Universitetin güclü
tədqiqat mərkəzinə
çevrilməsi əsas prioritetlərimizdən
biridir
Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət
Muradovla müsahibə
* 2014/2015-ci tədris ilində
ADİU-ya daxil olan 3273 tələbənin 12 nəfəri 650-dən
çox bal toplayıb. Bu göstərici ötən ilə
nisbətən 2 dəfədən də çoxdur. 93 tələbə 600-dən
çox bal toplayıb. Ötən il isə 600-dən çox bal toplayan tələbələrin
sayı 49 nəfər olub. 500-dən çox bal
toplayan tələbələrimizin sayı 669 nəfərdir,
ötən il isə 357 nəfər olub. Ən yüksək bal - 680 bal toplayan tələbəmiz Emil
Alıyev Prezident təqaüdünə layiq
görülüb.
* ADİU-da ənənəvi statik
mühazirə-məşğələ təhsil modelindən
dinamik interaktiv dərslərə keçid başlayıb.
* Universitetimizdə insan
resurslarının müasirləşdirilməsi istiqamətində
böyük işlər görülür - xarici universitetləri
bitirmiş, kreativ düşüncəli gənc müəllimlər
tədrisə cəlb olunur, müəllimlərin diferensial əməkhaqqının
yaradılması və tətbiqi üzrə real addımlar
atılır, professor-müəllim heyəti üçün
xarici dil kursları təşkil edilir, ixisasartırma
kurslarında və təlimlərdə fəal iştirakı
üçün lazımi təminat verilir.
* ADİU-da İnnovativ
Biznes-İnkubator təsis edilib və bu layihə ölkə
Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan
Gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı"nda nəzərdə tutulan respublikada ilk təcrübədir.
* "SABAH" qruplarına qəbul
olunan 738 tələbədən 225 nəfəri təhsillərini
davam etdirmək üçün İqtisad Universitetini
seçiblər.
* ADİU dünyanın 32 ölkəsinin
92 universiteti ilə ikitərəfli əməkdaşlıq
müqaviləsi imzalamışdır.
* 2013/2014-cü tədris ilinin
sonuna olan məlumata əsasən, ADİU-da dünyanın 21
ölkəsindən 282 nəfər əcnəbi tələbə
təhsil alır. Əcnəbi tələbələrimiz
arasında Türkiyə, Gürcüstan və Rusiyadan olan tələbələr
üstünlük təşkil edir.
* Tərəfdaş olduğumuz beynəlxalq
proqramların ən uğurlusu kimi "TEMPUS"
proqramını qeyd etmək olar. Belə ki, ADİU IV Mərhələ
6-cı çağırış "TEMPUS" proqramı
çərçivəsində koordinator qismində 3 müxtəlif
layihə hazırlayıb təqdim etmişdir. Sevindirici
haldır ki, ADİU-nun "Beynəlxalq əlaqələr sahəsində
universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi"
mövzusunda "TEMPUS" layihəsi Avropa Komissiyası tərəfindən
qalib elan olunmuşdur və Layihənin icrası
üçün 654.000 avro məbləğində qrant
ayrılmışdır. Bununla da ADİU ilk dəfə
olaraq "TEMPUS" proqramının qalibi olmuşdur.
- Cənab
rektor, sizi və rəhbətlik etdiyiniz kollektivi yeni dərs
ilinin başlanması münasibətilə təbrik edir və
ilk sualımızı da bununla bağlı
ünvanlandırmaq istəyirik: Universitet yeni dərs ilinə
hansı nailiyyətlərlə başlayır?
- Ən böyük nailiyyətimiz onu hesab
edirəm ki, bu il universitetimizə yüksək
balla qəbul olunan tələbələrin sayı artıb.
2014/2015-ci tədris ilində ADİU-ya daxil olan 3273 tələbənin
12 nəfəri 650-dən çox bal
toplayıb. Bu göstərici ötən ilə
nisbətən 2 dəfədən də çoxdur. 93 tələbə
600-dən çox bal toplayıb. Ötən
il isə 600-dən çox bal toplayan tələbələrin
sayı 49 nəfər olub. 500-dən çox bal
toplayan tələbələrimizin sayı 669 nəfərdir,
ötən il isə 357 nəfər olub. Ən yüksək bal - 680 bal toplayan tələbəmiz Emil
Alıyev Prezident təqaüdünə layiq
görülüb.
