfransda daha sonra "Təhsil və zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllı "Qabaqcıl təcrübə "Təhsil və zaman" qəzetinin səhifələrində", Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə "Təhsil Şurasının "Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi" layihəsinin təlim keyfiyyətinin yüksəldilməsinə təsiri", Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin müəllimi Sevinc Niftiyeva "Açıq dərslərin sistemli təşkili təlim keyfiyyətinin yüksəldilməsində mühüm vasitələrdən biri kimi", Salyan şəhər 1 nömrəli humanitar təmayüllü məktəb-liseyin müəllimi, əməkdar müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Zabul Əhmədov "İKT-dən səmərəli istifadənin təlim keyfiyyətinin artırılmasında rolu", Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hüsniyə Əkbərova "Yaz" mövzusunda açıq dərs", həmin məktəbin coğrafiya müəllimi Sevil Quliyeva "Təlim keyfiyyətinin yüksəldilməsində ekskursiyaların rolu", Şirvan şəhər 9 nömrəli tam orta məktəbin direktor müavini Mətanət Baxışova "Təlim keyfiyyətinin yüksəldilməsində valideyn-məktəb əməkdaşlığının rolu", Neftçala rayon Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi, əməkdar müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Seyran Səfərov "İstedadlı şagirdlərlə işin təşkili təcrübəsindən" mövzularında çıxış ediblər. İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyev konfransda rayonun təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Elmi-təcrübi konfransın sonunda yeni dərs ili qarşısında Azərbaycan müəllimlərinə müraciət qəbul olunub. Müraciəti səsləndirən professor Əjdər Ağayev bildirib ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin sərəncamları, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsilimizdə fundamental işlər həyata keçirilir. Azərbaycan təhsili dünya təhsil arenasında tanınmağa başlayır. Ölkəmizdə hərtərəfli diqqətçəkən inkişaf göz önündədir. Təhsil sahəsində də yeniliklər çoxdur. O, Azərbaycanın bütün müəllimlərini təhsilimizdə həyata keçirilən yenilikləri, texnologiyaları mükəmməl şəkildə mənimsəməyə, onu təlim prosesinə daha uğurla tətbiq etməyə, bununla da daha böyük nailiyyətlər əldə etməyə səsləyib. Sonda tədbirdə çıxış edən müəllimlərə sertifikatlar təqdim olunub. 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 12 sentyabr.- S.8.