-
Artıq bir ilə yaxındır ki, ölkə Prezidenti tərəfindən
"Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" qəbul olunub. Ali təhsilin
inkişafı ilə bağlı Strategiyada göstərilən
hədəflərə çatmaq üçün universitetdə
hansı addımlar atılır?
- Qeyd etmək lazımdır ki, cənab
Prezident İlham Əliyev tərəfindən təsdiq
edilmiş "Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" çox əhəmiyyətli və gələcəyə
yönəldilmiş bir sənəddir. Strategiyada
müəyyən olunmuş məqsədlər, vəzifələr,
istiqamətlər, hədəflər və konkret tədbirlər
milli təhsil sisteminin keyfiyyətli və dinamik
inkişafı üçün fundamental əsasları və
platformanı təşkil edirlər. Dövlət
Strategiyasının reallaşması çərçivəsində
Azərbaycan Dövlət İqtisad Universitetində kompleks,
sistemli, ardıcıl tədbirlər və islahatlar həyata
keçirilir. İlk növbədə, bütün
ixtisaslar üzrə tədris planlarına yenidən
baxılıb və onların dünyanın qabaqcıl
universitetlərinin tədris proqramlarına
uyğunlaşdırılması istiqamətində zəruri
işlər aparılıb, bütün tədris
binalarında vahid müasir İKT texnologiyaları ilə təchiz
olunmuş təlim infrastrukturu yaradılıb, interaktiv dərslərin
təşkili, tədris prosesinin elektron resurslarla təmin edilməsi
üzrə geniş hazırlıq işləri
aparılmışdır. Strategiyanın birinci
istiqaməti - şəxsiyyətyönümlü təhsil məzmununun
yaradılmasıdır. ADİU-da ənənəvi
statik mühazirə-məşğələ təhsil modelindən
dinamik interaktiv dərslərə keçid başlayıb, nəticədə
müəllimlər və tələbələr tədris
prosesinin bərabər fəal iştirakçılarına
çevriləcək, bütövlükdə isə təhsilin
keyfiyyəti əhəmiyyətli dərəcədə
artacaq.
Universitetimizdə insan resurslarının müasirləşdirilməsi
istiqamətində böyük işlər görülür
- xarici universitetləri bitirmiş, kreativ düşüncəli
gənc müəllimlər tədrisə cəlb olunur, müəllimlərin
diferensial əməkhaqqının yaradılması və tətbiqi
üzrə real addımlar atılır, professor-müəllim
heyəti üçün xarici dil kursları təşkil
edilir, ixisasartırma kurslarında və təlimlərdə fəal
iştirakı üçün lazımi təminat verilir.
İqtisad Universitetində şəffaf və
səmərəli idarəetmə mexanizminin yaradılması
istiqamətində də tədbirlər
reallaşdırılır. Belə ki, ADİU-da
hər ay "Açıq qapı" günü
keçirilir, hər həftə tələbələrin və
əməkdaşların qəbulu aparılır, mütəmadi
olaraq sosial şəbəkələrdə rektorun birbaşa
kommunikasiya xətti təşkil edilir və tələbələrin
bütün sualları onlayn rejimində
cavablandırılır. Həmçinin,
ADİU-da "qaynar xətt" xidməti yaradılıb.
Bu xidmətdən iradı, şikayəti və
təklifi olan hər kəs istifadə edə bilər.
-
Universitetdə aparılan kadr islahatları haqqında nə
deyə bilərsiniz?
- Bu gün Azərbaycan təhsil sistemində, xüsusilə
də onun ali təhsil pilləsində
çox ciddi islahatlar gedir və bu prosesin qarşıdakı
illərdə də davam edəcəyi gözlənilir. Bizim
universitetimizdə apardığımız kadr islahatları da
məhz ölkə ali təhsil sistemində
həyata keçirilən bu islahatların tələblərinə
daha yaxşı cavab vermə istəyimizdən irəli gəlir.
- Ali təhsil
ocağının əsas strateji məqsədi ADİU-nun
elmi-innovasiya universitetinə çevrilməsidir. Bu istiqamətdə universitetin qarşısında
hansı məsələlər prioritet sayılır?
- "Təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"ndan
irəli gələn yeni vəzifələri rəhbər
tutaraq ADİU-nun yenilənmiş strateji inkişaf
proqramının hazırlanmasına və qəbul edilməsinə
ehtiyac var. Bu sənədin hazırlanması üzrə
peşəkar işçi qrup yaradılıb və qısa zamanda
yenilənmiş strateji plan ictimaiyyətimizə təqdim
olunacaq. Əlbəttə ki, ADİU-nun
güclü tədqiqat mərkəzinə çevrilməsi -
əsas prioritetlərimizdən biridir. Universitetin
dünya reytinqlərində yeri birinci növbədə onun
akademik gücündən, aparılan elmi-tədqiqat işlərindən,
indeksli jurnallarda çap olunmuş məqalələrdən
asılıdır. Bizim də universitet
olaraq əsas hədəfimiz - Times Higher Education və QS kimi
nüfuzlu akademik reytinqlərə düşməkdir. Biz yaxşı başa düşürük ki,
İqtisad Universiteti sahəvi tədris müəssisəsidir
və bir elmi istiqamət üzrə (iqtisadiyyat) fundamental elmlərlə
müqayisədə impakt təsirli jurnalların sayı o qədər
də çox deyil. Lakin bu hədəfə
çatmaq üçün bütün səylərin və
işlərin aparılmasına hazırıq. Bununla
yanaşı, universitemizdə elmi tədqiqatlarla tədris
prosesinin sıx inteqrasiyasının təmin edilməsi,
ekspert-konsaltinq xidmətinin yaradılması,
iqtisadyönümlü qanunvericilik prosesində fəal iştirakı, universitetin
yeni elmi biliklərinin innovasiya sahibkarlığı ilə
bağlığını əks etdirən keyfiyyətcə
yeni sisteminin formalaşdırılması, sosial-iqtisadi
inkişaf sahəsində dövlət qərarlarının
elmi əsaslandırılmasında fəal iştirakı
istiqamətində müvafiq işlər aparılır.
ADİU-da İnnovativ Biznes-İnkubator təsis
edilib və bu layihə ölkə Prezidenti tərəfindən
təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı"nda nəzərdə tutulan
respublikada ilk təcrübədir. İnnovativ
Biznes-İnkubatorun əsas məqsədi - tələbə
startapların yaradılması və universitemizin
professor-müəllim heyətinin innovativ layihələrə
cəlb edilməsidir.
Hazırda İqtisad Universitetində bir
sıra innovativ layihələr reallaşmaqdadır - yeni
internet sayt-portalının yaradılması, elektron sənəd
dövriyyəsi sisteminin tədbiqi, "Elektron Universitet"
layihəsi, keyfiyyətli menecment sisteminə keçid, smart
(ağıllı) təlim və idarəetmə
infrastrukturunun qurulması.
- Keyfiyyətli
təhsilin təmin olunması məqsədilə professor-müəllim və tədris-köməkçi
heyəti arasında hansı stimullaşdırıcı tədbirlər
nəzərdə tutursunuz?
- Universitetimizdə kadrlarımızın əmək fəaliyyətinin
stimullaşdırılması bizim üçün prioritet məsələlərdəndir.
Ancaq biz bu məsələnin həllinə
kompleks yanaşmanın tərəfdarıyıq. Doğrudur, əməyin
stimullaşdırılmasında əməkhaqlarının
artırılması ciddi amildir. Lakin biz
yalnız bununla kifayətlənməyi
düşünmürük. Qarşıdakı
illərdə universitetimizin imkanları çərçivəsində
kadrlarımızın əmək şəraitinin
yaxşılaşdırılması, onların
ixtisaslarının artırılması, sosial-mədəni və
idman-sağlamlıq ehtiyaclarının daha dolğun ödənilməsi,
mənzil təminatının
yaxşılaşdırılması kimi istiqamətlərdə
də ciddi tədbirlər həyata keçirməyi nəzərdə
tuturuq. Amma bütün bu tədbirlər həyata
keçirilərkən diferensial yanaşmanın əsas
götürülməsinin də vacib olduğunu
düşünürük. Hesab edirik ki, əməyin
stimullaşdırılmasında elə bir sistem ortaya
qoymalıyıq ki, əməkdaşlarımız universitetin
imkanlarından universitetə verdikləri faydaya adekvat
ölçüdə yararlana bilsinlər. Belə bir sistem eyni zamanda kadrlar arasında daha
sağlam rəqabət mühitinin formalaşmasına da xidmət
edəcəkdir.
- ADİU-da "SABAH" qrupları ilə bağlı
nə kimi işlər görülür?
- Biz gələcək üçün
lazım olan ən uğurlu kadr modelinin ADİU-da
hazırlanmasında maraqlıyıq. Bilirsiz ki,
"SABAH" qruplarına qəbul olunan 738 tələbədən
225 nəfəri təhsillərini davam etdirmək
üçün İqtisad Universitetini seçiblər. Bu 225 tələbəni müasir təhsilin tələblərinə
cavab verən savadlı, bacarıqlı və
hazırlıqlı kadr kimi yetişdirmək üçün
bütün gücümüzü səfərbər
etmişik. Universitetimizdə "SABAH"
qrupları üçün müasir dərs metodlarına
cavab verən 10 auditoriya yaradılıb. Bu
otaqlarda tələbələrin davamiyyəti elektron qaydada,
barmaq izi ilə aparılacaq. Auditoriyaların
girişindəki planşetlərdə dərs haqda interaktiv məlumat
əldə etmək mümkün olacaq. Tələbələr
dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdə
ölkənin ən son iqtisadi xəbərlərini daim izləyə
biləcəklər.
-
Universitetin beynəlxalq əlaqələri haqqında nə
deyə bilərsiniz?
- Universitetin beynəlxalq əlaqələri
fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Təbiidir
ki, ali təhsil sahəsində
qloballaşma prosesinin sürətlə getdiyi və dünya
ali təhsil məkanında rəqabət mübarizəsinin kəskinləşdiyi
hazırkı dövrdə beynəlxalq əlaqələrin
inkişaf etdirilməsi və bütövlükdə səmərəli
beynəlxalq əməkdaşlığın qurulması daha
mühüm əhəmiyyət kəsb edir.
Universitetin beynəlxalq əlaqələri
xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı,
beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi
tələbələrin cəlb olunmasını, müvafiq
beynəlxalq təşkilatlarla işbirliyini və digər
istiqamətləri özündə ehtiva edir.
Xarici ölkə universitetləri ilə əməkdaşlıq
tələbə və müəllim mübadiləsinin həyata
keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili
diplom proqramlarının reallaşdırılmasını,
birgə elmi konfransların və seminarların təşkilini,
qarşılıqlı faydalı təcrübə mübadiləsinin
aparılmasını nəzərdə tutur. Bu
vaxta qədər, ADİU dünyanın 32 ölkəsinin 92
universiteti ilə ikitərəfli əməkdaşlıq
müqaviləsi imzalamışdır.
Hazırda universitetimiz Almaniyanın Ziqen Universiteti
(Siegen University), Böyük Britaniyanın Uorvik Universiteti
(University of Warwick), İtaliyanın Boloniya Universiteti (University
of Bologna), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar
Universiteti (University of Business and International Studies),
İspaniyanın Malaqa Universiteti (University of Malaga), Litvanın
Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Cənubi
Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi
(Solbridge International School of Business, Woosong University), Türkiyənin
Qazi, Hacettepe və Sakarya universitetləri ilə
çoxşaxəli aktiv əməkdaşlıq edir. Hazırda ADİU tələbələri qeyd olunan tərəfdaş
universitetlərdə bir semestrlik təhsil almaq imkanından
geniş şəkildə istifadə edirlər. Sevindirci haldır ki, təhsil aldıqları
müddətdə topladıqları kreditlərin bir hissəsini
tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin
sayı sürətlə artır.
Eyni zamanda, həyata keçirilən
müəllim mübadiləsi ADİU-da tədris prosesinin təkmilləşdirilməsi
və professor-müəllim heyətinin qabaqcıl xarici
universitetlərin müsbət təcrübəsindən
faydalanması baxımından mühüm əhəmiyyət
kəsb edir. 2013/2014-cü tədris ilində
ADİU-ya "qonaq professor" statusunda gələn müəllimlər
arasında Türkiyə, Almaniya, İsveçrə,
Böyük Britaniya və Litvadan olan professorlar
üstünlük təşkil etmişdir. ADİU professorları isə daha çox Türkiyə,
Ukrayna, Litva və Rusiyada müxtəlif fənlər üzrə
mühazirə kursları oxumuşlar.
Bundan əlavə, son dövrlərdə Türkiyə
Palatalar və Birjalar Birliyinin İqtisadiyyat və Texnologiyalar
Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti,
Çinin Şanxay Universiteti, Plexanov adına Rusiya
İqtisadiyyat Universiteti, Hindistanın Menecment Texnologiyaları
İnstitutu, Macarıstanın Dunayvaros Universiteti, Birləşmiş
Ərəb Əmirliklərindəki Paris Sorbon Universiteti və
digər universitetlərlə yeni əməkdaşlıq əlaqələrinin
əsası qoyulmuşdur.
Uğurlu layihələrimizdən cari ilin aprelində
ADİU-da Ziqen Universiteti ilə birlikdə "Sahibkarlıq və
biznesin prinsipləri: Biznesin yaradılmasının əsasları"
mövzusunda keçirilmiş Yay Məktəbini (Alman professor
tərəfindən aparılan dərslərin yekununda 15
ADİU tələbəsi və 5 alman tələbə Ziqen
Universitetinin kreditlərini qazanıb) və cari ilin iyulunda
Vilnusda ADİU, Mikolas Romeris Universiteti və Ümumdünya
Ticarət Təşkilatı (ÜTT) Katibliyinin təşkilatçılığı
ilə "ÜTT-nin qlobal iqtisadiyyatda rolu" mövzusunda
keçirilmiş birgə Yay Məktəbini (10 ADİU tələbəsi
və 10 litvalı tələbə hər iki universitetin
kreditlərini qazanıb) misal göstərmək olar.
Dünya ali təhsil məkanına
inteqrasiyanın təmin olunmasının əsas istiqamətlərindən
biri olmasını nəzərə alaraq, ADİU
dünyanın qabaqcıl universitetləri ilə ikili diplom
proqramlarının yaradılmasına xüsusi əhəmiyyət
verir. Bu istiqamətdə atılmış ilk uğurlu
addım kimi, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar
Universiteti ilə "Biznesin təşkili və idarə edilməsi"
ixtisası üzrə birgə MBA proqramının
yaradılması xüsusi vurğulanmalıdır. Dərslərin hər iki universitetin professorları tərəfindən
aparıldığı proqramda hazırda ADİU-nun 14
magistrantı təhsil alır. Magistrantların
əldə etdikləri kreditlər qarşılıqlı
olaraq tanınacaq və proqramı uğurla başa vuran məzunlar
hər iki universitetin diplomunu alacaqlar.
Bundan əlavə, ADİU-nun profilinə
uyğun olaraq, beynəlxalq və regional miqyaslı iqtisadi təşkilatlarla
səmərəli əməkdaşlığın
qurulması bizim üçün prioritet əhəmiyyət kəsb
edir. Belə ki, ADİU Dünya Bankı, ÜTT, BMT-nin Ticarət
və İnkişaf üzrə Konfransı (UNCTAD),
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı,
Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı,
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti,
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi
və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
edir. ADİU-da "Dünya Bankının
İctimai-İnformasiya Mərkəzi" və "ÜTT İstinad Mərkəzi" fəaliyyət
göstərir. Universitetimiz UNCTAD-ın Virtual
İnstitutunun Azərbaycandan olan yeganə üzvüdür.
ADİU-nun tələbə və professor-müəllim
heyəti qeyd olunan təşkilatların müxtəlif
seminar, treninq və layihələrində aktiv iştirak edir.
Bundan əlavə, beynəlxalq universitet birlikləri və
assosiasiyaları ilə əməkdaşlığa
mühüm önəm verən universitetimiz Beynəlxalq
Universitetlər Assosiasiyasının (IAU), Avropa Universitetlər
Assosiasiyasının (EUA), İslam Dünyası Universitetləri
Federasiyasının (FUIW), Qafqaz Universitetlər Birliyinin (CUA) və
digər bu kimi təşkilatların üzvüdür.
Xarici ölkə universitetləri ilə ikitərəfli
əməkdaşlığın intensivləşdirilməsi,
əcnəbi tələbələrin sayının
artırılması, tələbə və professor-müəllim
heyətinin beynəlxalq təhsil və tədqiqat
proqramlarına daha aktiv cəlb olunması, universitetimizin beynəlxalq
ali təhsil məkanındakı imicinin
yüksəldilməsi və ADİU-nun dünya universitetlərinin
reytinq siyahılarına daxil edilməsi beynəlxalq əlaqələr
sahəsindəki fəaliyyətimizin əsas prioritetlərini
təşkil edir.
-
ADİU-da neçə nəfər əcnəbi tələbə
var? Onları bura cəlb edən nədir? Bu tələbələr üçün nə kimi
şərait yaradılıb?
- Universitetin beynəlxalq əlaqələr
sahəsindəki fəaliyyətində əcnəbi tələbələrin
cəlb olunması mühüm yer tutur. Universitetimizdə 4
dildə təhsil xidmətlərinin təqdim olunması
ADİU-nu iqtisadiyyat və biznes profili üzrə ali təhsil almaq istəyən əcnəbilər
üçün kifayət qədər cəlbedici edir.
2013/2014-cü tədris ilinin sonuna olan məlumata
əsasən, ADİU-da dünyanın 21 ölkəsindən
282 nəfər əcnəbi tələbə təhsil
alır. Əcnəbi tələbələrimiz
arasında Türkiyə, Gürcüstan və Rusiyadan olan tələbələr
üstünlük təşkil edir. Hazırda
Türk dünyası işlətmə, Beynəlxalq iqtisadi
münasibətlər, İnformatika və idarəetmə,
Kommersiya, Biznes inzibatçılığı və Maliyyə
fakültələrində daha çox əcnəbi tələbə
təhsil alır.
Təbii ki, ADİU-nun mövcud və
potensial imkanları əcnəbi tələbələrin
sayının əhəmiyyətli dərəcədə
artırılması üçün zəmin yaradır. Yaxın gələcəkdə
Rusiya, Türkiyə, Ukrayna, Orta Asiya, Çin, Hindistan, Pakistan
və Şimali Afrika ölkələrindən əcnəbi tələbələrin
sayının artırılmasını hədəfə
almışıq. Bu baxımdan, ingilis dillində
tədrisin, eləcə də MBA və doktorantura
proqramlarının imkanlarından daha səmərəli
istifadə etməyi düşünürük.
Hazırda əcnəbi tələbələrin
sayının artırılması, prioritet hesab edilən
ölkələrdə ADİU-nun təbliğatı
işinin daha səmərəli təşkili, əcnəbilərin
universitetimizə qəbulu prosesinin online şəkildə həyata
keçirilməsi, universitetin yataqxana imkanlarının
yaxşılaşdırılması və digər məsələləri
özündə əks etdirən kompleks tədbirlər həyata
keçirilir.
Eyni zamanda, tərəfdaş universitetlərdən
əcnəbi müəllimlərin ADİU-nun tədris prosesinə
daha çox cəlb olunmasını nəzərdə tuturuq. Bütün bunlar ADİU-nun tələbə və
müəllim kontingentində əcnəbilərin xüsusi
çəkisinin artırılmasına xidmət edəcəkdir.
Əcnəbi tələbələrin
universitetə tam inteqrasiya olunması məqsədilə
onların universitetdə keçirilən tədbirlərə
cəlb edilməsi, Bakının və regionların tarixi yerlərinə
ekskursiyaların təşkili və yarana biləcək cari
problemlərinin həlli istiqamətində lazımi tədbirləri
görürük. Təhsil aldıqları müddətdə
əcnəbi tələbələrin Azərbaycanın
iqtisadiyyatı, tarixi, mədəniyyəti, adət-ənənələri
və Qarabağ həqiqətləri ilə tanış
olmaları üçün kompleks tədbirlər həyata
keçiririk.
- Tərəfdaş
olduğunuz beynəlxalq proqramlar haqqında məlumat vermənizi
xahiş edirik.
- Universitetimizin beynəlxalq əlaqələrində
beynəlxalq proqram və layihələrdə iştirak
mühüm yer tutur. Tələbə və
professor-müəllim heyətinin müxtəlif təhsil
proqramları və layihələrindən maksimum faydalanması
üçün imkanların yaradılması bu istiqamətdəki
fəaliyyətimizin əsasını təşkil edir.
Tərəfdaş olduğumuz beynəlxalq
proqramların ən uğurlusu kimi "TEMPUS"
proqramını qeyd etmək olar. Belə
ki, ADİU IV Mərhələ 6-cı
çağırış "TEMPUS" proqramı çərçivəsində
koordinator qismində 3 müxtəlif layihə hazırlayıb
təqdim etmişdir. Sevindirici haldır ki,
ADİU-nun "Beynəlxalq əlaqələr sahəsində
universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi"
mövzusunda "TEMPUS" layihəsi Avropa Komissiyası tərəfindən
qalib elan olunmuşdur və Layihənin icrası
üçün 654.000 avro məbləğində qrant
ayrılmışdır. Bununla da ADİU
ilk dəfə olaraq "TEMPUS" proqramının qalibi
olmuşdur.
Koordinatoru ADİU olan "TEMPUS" layihəsinin 4
Avropa tərəfdaşı (Uorvik Universiteti - Böyük Britaniya,
Malaqa Universiteti - İspaniya, Santyaqo de Kompostela Universiteti -
İspaniya, Boloniya Universiteti - İtaliya), 6 regional tərəfdaşı
(Ukrayna, Qırğızıstan və Tacikistanın hər
birindən iki universitet), 4 Azərbaycan tərəfdaşı
(Bakı Dövlət Universiteti, Gəncə Dövlət
Universiteti, Naxçıvan Dövlət Universiteti və
Sumqayıt Dövlət Universiteti) və 4 tərəfdaş
dövlət qurumu (Azərbaycan, Ukrayna,
Qırğızıstan və Tacikistanın təhsil nazirlikləri)
vardır.
Layihənin əsas məqsədləri tərəfdaş
universitetlərdə optimal və çevik fəaliyyət
mexanizminə malik olan Beynəlxlaq Əlaqələr
Şöbəsinin yaradılmasından, tərəfdaş
universitetlərdə beynəlxalq təhsil mühitinin
formalaşdırılmasından, tərəfdaş ali təhsil müəssisələrinin regional
və qlobal universitetlər şəbəkəsinə qoşulmasından
və tərəfdaş universitetlərin beynəlxalq reytinq
siyahılarına daxil olmasından ibarətdir. 2013-2016-cı
illəri əhatə edən Layihə hazırda uğurla icra
olunur.
Eyni zamanda, hazırda ADİU "Xüsusi
qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə
inteqrasiyası" mövzusunda başqa bir TEMPUS layihəsində
tərəfdaş qismində iştirak edir. Qeyd
edək ki, bu layihənin koordinatoru Xəzər Universitetidir.
Tərəfdaş olduğumuz digər
beynəlxalq proqram icrasına 2013/2014-cü tədris ilində
başlanılmış Mevlanə Mübadilə
Proqramıdır. Türkiyə
Respublikasının Ali Təhsil Nazirliyi tərəfindən
maliyyələşdirilən və Türkiyə universitetləri
ilə xarici universitetlər arasında tələbə-müəllim
mübadiləsinin həyata keçirilməsini nəzərdə
tutan Proqrama ADİU aktiv şəkildə qoşulmuşdur.
Belə ki, proqramın ilk ilində ADİU-nun 11 professor
və müəllimi Türkiyənin Qazi, Hacettepe, Sakarya və
Akdeniz universitetlərində 2-6 həftə ərzində təcrübə
keçmiş, müvafiq fənlər üzrə mühazirələr
oxumuş və həmin universitetlərdə tətbiq olunan
müasir tədris metodları ilə tanış olmuşdur.
Eyni zamanda, bu proqram çərçivəsində
2013/2014-cü tədris ili ərzində Türkiyənin
Sakarya, Süleyman Dəmirəl, Çukurova və Akdeniz
universitetlərinin 11 professor və müəllimi 1-2 həftə
ərzində ADİU-da olmuş və tədris prosesində
iştirak etmişdir.
Eyni zamanda, Mevlanə Mübadilə Proqramı çərçivəsində
ADİU-nun 6 tələbəsi Türkiyənin Hacettepe və
Sakarya universitetlərində, eləcə də Türkiyənin
Süleyman Dəmirəl Universitetinin tələbəsi
ADİU-da 1 semestr təhsil almışdır.
2014/2015-ci tədris ili
üçün sözügedən proqramda iştirak edəcək
müəllim və tələbələrimizin sayının
əhəmiyyətli dərəcədə
artırılmasını düşünürük. Bu məqsədlə, Mevlanə Mübadilə
Proqramı çərçivəsində əməkdaşlıq
protokolu imzaladığımız Türkiyə universitetlərinin
sayı 27-yə çatdırılmışdır.
Məlum olduğu kimi, Avropa
Komissiyasının "TEMPUS" və "Erasmus Mundus"
proqramı təhsil, təlim, gənclər və idman üzrə
2014-2020-ci illəri əhatə edən vahid "Erasmus+"
proqramı ilə əvəz edilmişdir. Bu proqram tələbə və müəllim
mübadiləsi, birgə magistratura proqramları,
potensialın gücləndirilməsi və strateji tərəfdaşlıqlar
üçün geniş imkanlar təqdim edir. Eyni
zamanda, Avropa Komissiyasının "Horizon-2020" - Tədqiqat
və İnnovasiya üzrə Çərçivə
Proqramı da elm və tədqiqat sahələri üzrə
beynəlxalq tərəfdaşlığın inkişaf
etdirilməsinə yönəlmişdir.
ADİU-nun "Erasmus+" və
"Horizon-2020" proqramlarına aktiv şəkildə
qoşulması və tələbə və müəllimlərimizin
hər iki proqramın təklif etdiyi imkanlardan maksimum
faydalanması üçün lazımi tədbirləri həyata
keçiririk.
Bundan başqa, British Council, Alman Akademik Mübadilə
Xidməti, Bakıda fəaliyyət göstərən
diplomatik korpus tərəfindən təqdim edilən və
mövcud olan digər beynəlxalq proqram və layihələrdə
iştirak səviyyəmizin davamlı şəkildə
artırılmasını nəzərdə tuturuq.
-
Respublikada ilk dəfə olaraq ADİU-da "Tələbə-rektor"
layihəsi həyata keçirilir. Layihənin
keçirilməsində məqsəd nədən ibarətdir?
- Bu layihəyə aprel ayından start vermişik. Bir gün ərzində səsvermə yolu ilə
seçilən "Tələbə-rektor" mənimlə
birgə rektorun fəaliyyətini icra edir. Layihənin
məqsədi şəffaf və səmərəli idarəetmə
mexanizmlərinin yaradılması, universitetdə tələbə
özünüidarəetmə sisteminin təşkili, tələbələrdə
idarəetmə bacarıqlarının inkişafı, yeni
demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır.
Ötən il bu layihəni ayda bir dəfə
həyata keçirərək bir günlük "Tələbə-rektor"
seçirdik. Layihənin böyük müsbət nəticələrini
nəzərə alaraq "Tələbə-rektor"un institusiallaşdırılması qərara
alınıb.
Azərbaycan müəllimi.- 2014.- 19 sentyabr.- S.5.